Heykəli Koroğluya qoyurlar, nərə çəkənsə korrupsiyadır

Bakıda Koroğluya heykəl ucaldıldı. Çox yaxşı. Amma tarix bu təzadı necə qəbul edəcək, bilmirəm?! Koroğlu xalq adamı olub, xalqı əzən paşalara qarşı vuruşub, oliqarx tacirləri yağmalayıb, yağmaladığı mal-mülkü qara camaata paylayıb. Bəs Ilham Əliyev nə əcəb bu adama heykəl qoyub? Düzdür, Koroğlu xalqın azadlığının simvolu Məmməd Əmin, yaxud xalq hərəkatının liderlərindən olan Elçibəy kimi siyasi sima deyil, amma o da haqsızlığa qarşı olub. 

Koroğlu indiki dövrdə yaşasaydı, bu hakimiyyətin əleyhinə, onun paşalarına qarşı çıxardı. Mübarizə aparardı, qara camaatın mülkünün yağmalanmasına dözməzdi, etiraz edərdi, bizim dövrün oliqarx tacirlərini pis vəziyyətdə qoymağa çalışardı. Amma indi xalqı soyan bu adamlar Koroğluya heykəl qoyurlar. Başqa sözlə, Koroğlunun döyüşdüyü adamlar ona heykəl ucaldırlar. Mən elə bu təzadı deyirəm.
Amma məhz bu hakimiyyət Koroğluya heykəl ucaldanda o, əlində dubinka tutub xalqı döyən polis komandirinə oxşayır. Koroğlu isə bunu istəməzdi. Əvəzində, Koroğlu Göyçay Mərkəzi xəstəxanasının bir ildə 269 873 manata dəftərxana ləvazimatı aldığını eşidib nərə çəkərdi.
Göyçayda kağız yeyən xəstələr
AzadlıqRadiosunun əməkdaşı Nüşabə Fətullayeva çox sadə və maraqlı bir araşdırma aparıb. Satınalmalar üzrə Dövlət Agentliyinin büdcə təşkilatlarının 2011-ci ildə elan etdikləri tenderləri barədə məlumatlarını analiz edib və çox böyük mətləblərdən, açığı, böyük oğurluqlardan xəbər verən təzadları ortaya çıxarıb.
Bu necə olur? Dəftərxana ləvazimatları almaq üçün Xarici Işlər Nazirliyi 26 min, Təhsil Nazirliyi 3.2 milyon manat xərcləyib. Təhsil Nazirliyi daha böyük qurumdur, amma onlar müəllimlərə və şagirdlərə dəftərxana ləvazimatı paylamır ki? Öz işçilərinin fəaliyyəti üçün alır bu ləvazimatları. Bu qədər də fərq olmaz axı.
Yaxşı, bunu da anladıq. Bəs onda necə olur ki, Səhiyyə Nazirliyi il ərsində 36 440 manatlıq, təkcə Göyçay rayon Mərkəzi Xəstəxanası isə 269 873 manatlıq – bundan azı 7 dəfə çox dəftərxana ləvazimatı alır? Bu nə qaydadır? Məgər Göyçay xəstəxanası xəstələrə dərman əvəzinə kağız verir?
Bu oğru hakimiyyətin adamları bizə həmişə irad tutur ki, faktla danışın. Faktın da Koroğlu kimi YAP-çıların ucaltdığı heykəli olmur ki. Bu da siz fakt. Həmkarımız müəyyən edib ki, Sumqayıt Dövlət Universiteti dəftərxana xərclərinə digər ali məktəblərdən bir neçə dəfə artıq pul xərcləyib. Bəs niyə 7 min tələbənin təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universiteti bu məqsədlə 49678 manat xərclədiyi halda, tələbələrinin sayı bundan iki dəfə az olan Sumqayıt Dövlət Universiteti 201 722 manat xərcləyib. Yəni, 5 dəfə çox. Bəlkə Sumqayıtda kağız qızıl qiymətinədir, yoxsa Çindən gətirilən qələmlər 5 qat bahadır?
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi isə 120 000 manat xərcləyib dəftərxana əşyalarına. Yuxarıda xatırlatdıq – bu da Səhiyyə Nazirliyinin eyni təyinatlı xərclərindən (36 440 manat), azı 3 dəfə çoxdur. Dəftərxana fəaliyyətinin insanın gözünü zəiflətdiyini bilirdik, amma sağaltdığını indi öyrənirik. Bəyəm korrupsiyanın elmi möcüzələri də varmış?!
…Ümumiyyətlə, YAP-çılar Koroğluya heykəl qoysalar da, korrupsiyaya daha böyük abidə tikirlər. Indi bizim ölkədə Koroğlu yox, məhz korrupsiya nərə çəkir.