Hakimiyyət Türkiyəni bilərəkdən incidir?

Mehriban Vəzir: «Hakimiyyətin sözü ilə əməli heç vaxt üst-üstə düşməyib»

Azərbaycan hakimiyyətinin Türkiyəni ayağa qaldıran məlum “soyqırım layihəsi” ilə bağlı mövqeyinin nə dərəcədə qeyri-səmimi olduğu günbəgün bir az daha ortaya çıxır. Rəsmilərin dildə Türkiyə ilə həmrəylik nümayiş etdirib, əməldə Fransa ilə inkişafda olan münasibətlərdən dəm vurmasından ötən saylarımızda bəhs etmişdik.
Qısaca xatırladaq ki, bu ilin yanvarında Fransa Senatında layihənin qəbulu ilə bağlı qızğın müzakirələrin getdiyi, Türkiyənin Fransa ilə bütün əlaqələri kəsəcəyini bəyan edəndə Azərbaycan tərəfi dildə bir, əməldə isə başqa şeylə məşğul imiş. Fransanı tənqid etmək üçün sıraya düzülən Azərbaycan rəsmiləri elə eyni ərəfədə Fransada xüsusi buraxılış hazırlatdırmışdılar. Həmin buraxılışda da Fransanın ünvanına təriflər yer alırdı. Bugünlərdə isə bəlli olub ki, martın 10-dan mayın 6-na qədər – yəni təxminən 2 ay Azərbaycanda Fransa incəsənətinin nümunələri nümayiş etdiriləcək. Belə ki, Incəsənət Muzeyində Fransanın aparıcı muzey və sərgi salonlarında saxlanılan çox sayda eksponat təqdim olunacaq. Ümumilikdə rəssamlıq, heykəltəraşlıq incəsənəti, qrafik əsərlərdən, qobelen, zinət əşyaları, fotoşəkillərdən ibarət 200 eksponat təqdim olunacaq. Yeri gəlmişkən, sərgi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək. Təbii ki, Azərbaycanda hər hansı ölkənin, eləcə də Fransanın mədəniyyətinin təbliğinə heç kim qarşı çıxmır. Amma məsələ ondadır ki, ən azı, indiki mərhələdə – “soyqırım layihəsinin” aqibətinin qeyri-müəyyən olduğu bir vaxtda bu cür məsələlərə diqqətlə yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, layihənin taleyi yaxın vaxtlarda – Fransanın Konstitusiya Şurasının qərarından sonra məlum olacaq. Ən azı, bu problem həllini tapana qədər Azərbaycan hakimiyyəti Fransa məsələsində Türkiyəni incitməməyə çalışmalıdır.
Tanınmış publisist Mehriban Vəzir hesab edir ki, Azərbaycan hakimiyyətinin bu mövqeyinə təəccüb etməyə dəyməz. Çünki bu, ilk belə hal deyil: “Hakimiyyətin dediyi ilə əməli üst-üstə düşmür. Istər bu məsələdə, istər ümumilikdə Türkiyəyə münasibətdə mövqe birmənalı olmayıb. Biz neçə ildir hakimiyyəti belə görmüşük. Həm daxili, həm xarici siyasətdə bir şeyi deyirlər, başqa şeyi eləyirlər. Onagörə də sadə vətəndaş üçün hakimiyyətin nə etmək istədiyi aydın deyil. Türkiyəyə münasibətdə yol verilən bu qeyri-səmimi münasibət də çox təəssüf doğurur”.