Hotanda xüsusi əməliyyat: 200 məscid bağlandı, 129 nəfər həbs olundu
Şərq Türküstanda uyğurlara yönəlik Çin hökumətinin təzyiqləri davam edir. Hotan şəhərinin regional hakimiyyəti bu ilin martında keçiriləcək milli parlament toplantıları öncəsi təhlükəsizlik tədbirlərini bəhanə göstərərək yeni xüsusi “təhlükəsizlik” əməliyyatlarına start verib. Hotanda şəhərinin xüsusi təyinatlı qüvvələri 129 uyğur müsəlmanı “qeyri-qanuni dini fəaliyyətlə məşğul olmaq” ittihamıyla həbs edib. Uyğur türklərinin kompakt yaşadığı və Çin hökumətinə yönəlik etirazların mərkəzi hesab edilən Hotan şəhərində ən az 200 məscid regional hakimiyyətin qərarıyla bağlanıb.
Mərkəzi qərargahı Almaniyanın Münhen şəhərində yerləşən Dünya Uyğur Konqresinin (DUK) sədri Dilşad Rəşid bildirib ki, çinli rəsmiləri bölgədəki dini azadlığa qarşı misli görülməmiş basqı və məhdudiyyət kampaniyasına başladıb. Dilşad Rəşidin sözlərinə görə, təxminən 3 min nəfər uygur türkü də dini ibadətlərini yerinə yetirməsi səbəbiylə pul cəzalarına məruz qalıb. DUK sədri təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan uyğurların rəsmi dairələrin açıqladığı kimi 129 yox, təxminən 1400 nəfər olduğunu deyib. Dilşad Rəşid həbs edilənlər arasında 14 yaşlı uşaqlar ilə 76 yaşlı qocalarında olduğunu, gənclərin “icazəsiz dini yığıncaqlara” qatıldıqları üçün cəzalandırıldığını söyləyib. Uyğurların sözçüsü gənclərin tək günahının Quran təhsili almaq istəyinin olduğunu bildirib.
Bölgənin çinli səlahiyyətliləri rəsmi icazə verilməyən yerlərdə “Quran-i Kərim” təhsilini “qeyri-qanuni dini fəaliyyət” olaraq xarakterizə edir və cəzalandırır. Hotan bələdiyyəsinin saytında yayımlanan hesabatda uyğur müsəlmanlara yönəlik əməliyyatlar “sabitlik” tədbirlərinin bir hissəsi və “xarici ünsürlərə” qarşı mübarizə kimi dəyərləndirilib. Rəsmi açıqlamaya görə, 214 “qeyri-qanuni” yerdə 1478 adamın dini fəaliyyətlərə qatıldığı təsbit edilib. 1498 Uyğur isə ənənəvi müsəlman paltarı geydikləri üçün cəzalandırılıb.
İnformasiya şöbəsi


