Burada üfüqlər sakitdir…

Bir polemika da belə ötüşdü. Onun yozumu və açılışı bir neçə aya bilinəcək.

Indi isə sakitlikdir. Necə deyərlər, burada üfüqlər sakitdir. Elə müxalifətin öz cərgəsində də bir neçə mətləbə bu yaxın günlərdə aydınlıq gəlməlidir. Bizim tələsməyimizlə heç nə həll olunmur, hadisələrin öz sürəti var, bəzən onların sürətini üstələməyə cəhd etmək əks nəticə verir.
Mən elə bilirdim ki, ölkədə rasional məntiq hələ də gücünü saxlayır. Bəzən bunun əksini görürsən. Biz öz ambisiyalarımzla onsuz da qəliz situasiyanı bir az da qəlizləşdiririk. Daha izafi sözə ehtiyac yoxdur, onsuz da hamı nədən söhbət getdiyini anlayır. Bu heç Ezop dili də deyil, adi danışıq dilidir – onu hamı bilir…
Amma mənim anlamadığım məqamlar da var. Söhbət nədən gedir?
Əbdürrəhman Vəzirovun və Ayaz Mütəllibovun vaxtında biz bir cür idik; Heydər Əliyev gəldi, dönüb başqa cür olduq; Ilham Əliyevin vaxtında isə tamam fərqli “formaya” düşdük.
Mən bunları qəsdən belə sıraladım. Indi bu sıraya baxıram. Ən çətin dövr hansı idi? Mənə elə gəlir ki, bu, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov dövrü idi, çünki o vaxt biz böyük bir imperiya ilə üz-üzə idik. Amma bizim ən zəif vaxtımız bu dövrə – Ilham Əliyevin dövrünə təsadüf edir. Nədən belə oldu? Təəssüf, bu suala özüm dediyim kimi, rasional cavab tapa bilmirəm.
Rusiyada vəziyyət aydındı və oralar məni o qədər də qayğılandırmır, heç təəccübləndirmir də! Putin dövrü Rusiyanın ən avtoritar dövrü olub. Təbii ki, mən son iyirmi ili nəzərdə tuturam. Ona görə də müxalifətin əks reaksiyası zəifdir. Azərbaycanda niyə belə oldu? Bax, mən buna cavab verməyə çətinlik çəkirəm. Doğrudanmı, bu hakimiyyət son iyirmi ildə ölkədə ən güclü və sərt hakimiyyətdir? Mən buna bir qədər şübhə ilə yanaşıram. Mənə elə gəlir ki, burada məsələ bir az başqa cürdür.
Yəqin kompüterlə şahmat oynamısınız. Şahmat oynayarkən özünüz üçün əlverişli səviyyə seçirsiniz və bu səviyyəyə uyğun oynayırsınız. Mənim zənnimcə, bizim “oyun” da bu məntiqə yaxındır – şahmat oyunu kimi bunun da məntiqi odur ki, kompüter bizim səviyyəyə uyğun hala gətirilir. Indi bizlər özümüzü kompüterin “yerinə qoysaq”, çox şey aydın olar. Bəlkə də məsələ mən təsvir etdiyimdən qəlizdir. Ola bilər. Lakin başqa cür indiki süstlüyü və statikliyi izah etmək çətindir.
Mən bu sualın üstündən sovuşub ötə bilərdim. Amma məsələ burasındadır ki, o, nə vaxtdır, məni narahat edir. Mən hələ də onu, istədiyim kimi və aydın formada yaza bilmirəm. Ona görə də bir qədər mücərrəd forma, üslub seçməli oldum. Güman edirəm ki, problem bu deyil. Odur ki, toxunduğum o məsələyə aydınlıq gətirə bilmirəm. Günah məndə də deyil, biz yalnız real və mövcud çərçivələr hüdudunda özümüzü, fikrimizi ifadə edə bilərik.
Təbii ki, başqa səbəblər də var, onları da qeyd etmək olar. 2003-cü ildən indiyədək bir neçə ciddi hadisə baş verib ki, onların da hər biri etiraz edən insanları necə var, ehtiyatlı olmağa, lap açığı, özünü qorumağa sövq etmək iqtidarındadı. O hadisələr çoxuna bəlli olduğundan mən izafi izahata getməyəcəm və burada da sözümün bu hissəsinə nöqtə qoyacam.
Islah olunmaq nə deməkdir?
Indidən bilirəm ki, siyasi məhbusların azad edilməsi arxaik şərtlə müşayiət olunacaq. Bəli, deyəcəklər ki, bu insanlar islah olunmur! Bir vaxtlar mətbuat adamlarının əfv edilməməsini bu arqumentlə əsaslandırmağa cəhd edirdilər və tez-tez bunu “əsas” kimi gətirirdilər. Lakin islah olunmaq cinayət əməli törətmiş insanlara aiddir – mən bu haqda bir neçə dəfə yazmışam. Bəlkə biz də bəzi dövlətlərin “praktika”sına müraciət edək. Tutaq, kiməsə jurnalistika ilə məşğul olmağı, kiməsə siyasi fəaliyyətdə olmağı, başqa birisinə oxumağı və kino çəkməyi yasaq edək! Məsələn, Iranda belə edirlər. Əslində, hakimiyyəti daha çox belə vəziyyət qane edərdi və onlar əfv etdikləri insanlardan məhz bunu umurlar, sadəcə, onu dilə gətirə bilmirlər. Mədəni dildə bu, o deməkdir ki, siz öz hüquqlarınızın bir hissəsindən hakimiyyətin xeyrinə imtina edin və yerinizdə farağat oturun! Tələb budur… Amma onunla razılaşmaq olarmı?
Elə ona görə də insanlar ikinci yolu – məhbəs və məşəqqət yolunu seçirlər!