Azərbaycan bankları çirkli pulların yuyulması ilə məşğuldur
Xəbər verildiyi kimi, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı oliqarx-məmurların və onların bizneslərini yönətən şəxslərin korrupsiya yolu ilə topladıqları çirkli pulları “yumaq” üçün fəaliyyət göstərən dəstəni ifşa edib.
“Rosbalt” agentliyi bu qruplaşmanın işi üzrə başa çatan məhkəmə prosesinin materiallarına əsasən şəbəkənin fəaliyyətinə dair şok məlumatları yayıb. Həmin məlumatlara görə, Moskvanın Savelyev rayon məhkəməsində “Ticarət-Tikinti Bankı”nın iki əməkdaşı və bir qrup Azərbaycan vətəndaşı qanunsuz yollarla çirkli pulları nağdlaşdırmaq və digər ittihamlar üzrə təqsirli biliniblər. Bəlli olub ki, qruplaşma üzvləri iki il ərzində hər həftə Bakı aeroportundan Bakı-Moskva aviareysi ilə kisələrə doldurulmuş vəziyyətdə 22-25 milyon dollar arası nağd pul daşıyıblar. Pullar Azərbaycan və Türkiyədən olan zənginlərə məxsus olub, çirkli pulların yuyulmasını həyata keçirənlər özlərini ərəb şeyxlərinin adamları kimi təqdim ediblər.
“Yeni Müsavat” qəzeti də bu istiqamətdə araşdırmalarını davam etdirərək maraqlı faktlar əldə edib. Araşdırmalar zamanı bəlli olub ki, Azərbaycandan qanunsuz pul köçürmələrində və digər əməliyyatlarda bir neçə yerli bankın və bir sıra orta və iri ranqlı məmurların da adları hallanır. Əsas adı hallanan banklar “Zamin Bank”, “Royal Bank”və “Muğan Bank”dır. Bildirilir ki, “Muğan Bank”ın əsas işi Vergilər Nazirliyinin qeyri-şəffaf əməliyyatlarının icrasında yer almaqdır. Vergi maxinasiyaları bankın müdiri Bakıxan Mürsəlov olduğu “Mərkəz” filialı vasitəsilə həyata keçirilir. Bu filiala vergilər nazirinin birinci müavini Natiq Əmirovun nəzarət etdiyi söylənilir.
“Muğan Bank”ın sahibi, Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev olsa da, bankı Elmir adlı şəxs idarə edir.
Azərbaycanın gömrük sistemindəki qeyri-leqal gəlirlər əsas etibarı ilə “Royal Bank” vasitəsilə “yuyulur”. Gömrük Komitəsindəki qeyri-şəffaf proseslər, idxal və ixracdan əldə olunan gəlirlər “Royal Bank”ın “VIP” filialı üzərindən “yuyulur”. Bu işlərin başında isə “Broker” MMC-nin sədri Əbülfəz Qasımov dayanır.
“Zamin Bank”a gəlincə, məlumatlara görə, bu bank vasitəsilə hər gün 10 milyonlarla pul Bakıdan MDB ölkələrinə, həmçinin Türkiyəyə və Dubaya daşınır. Iddialara görə “Zamin Bank” vasitəsilə Azərbaycandan hər gün qaçaq yollarla ən azı 50 milyon dollar nağd vəsait xaricə aparılır.
“Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, “Royal Bank” təkcə gömrük sistemindəki qeyri-leqal gəlirləri “yumaq”la məşğul deyil. Bu bank hətta sərhədləri aşaraq Irandakı çirkli pulların “yuyulmasında” da iştirakçı olub. Bildirilir ki, bir müddət əvvəl “Royal Bank” 100 min kart istehsal edib ki, bu kartlar Iran vətəndaşlarına verilib. Bundan narahat olan Qərb ölkələri dərhal Azərbaycan hakimiyyətindən izahat istəyiblər. Ilham Əliyevin tapşırığı ilə məsələnin araşdırılması Milli Təhlükəsizlik Nazirliyinə tapşırılıb. MTN-in apardığı araşdırmalar nəticəsində ortaya bir sıra ilginc faktlar üzə çıxıb. Bəlli olub ki, “Royal Bank” Irandakı çirkli pulların yulmasında əsas vasitədir. Digər tərəfdən bu banka aidiyyəti olan Iran vətəndaşı Əli adlı şəxs qaranlıq işlərlə məşğuldur. Lakin MTN araşdırmaları məntiqi sonluqla yekunlaşdıra bilməyib. Çünki aydın olub ki, “Royal Bank” Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə bağlıdır. Hələlik bu məsələ qeyri-müəyyən qalıb.
Bütün bu faktlar Mərkəzi Bankın Elman Rüstəmovun yerində olmadığını göstərir. Hər halda baş verənlərdə onun məsuliyyət payı daha çoxdur. Çünki baş bankir kimi bank sektoruna faktiki olaraq nəzarəti itirib.