Rahim Hacıyev: «Azərbaycanda doğrudan da bazar iqtisadiyyatı olsaydı, qanunlar işləsəydi, o zaman başqa ölkələrin bizə böyük yatırımları ola bilərdi»
Azərbaycan hakimiyyətinin yürütdüyü yanlış siyasət özünü iqtisadiyyatda da göstərir. Azərbaycana xaricdən investisiyanın cəlb olunması ilə bağlı ciddi problemlərin yaşandığı heç kimə sirr deyil. Məsələn, qardaş Türkiyəyə cəlb olunan investisiyanın böyük bir qismi Iranın payına düşür. Bir il əvvəl Türkiyədə yaradılan Iran investisiyalı şirkətlərin sayı 418 olubsa, 2011-ci ildə bu göstərici 41% artaraq 590-a çatıb. Bununla da Türkiyədə fəaliyyət göstərən Iran investisiyalı şirkətlərin sayı 2 140-a çatıb.
Amma bütün bunların fonunda Azərbaycan nəinki Qərblə, Iranla da normal iqtisadi əlaqələr qurmağa meylli görsənmir.
Siyasi ekspert Rahim Hacıyevin sözlərinə görə, Azərbaycan hakimiyyətinin iqtisadi inkişafdan danışmasına baxmayaraq, real mənzərə heç də bəyanatda deyildiyi kimi deyil. Azərbaycanda yalnız neft sektorunun inkişaf etdiyini deyən R.Hacıyev vurğuladı ki, həmin sahə də xaricilərin investisiyaları hesabına inkişaf edib. Azərbaycanda iqtisadiyyatın bərbad halda olduğunu söyləyən R.Hacıyev bildirdi ki, bunun da başlıca səbəbi hakimiyyətdə olan ailənin Azərbaycana öz şəxsi təsərrüfatı kimi baxmasıdır: “Azərbaycanda neftdən kənar sahənin inkişafı üçün heç bir ciddi addımlar atılmır. Bu addımlar nədən ibarət ola bilər? Ilk növbədə qanunvericilik sahəsində ciddi islahatlar aparılmalıdır. Öncə əlverişli investisiya mühiti yaradılmalıdır. Bu, əlbəttə, eyni zamanda mülkiyyət azadlığının qorunmasını, korrupsiya və inhisarın aradan qaldırılmasını, müstəqil məhkəmə sisteminin olmasını tələb edir. Yalnız bu halda investisiyalar gələ və ölkədə neftdən kənar sahələr inkişaf edə bilər. Amma Azərbaycan hakimiyyəti ölkəyə xarici investisiyaların gəlməsinə imkan vermir. Məqsəd ölkəni bütünlüklə öz inhisarında saxlamaq və daha çox varlanmaqdır. Azərbaycanda doğrudan da bazar iqtisadiyyatı olsaydı, qanunlar işləsəydi, o zaman başqa ölkələrin dövlətimizə böyük yatırımları ola bilərdi”.
Vaxtilə Azərbaycana 770 milyon dollar investisiya qoymaq istəyən tanınmış “Simens”dən rüşvətin istənilməsi nəticəsində şirkətin Azərbaycana gəlməkdən imtina etdiyini deyən R.Hacıyev vurğuladı ki, Azərbaycan kondisioner zavodunu yenidən işə salmağa çalışan koreyalılar da eyni münasibətlə üzləşmişdi: “Avropa Birliyi Azərbaycanla sıx iqtisadi əməkdaşlıq etmək niyyətindədir. Bu, Azərbaycanda ilk növbədə kiçik və orta biznesin inkişafına yardımçı ola bilər. Avropa Birliyindən təqdim olunan imkanlardan Gürcüstan və Ermənistan geniş istifadə edir. Bu ölkələrin malları Avropa bazarlarına heç bir maneə olmadan çıxır. Digər tərəfdən, 2004-cü ildən başlayaraq Dünya Ticarət Təşkilatı ilə Azərbaycan arasında danışıqlar gedir. Bu təşkilata üzvlük isə inhisarı, korrupsiyanı aradan qaldıra bilər. Bütün bunlar hakimiyyətin maraqlarına zidd olduğundan təşkilata üzvlüyü iqtidar milli maraqlarla izah edir”.
R.Hacıyev bildirdi ki, o zaman Azərbaycan hakimiyyətinin məntiqindən belə çıxır ki, DTT-yə üzv olan başqa dövlətlər öz milli maraqları barəsində düşünmürlər. R.Hacıyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti ölkəyə investisiyaların gəlməsi üçün şərait yaratmadığından ölkəmiz əlverişli iqtisadi imkanlardan məhrum olur.
Xəyal


