Avropaya çatmaq və onu keçmək

Üzümüz Avropayadır. Bu gün hakimiyyətdə olanlar Qərbi söyüb-yamanlasalar da onlar hər şeyi Avropanın arşını ilə ölçürlər. “Suveren demokratiya”nın memarı olan kommunist-yapçı Ramiz Mehdiyev də, Ilham Əliyev də ən azı bütün yaşayışlarını Avropa üslubunda qurublar. Lap sadəsini götürək. Onların heç bir malikanəsində “aziatiski” unitaz görməzsən, hamısında “yevropeyski”dir. Dövlət başçısının nə vaxtsa Ağcaqum çölünə gəzməyə, Sırdərya sahilində dincəlməyə getdiyini eşitmisinizmi? Eşitməmisiz. Amma o, hər il sammit adıyla Davosa xizək sürməyə gedir. Bəzən də Davosdan qabaq “Qarabağ problemini həll etmək” adıyla Soçiyə istirahətə yollanır.

Bunlar Avropanın demokratiyasından başqa hər şeyini qəbul edirlər. Hətta mavilərlə bağlı qanun da qəbul ediblər. Avropa Azərbaycanda insan haqlarının, hüquqsuzluğunun, söz azadlığının vəziyyəti ilə bağlı bəyanat, hesabat yollayanda başlayırlar söyməyə. Avropanı ədalətsizlikdə, ikili standart yeritməkdə, ermənipərəstlikdə ittiham etməyə. Amma Avropa “Eurovision” yarışmasında Azərbaycanı qalib edəndə nə ikili standart, nə də ermənipərəstlik yada düşdü.
Indi bəh-bəhlə bu yarışmaya hazırlaşırlar. Bu hazırlıqları Azərbaycan vətəndaşının başında qoz sındırmaqla həyata keçirirlər. Büdcənin milyonlarla vəsaitini bir neçə günlük musiqi yarışmasına qurban vermək planı tam gücüylə işləyir. Korrupsiyanın miqyası bu aylarda görünməmiş həddə çatacaq. Baxmayaraq ki, ötən il “korrupsiya ilə mübarizə ili” kimi tarixə düşdü.
Yeri gəlmişkən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev korrupsioner rejimin agentliyinə müsahibəsində apardıqları bu mübarizədən danışıb. Sən demə, bir illik mübarizədə xeyli uğurlara imza atmışıq. Jurnalistin “Deyə bilərsinizmi, nə qədər vaxtdan sonra Azərbaycanda korrupsiyanın səviyyəsi Avropadakı, ən azı Şərqi Avropa ölkələrindəki həddə düşəcək” sualına Kamran Əliyevin cavabının dünyanı heyrətə gətirən hissəsinə siz də diqqət yetirin: “Düşünürəm ki, biz bəzi məsələlərdə Avropa ölkələrinə çatmışıq, hətta onları keçmişik də”. Bəzi məsələlər deyəndə hörmətli Kamran müəllimin nəyi nəzərdə tutduğu anlaşılmır, təssüf ki, jurnalist də “bəzi məsələlər”in dalına düşməyib, sakitcə üstündən keçib. Hamını intizarda qoyub. Korrupsiya ilə mübarizədə açıq görünür ki, bizim mübarizəmiz başqalarından fərqlənir. Bunu hətta korrupsiya ilə mübarizənin “Azərbaycan modeli” də adlandırmaq olar. Keçək korrupsiyanın açmasına. Bilməyənlər üçün bir daha xatırladaq: “Korrupsiya – dövlət qulluqçularının elə bir hərəkət tərzidir ki, bu zaman həmin qulluqçular qanunun və mənəviyyat normalarının ziddinə olaraq varlanırlar və yaxud onlara verilmiş hakimiyyətdən sui-istifadə edərək yaxın adamlarının varlanmasına şərait yaradırlar”.
Varmı Azərbaycanda belə dövlət qulluqçuları? Demək çətindir. Ramiz Mehdiyevin oğlu Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərovun oğlu Fuad Ələsgərov Prezident Administrasiyasında şöbə müdiri, onun qardaşı Fəxri Ələsgərov prokuror, Ziya Məmmədovun oğlu “ZQAN” holdinqin sahibi, baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlu Aydın Abbasov deputat, baş nazirin başqa bir müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubov bir müddət Xarici Işlər Nazirliyində işlədi, indi Avropa Ittifaqında səfirimizdir.
Daxili işlər naziri Ramil Usubovun oğlu atasının yolunu davam etdirir, polis orqanlarında vəzifə tutur. Siyahını uzatmağa gərək yox.
Görəsən, bu təyinatları vəzifə səlahiyyətlərindən sui-istifadə saymaq olarmı? Sayılmırsa, Avropanı arxada qoymağımız şəksizdir…