Bundestaqın işçi qrupu Ermənistanı işğalçı adlandırdı; Türkiyəni dəstəkləməyin vacibliyi vurğulandı
Almaniya Azərbaycan hakimiyyətinə növbəti zərbəni vurdu. Bu dəfə demokratiya tələb etmədi, heç korrupsiya ilə bağlı ittihamlar da səslənmədi. Almaniya Qarabağ məsələsində Azərbaycanın rəsmi mövqeyini açıq dəstəklədi və hökuməti çətinə salan təkliflər verdi. Biz bu yazıda “çətinə salmağın” nədən ibarət olduğunu, məsələnin xırdalıqlarını şərh edəcəyik. Amma əvvəlcə Berlinin bu addımının mahiyyətinə nəzər yetirək.
Almaniya ardıcıl olaraq, Azərbaycan hakimiyyətini demokratik mühit yaratmağa meylli olmamaqda, siyasi baxışlarına görə insanları həbsdə saxlamaqda ittiham edirdi. Bütün bu ittihamlar ölkədə keçirilməsi gözlənilən “Eurovision” musiqi yarışmasının fonunda təqdim olunur və azad olmayan ölkədə azad nəğmə yarışmasının absurdluğu qeyd olunurdu.
Azərbaycan hakimiyyəti isə təbii ki, ənənəvi yollarla cavab verir və bu müsabiqəni nə cür olursa-olsun, tənqid edənləri ermənipərəstlikdə ittiham edir. Almaniya ikinci zərbəni məhz hakimiyyətin qalxanına vurdu və onun “müdafiə silahını” əlindən aldı – Ermənistanı Azərbaycan torpaqlarını işğal altında saxlamaqda ittiham etdi, BMT-nin məlum qətnamələrini xatırlatdı və bildirdi ki, Almaniya Azərbaycanın ərazi bütövlüyü məsələsində ilkin mövqeyində qalır.
Bu, rəsmi Bakıya rəsmən zərbə idi. Ermənistanın işğalçı kimi təsbit olunmasını ayrıca bir Avropa dövləti kimi, ilk dəfə Almaniya etdi. Bu isə əvvəlki tənqidlərin ermənipərəstliklə heç bir əlaqəsinin olmadığını, əksinə, Azərbaycan hakimiyyətinin “vətənpərvərlik” maskası altında gizləndiyini göstərdi.
Enerji məsələsi aktualdır, amma…
Bir müddət əvvəl Almaniyanı “NABUCCO”da təmsil edən şirkət artıq bu layihənin perspektivinə inanmadığını və alternativ layihələr axtardığını bəyan etmişdi. Bu açıqlama hər hansı rəsmi addıma çevrilməsə də, diqqəti çəkən hadisə idi.
Göründüyü kimi, Almaniya Bundestaqının Azərbaycanı mühüm enerji tərəfdaşı kimi göstərməsi də yaddan çıxmayıb. Bu isə o deməkdir ki, ölkədəki demokratik vəziyyət əməkdaşlıq üçün riskləri artırsa da, Azərbaycan hələ də perspektivli tərəfdaş kimi qalır. Bu potensialı reallaşdırmaq üçünsə, ən yaxşı addım Azərbaycanda risk yaradan amilləri sıradan çıxarmaqdır. Buna görə də hakimiyyətin yaratdığı riskləri nəzərə alaraq, Azərbaycanı bir tərəfdaş kimi ikinci plana keçirmək düşünülmür. Sənəddən də görünür ki, məsələ risk yaradan amilləri, problemləri həll etməkdir. Bu mənada Azərbaycanı hakimiyyətin mahiyyətinə qurban vermək nəzərdə tutulmayıb.
Fransa Minsk Qrupundan gedirmi?
Ilk dəfə Avropa Birliyindən gələn təklif sonradan arxa plana keçmişdi. Söhbət Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunda Fransanı Avropa Ittifaqının əvəz etməsindən gedirdi. Almaniya bu məsələni gündəmə gətirməklə eyni zamanda, Avropanı Qarabağ məsələsində daha fəal olmağa çağırır. Rusiya ilə bağlı məqamlar da təsdiq edir ki, Berlin münaqişənin real həlli üçün çabalar sərf etmək əzmindədir. “Rusiyanı status-kvonu qorumağa deyil, münaqişənin həllində yardımçı olmağa çağırmaq” artıq hər şeyi deyir.
Digər tərəfdən, Almaniya Fransanın bir vasitəçi kimi tərəfsiz fəaliyyət göstərə bilməyəcəyini də anlamamış deyil. Bu təkliflə Azərbaycanda da bir sıra siyasi liderlər çıxış etmişdilər.
Türkiyəni dəstəkləmək planı
Daha maraqlı məqam odur ki, Almaniya Bundestaqının Işçi Qrupu Türkiyə-Ermənistan münasibətlərini yenidən yumşaltmağa çalışmağın, Ermənistan sərhədlərinin Rusiya qoşunları tərəfindən qorunması məsələsini aradan qaldırmaq üçün şəraitin formalaşdırılmasının vacibliyini bəyan edir. Eyni zamanda, bu mövqe regionda Rusiyanın təsirlərini azaltmağı nəzərdə tutur. Azərbaycan hökumətinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına göstərdiyi müqavimətin isə hansı məqsədə qulluq etdiyi bir daha göründü.
Türkiyənin Qarabağ məsələsinin həllində tutduğu pozitiv mövqenin dəstəklənməsi isə Fransa və Rusiyanın Türkiyəni regionda sıxışdırmaq cəhdlərinə bir daha tutarlı cavabdır. Hesab etmək olar ki, bu həm də Ermənistanla münasibətləri gözdən keçirmək üçün Türkiyə dövlətinə bir şansdır. Yəni, Ankara Irəvanla konstruktiv təmasları davam etdirməklə Rusiyanı və Fransanı ifşa etmək imkanları əldə edib. Bir halda ki, bu addımlara Avropadan və ABŞ-dan da dəstək var, deməli, qarşı tərəfi sona qədər qovmaq üçün imkan yaranıb.
Bütün bu proseslər zamanı Azərbaycan hökuməti isə hakimiyyətini qorumaq – indiki status-kvonu saxlamaq, yoxsa Qarabağı geri almaq istədiyini ortaya qoyacaq. Daha doğrusu, gizlədə bilməyəcək. Məncə, Almaniyanın bu addımı Əliyevləri ciddi mənada susdurdu.
Seymur Həzi