“16-cı kalonun rəisini məhkəməyə vermək lazımdır”

Leyla Yunus: «Məhbuslara qarşı təhqiredici münasibətinə görə, o, mütləq cavab verməlidir»

16 saylı cəzaçəkmə müəssisəində saxlanılan vicdan məhbusları Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlının təxribatla üz-üzə olduğu barədə ötən sayımızda məlumat vermişdik. Xatırladaq ki, onlar ötən həftə mediaya müraciət edərək 16 saylı kalonda dözülməz vəziyyətin hökm sürdüyünü bildirmiş və hüquq müdafiəçilərini orada monitorinq aparmağa çağırmışdılar.
Məhbusların bu istəyinə cavab olaraq hüquq müdafiəçisi Eynulla Fətullayev 16 saylı kalona gedərək sadalanan faktların çoxunu təsdiq etmişdi. Bütün bunlar isə müəssisə rəhbərliyinin qəzəbinə və dustaqlara qarşı daha sərt münasibət göstərməsinə səbəb olub. Adıçəkilən məhbuslar fevralın 20-də növbəti dəfə mediaya müraciət edərək kalon rəhbərliyinin onlara qarşı təxribat hazırladığını bəyan ediblər: “Müraciət etdiyimizə görə rəhbərlik bizə qarşı  təxribat hazırlayır. Rejim qaydalarının və dustaqlara qarşı münasibətin sərtləşməsinin səbəbkarı kimi bizi göstərir. Dustaq yoldaşlarımızın əksəriyyəti ilə səmimi münasibətlərimiz var. Amma müəssisə rəhbərliyi hər bir yolla aramızda problem yaratmağa çalışır. Biz Azərbaycan hakimiyyətindən, Pentensiar xidmətin rəhbərliyindən təhlükəsizliyimizə təminat tələb edirik”.
M.Məcidli ilk müraciətdən sonra kalonda onu təxribata çəkdikləri barədə də məlumat vermişdi.
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, 16 saylı kalonun adı ətrafında baş verənlərlə bağlı səssiz qalmaq olmaz: “Günahsız yerə mühakimə olunmuş insanlar həbsxanalarda dözülməz rəftar və korrupsiya kimi neqativ hallarla qarşılaşırlar. Həbsxanada oturub oranın problemlərini ictimailəşdirmələri onların qəhrəmanlıqlarından xəbər verir. Bu o deməkdir ki, bu adamlar içəridə də qanunun bərpası üçün mübarizə aparırlar. Hazırkı məqamda ilk iş Ədliyyə Nazirliyinə müraciət olmalıdır ki, 16-cı kalondakı bu adamların həyatı təhlükədədir. Ikincisi, həmin məhbusların vəkilləri türmənin rəisi ilə bağlı məhkəməyə müraciət etməlidir. Bizdə artıq belə bir president var. 10-cu kalonda 68 yaşlı məhbusu – Novruzəli Məmmədovu qanunsuz olaraq ”karserdə” saxlamışdılar. Nəticədə o xəstəliyə tutulmuş və bir neçə ay sonra dünyasını dəyişmişdi. Bundan sonra kalon rəhbərinə qarşı məhkəmə iddiası qaldırılmış və rəis vəzifəsindən qovulmuşdu. Ona görə də, gecikmədən 16 saylı kalonun rəisini də məhkəməyə vermək lazımdır”.
L.Yunus bildirir ki, Ədliyyə Nazirliyinə və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatda da məhbusların həyatının təhlükədə olduğu qeyd olunmalıdır: “Mediaya müraciətlə kifayətlənmək olmaz. Kalonun rəisi məhbuslara qarşı təhqiredici münasibətinə görə mütləq cavab verməlidir. Lazım olarsa, hüquq müdafiəçisi olaraq mən də həmin bəyanata imza atacam”.