33 illik diktatoru devirən xalq özünə müvəqqəti rəhbər seçir
Bu gün Yəməndə növbədənkənar prezident seçkiləri keçirilir. Seçkidən bir gün əvvəl Ədən və Məkəllə şəhərlərində 3 seçki məntəqəsində partlayışlar törədilib. Partlayışlar nəticəsində ölən yaxud yaralanan olmayıb. Ədəndəki seçki məntəqəsi tamamilə dağılıb. Ölkə başsısı postuna cəmi 1 namizəd var. Bu da hazırda Salehin səlahiyyətlərini icra edən vitse-prezident Mənsur Hadidir.
Yeni prezident 2 il müddətinə seçiləcək, bu müddət ərzində ölkədə yeni siyasi sistemin müəyyənləşdirilməsi və yeni konstitusiyanın işlənib hazırlanması üçün milli dialoq prosesinə start verilməlidir.
Qeyd edək ki, Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh və onun əleyhdarları ötən il noyabrın 23-də Səudiyyə Ərəbistanında ölkədəki böhranın həlli yoluna dair planı imzalamışdı. Bu plan Əli Abdulla Salehin cinayət məsuliyyəti təqibinə qarşı toxunulmazlıq müqabilində hakimiyyəti vitse-prezidentə təhvil verməsini nəzərdə tuturdu.
Yəməni 33 ildən çox idarə etmiş Salehin istefası tələbi ilə anti-hökumət nümayişləri 2011-ci ilin fevralında başlamışdı. İğtişaşlar zamanı yüzlərlə adam ölüb, minlərlə adam yaralanıb. İyulun 3-də prezident iqamətgahının ərazisindəki məscidin atəşə tutulması zamanı Əli Abdulla Saleh ağır yaralanmış və müalicə üçün Səudiyyə Ərəbistanına getmişdi. Hazırda Yəmənin keçmiş rəhbəri ABŞ-da müalicəsini davam etdirir.
İnformasiya şöbəsi


