Təhlükəlilərin təhlükəsizlik əməliyyatları

 Islamçıların şərlənməsi hakimiyyətə uğur gətirəcəkmi?

Növbəti həbslər dalğasını izləyirik. Azərbaycan hakimiyyəti motivi gizlətmir – Irana yaxınlığı güman edilən adamlar tutulur. “Səhər” kanalı müxbirinin həbsi buna açıq mesajdır. Bu cür həbslərdən sonra hakimiyyət özünü olduqca rahat aparır, tərəfdarları isə müxtəlif yollarla cəmiyyətə aşılayır ki, olduqca təhlükəli insanlar həbs edildiyi üçün, onlar bunu etməkdə tam haqlıdırlar. Ən maraqlısı odur ki, təkcə hakimiyyət nümayəndələri və tərəfdarları deyil, bəzən hüquq müdafiəçiləri də həmin adamların müdafiəsi ilə bağlı söhbətə eyni vurğudan başlayırlar: “Axı onlar çox təhlükəlidirlər!”.
Nəyə eyham vurulduğu aydındır. Radikal islamçıların ölkənin dünyəviliyinə təhlükə yaratması və bəzi islamçı qrupların Iranla və digər xarici ölkələrlə bağlılığı təzə söhbət deyil. Bu cür təhlükələr ola bilər və yox da deyil. Amma Azərbaycan hakimiyyətinin həyata keçirdiyi həbslər, həbslərin üsulları doğrudurmu, faydalıdırmı?
Təhlükəlidirsə, şərləmək olar?
Kim deyir ki, tutulanlar təhlükəlidir? Bunu kim sübut etdi? Bunu sübut edirsinizsə, niyə adamların cibinə narkotika atır, evlərinə avtomat tullayırsınız?
Bəzilərinə elə gəlir ki, əgər bir qüvvə, ya konkret bir adam, hakimiyyətin dediyi kimi, təhlükəlidirsə, onunla istədiyin kimi davranmaq olar. Guya bu, cəmiyyətin xeyrinədir. Əvvəla, belə bir səlahiyyət heç kimə verilməyib. Bunu edənlər özləri cinayət törədirlər. Üstəlik, belə səlahiyyət xeyirli olsaydı, qanunda əksini tapardı, normal dövlətlər isə bu təcrübənin kökünü kəsməzdi. Cinayətkara qarşı qanunsuz əməllər də cinayətdir.
F.Dostoyevskinin “Cinayət və cəza” əsəri bu əməllərə ən  yaxşı cavabdır. Yazıçı yüksək ədəbi ustalıqla göstərir ki,  hətta yaxşı məqsədlərə, niyyətlərə xidmət edən pis əməllər, cinayətlər də fayda gətirmir, cinayətdən başqa bir şey deyil.
Dünyəvilik bizim vazkeçilməz dəyərimizdir. Bəli, islamçılar da təhlükəli ola bilər.ÿ Irana bağlı adamlar da. Amma onların əməlində qanunsuz nəsə varmı? Bunu sübut etdinizmi? Bu sübutlar ortada yoxdursa, insanları şərləyərək həsb etmək özü təhlükəlidir. Çünki kimisə haqsız tutursansa, kimisə həbs edərkən qanunsuz addımlara yol verirsənsə, deməli, tək qurbanları deyil, bütöv bir cəmiyyətin həyatını korlayırsan. Cəmiyyəti ədalətsizlik bataqlığına salırsan. Ölkəni özbaşınalıq mühitinə çevirirsən.
Axı birini şərləyib tutan, başqasını da şərləyər. Bizdə zatən belədir. Guya dövlətçilik naminə şərləyənlər özləri dövlət üçün təhlükədir. Əslində vətəndaşları təhlükəli missiyaların təsiri altına salan da onların ədalətsizliyə, yalana, rüşvətə söykənən idarəçiliyidir. Bu idarəçiliyin özü ölkə üçün ən böyük təhlükədir.
Səbəb korrupsioner rejimin özüdür…
Əliyevlər rejiminin zülmü səbəbindən vətəndaşlarımızın bir qismi Rusiyaya, Türkiyəyə, Avropaya üz tutursa, bir qismi də Iranın təsirinə düşür. Bunun köklü səbəbini aradan qaldırmadan, insanları şərləməklə, qorxu ilə bu dövləti, bu ölkəni təhlükədən qurtarmaq mümkün deyil. Ona görə də Azərbaycan zəngin maddi, insani və mədəni potensialları ilə Ermənistan kimi zəif düşmənə qalib gələ bilmir, Rusiyanın əlində girinc qalıb, Iranın, ümumiyyətlə, müxtəlif islam və xristian qruplarının missionerlik poliqonu olaraq qalır.
YAP hakimiyyəti neft pullarına, polis rejiminə arxayın olub, ölkənin gələcəyi ilə bağlı təhlükələrin əsl səbəblərini görmür. Əsl səbəb isə özüdür. Odur ki, sözügedən həbslər qanunsuz həyata keçirilməklə yanaşı, heç bir uğur gətirməyəcək. Bizim ölkənin xoş gələcəyi (elə Iranın da) insan haqlarının qorunduğu, dünyəvi və demokratik bir cəmiyyətin qurulmasındadır. Bu, heç kimə yeni din, yeni inanc, yeni qaydalar təklifi deyil. Bu, Azadlıq