Sülhəddin Əkbər: «Həbslər Iran-Azərbaycan münasibətlərində yaşanan son gərginliklərlə əlaqədardır»
Eynulla Fətullayev: «Son günlər yaşanan həbslər zəncirvari xarakterlidir və hakimiyyətin siyasi Islamdan narahatçılığını göstərir»
Son bir neçə gündə ölkədə islamçıların həbsi şiddətlənib. Son bir neçə gündə təkcə Nardaranda həbs olunanların ümumi sayı 15 nəfəri ötüb. Bundan başqa, bu ərəfədə Iran televiziyasının Bakıdakı müxbiri, Azərbaycan vətəndaşı Anar Bayramlının da saxlanılmasını ekspertlər təsadüfi saymırlar. Jurnalist qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur. Hazırda müşahidə olunan tendensiyanın səbəblərinə aydınlıq gətirmələri üçün ekspertlərə müraciət etdik.
Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbərin fikrincə, hazırda müşahidə olunan həbslər sırf Iran-Azərbaycan münasibətlərində yaşanan son gərginliklərlə əlaqədardır. Bu baxımdan həbslər dalğasının hələ bir müddət də artan xətlə davam edəcəyini düşünən S.Əkbər vurğuladı ki, Iranı Azərbaycanın mövqeyində qıcıqlandıran daha bir məqam Suriyaya yanaşmada Bakının addımlarıdır: “Bildiyiniz kimi, Azərbaycan Suriyadakı duruma yanaşmada Beynəlxalq birliyin mövqeyindən çıxış edir. Hazırda Suriyada baş verənlərə sərt mövqeyi ilə Türkiyə seçilir. Suriya ilə Iranın sıx əlaqədə olduqları məlumdur. Ona görə Türkiyə Suriyaya təzyiq etdikcə Iran da onun müqabilində Ankaranın müttəfiqi Azərbaycanı təzyiqlərə məruz qoyur. Azərbaycan isə öz növbəsində müəyyən ”profilaktik” tədbirlər görərək bu cür həbsləri reallaşdırır”.

Hüquq müdafiəçisi Eynulla Fətullayevin isə fikrincə, son günlər yaşanan həbslər zəncirvari xarakterlidir. Son illər siyasi Islamın fəallaşmasının hakimiyyəti narahat etməyə başladığını deyən E.Fətullayev bildirdi ki, Islam Partiyasının sədri Mövsüm Səmədovun həbsi bunu bir daha təsdiqləyir: “Hakimiyyət belə bir konsepsiya qəbul edib ki, siyasi Islamla bağlı bütün institutlar sıradan çıxarılsın. Hazırda biz bu prosesi müşahidə edirik. Digər tərəfdən, hakimiyyət apardığı siyasəti ilə Qərb qarşısında özünü sığortalamağa çalışır. Elə təəssürat yaratmağa çalışır ki, ölkədə demokratik islahatlar aparılarsa, Islamçı qüvvələr hakimiyyəti tuta bilərlər”.
Azərbaycanda uzun illər Avropa dəyərlərinə inamın gözdən düşməsi nəticəsində məhz siyasi Islamın meydana gəldiyini deyən E.Fətullayev vurğuladı ki, hazırda Azərbaycanda gedən proses bir müddət əvvəl Türkiyədə də müşahidə olunub.
Hikmət


