Sabirabad və Saatlıda həbslər

Rayonlarda vətəndaş cəmiyyətinin fəallarına təzyiq edilir

Sabirabad və Saatlı rayonlarında son günlər vətəndaş cəmiyyəti fəalları rayon polis şöbəsi, Milli Təhlükəsizlik Nazirliyi və Icra hakimiyyətinin görünməmiş təzyiqi ilə üzləşirlər. Bu barədə məlumatı “Turan” Informasiya Agentliyi yayıb. Məlumata görə, vətəndaş cəmiyyəti fəalları  saxlanılır, sorğu-sual edilir, izahat işləri aparır və 2010-cu ildə daşqınların yaratdığı problemlərin həlli tələbi ilə fevralın 24-ə təyin edilmiş icazəsiz mitinqi keçirmək niyyətindən əl çəkməsələr cəzalandırılacaqları ilə hədələnirlər.
Hakimiyyət bildirir ki, daşqının nəticələrini aradan qaldırmaq üçün hər şeyi edirlər və artıq 2,5 min ev tikilib, birdəfəlik kompensasiya verilib, Kür çayında potensial təhlükəli yerlərdə sahilbərkitmə işləri həyata keçirilib. Amma yanvarın 7-də Kür Vətəndaş Cəmiyyəti Qərargahının yerli sakinlərlə keçirdiyi görüşdə kəndlilər xeyli problem qaldırıblar. Onların ən əsası budur ki, daşqının dağıtdığı təsərrüfatlar bərpa olunmadığı üçün dolanma imkanları yoxdur.
2010-cu ilin yazında daşqın zamanı 100 min ha torpağı və 20 min evi su basıb. Hökumət regionda 3,5 min ev və sosial obyekt tikmək qərarı verib və ziyanı aradan qaldırmaq üçün 346 milyon manat ayırıb. Amma yüksək korrupsiya ucbatından vəsaitlərin böyük hissəsi talan edilib, problemlər isə həllini tapmayıb. Vətəndaş fəallarından Ilham Əmiraslanov Turan-a bildirib ki, hakimiyyət hətta prezident Ilham Əliyevin Sabirabadın seldən ziyan çəkən Qasımbəyli və Əsgərbəyli kəndlərində evlər tikilməsi barədə tapşırığına əməl etmirlər.
Həqiqətən ölkə başçısının ötən ilin 5 mayında fəlakət zonasına səfəri gedişində yerli sakinlərlə görüşündə belə bir tapşırıq verilib və o zaman Əmiraslanov da görüşdə iştirak edib. “Ötən yay inşaatçılar hazırlıq işlərinə başladılar, amma sonradan tikinti donduruldu”, –  Əmiraslanov bildirib.
“Kür” qərargahı iki ilə yaxındır daşqının nəticələrinin aradan qaldırılması problemləri ilə məşğul olur. Qərargah bütün məsələləri konstruktiv formada tənzimləmək istəyir və ziyan çəkən vətəndaşlarla hakimiyyət arasında dialoqu qaydasına salmağa çalışır. Bu məqsədlə fevralın 28-də Sabirabadda maraqlı tərəflərin iştirakı ilə yığıncaq keçirmək planlaşdırılıb.