İran vertolyotları Azərbaycan sərhədində

Yerli sakinlər vertolyotların ölkə ərazisinə soxulduğunu deyir, Sərhəd Xidməti bunu təkzib edir

Vəfa Quluzadə: «Xəbər həqiqətdirsə, İranın güc nümayişi kimi dəyərləndirilməlidir»

Fevralın 21-də saat 12 radalərində İran İslam Respublikasının hərbi helikopterinin Azərbaycan sərhədini pozması barədə məlumat yayılmışdı. Məlumatı yayan Teleqraf.az saytı hadisənin şahidi olmuş Azərbaycanın Astara rayonunun sakinlərinə istinad edirdi. İnformasiyada deyilirdi ki, İrana məxsus helikopter sərhəd yaxınlığındakı xəstəxananın üzərində iki dəfə dövrə vurduqdan sonra geri dönüblər. Şahidlərin sözlərinə görə, həmin vaxt insanlar  təlaşa düşüb və qaçaqaç yaranıb. “İcra başçısı  da xəstəxananın həyətində idi. O və digər məmurlar da bu hadisəni gözlərilə gördülər. Hətta icra başçısı qaçaraq xəstəxananın həyətindən uzaqlaşdı. Burada xırdavat satan bir çinli var. Onun satdığı durbini götürüb dəqiq baxdiq və gördük ki, “vertalyot” İrana məxsusdur” – deyə, şahidlər bildiriblər.
Qeyd edək ki, İran helikopterinin üzərində dövrə vurduğu xəstəxana əsaslı təmir olunub və hazırda orada tamamlama işləri aparılır. Martın 1-də prezident İlham Əliyev həmin xəstəxananın açılışında iştirak etməlidir.
Astara rayon İH-in ümumi şöbəsinin müdiri “Yeni Müsavat”a açıqlamasında bildirib ki, “elə bir iş olub”, ancaq ən səhih məlumatı Sərhəd Qoşunları Xidmətindən almaq olar.
Amma Dövlət Sərhəd Xidməti Azərbaycan hava sərhədini İran helikopterinin pozması barədə yayılan məlumatı günün sonunda təkzib etdi. DSX-dan APA-ya bildiriblər ki, fevralın 21-i də daxil olmaqla, son günlər Astara istiqamətində Azərbaycan-İran hava sərhədinin pozulması halı baş verməyib. DSX-dan dünən bəzi KİV-də İrana məxsus hərbi helikopterin Azərbaycanın hava məkanına daxil olması və Astara rayon mərkəzi üzərində uçuş etməsi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı vurğulanıb: «Bu gün İran Astarası üzərində qonşu dövlətə məxsus helikopterlərin uçuşu müşahidə olunub. Lakin həmin helikopterlər Azərbaycanın hava sərhədini pozmayıb və Azərbaycan ərazisinə daxil olmayıb».
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, əgər İran hərbi helikopterinin hava sərhədimizi pozması xəbəri həqiqətdirsə, bu Tehranın Azərbaycana qarşı güc nümayişi kimi dəyərləndirilməlidir. İranın bu kimi təxribatları Azərbaycana qarşı dəfələrlə həyata keçirdiyini deyən V.Quluzadə bildirdi ki, Azərbaycan tərəfi İranın bu cür təhdidlərinə bütün diplomatik vasitələri səfərbər edərək cavab verməlidir: «Azərbaycan bu məsələdə Türkiyənin dəstəyini alaraq hərəkət etməlidir. Vaxtı ilə İran təyyarələri Azərbaycan sərhədini pozanda «türk şahinləri» Bakıda göstəri ilə çıxış etmişdilər. Məhz bu addım İrana bir cavab idi. Düşünürəm ki, lazım gələrsə Türkiyə bu cür jestləri yenidən təkrarlamalıdır».

Hikmət