“Xocalı ilə bağlı kampaniya daxilə yönəlmiş hay-küydür”

Elxan Mehdiyev: «Xocalını düşünən Xocalı muzeyi yaradardı, qatillərin arxasına düşərdi»

«Yerevanda xarici qonaqları soyqırım muzeyinə, Bakıda isə Heydər Əliyevin qəbri üstünə aparırlar»

Xocalı faciəsinin 20-ci ildönümü yaxınlaşdıqca ölkədə və Türkiyədə bununla bağlı bəzi tədbirlər həyata keçirilir. 20 ildir faciəni dünyaya tanıtmaq üçün tutarlı iş görməyən hakimiyyətin bu addımları nə dərəcədə yetərlidir? Qarabağ problemini araşdıran araşdırmaçı-alim Elxan Mehdiyevlə söhbətimiz də bu mövzuda oldu.

– Xocalı faciəsinin ildönümü ərəfəsində həyata keçirilən tədbirləri yetərli saymaq olar?
– Məsələnin dərinliyinə getsək, görünən odur ki, bu rejim Xocalıdan da fevral ayında camaatın başını qatmaq üçün istifadə edir. Kampaniya bu ay ərzində davam edib bitəcək. Artıq bu kartdan Türkiyəyə qarşı da istifadə olunur. Deyirlər niyə Türkiyə parlamenti bunu soyqırım kimi qəbul etmir. Bəs Azərbaycan Milli Məclisi qəbul edibmi? Bir neçə il bundan əvvəl Ziyafət Əsgərovun hazırladığı bir naqis layihə var idi. 16 maddəlik layihənin 12-si Xalq Cəbhəsi və Fəhmin Hacıyevin üstündə qurulmuşdu. Belə çıxırdı ki, bu işi ermənilər yox, Xalq Cəbhəsi və Fəhmin Hacıyev törədib. Ayaz Mütəllibov, Tamerlan Qarayev günahkar sayılırdı. Bu cür murdar yanaşmaya heç yerdə rast gəlmək olmaz. Rəsmi məlumatlara baxdıqda Xocalıda 613 nəfər öldürülüb və 150 nəfər itkin düşüb. 150 nəfər neçə ildir itkin düşüb? Bunların hamısı öldürülüb. Gedib terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “My brother’s road” kitabını oxusunlar. O, sadəcə 100 xocalılının yandırıldığını gözü ilə gördüyünü, onların içində sağ qalan bir qızın diri-diri yandırıldığını yazıb. O, Qaradağlıda yandırılanları gördüyünü də yazır. Guya Monte yandıranlara qarşı çıxıb. Ermənidən ölən olanda, onlar onun sayını 5 dəfə artırır. Bizdə isə təsdiq olan ölənlərin sayı 763 nəfər olduğu halda, hər yerdə 613 yazırlar. Bunların məntiqinə görə, qalan 150 nəfər tapılacaq.

– Xocalıya ədalət axtarılırsa, ilk növbədə hansı addımlar atılmalıdır?
– Kampaniya ancaq daxili siyasətə yönəlmiş müvəqqəti, nəticəsiz bir hay-küy kampaniyasıdır. Əgər Xocalıya ədalət axtarılırsa, ilk növbədə o işin başında oturan ermənilər cəzalarını almalıdır. Onu nə Azərbaycanın hüquq və kəşfiyyat orqanları edə bildi, nə də sıravi qisas qrupları. Bunun üçün ayrıca Beynəlxalq Tribunalın ayrılmasına ehtiyac yoxdur. Haaqadan 3 hüquqşünas gətirmək və onlara 50 metr asfalt üçün silinən 1 mln dollar pulu maaş kimi vermək lazımdır. Xocalı ilə bağlı 1000-dən çox cinayət işi açılıb və hamısı da prokurorluqda var. Həmin hüquqşünasların Serj Sərkisyan, Seyran Ohanyan və digərləri barəsində hərbi cinayətkar kimi verdikt çıxarmaq üçün sənədli əsasları və şahidləri var. Hələ ki, xocalılılar da sağdır, şahidlər də yerindədir. Haaqadakı hüquqşünaslar Israilin baş naziri Ariel Şaron üçün Livanda, Sabra və Satılada törətdiyi hərbi cinayətlə bağlı olan şahidlərin və sənədlərin əsasında hərbi cinayətkar verdikti çıxardı. Onun Avropaya gəlməsi həbslə nəticələnəcəkdi. Amerikanın köməyi ilə o qərarı dayandırdılar. Amma Şaron qorxudan heç Avropaya getmədi. Indi ermənilərə qarşı bu cür verdikt çıxarılarsa, o zaman görüm sərkisyanlar, köçəryanlar nə edəcək? Indiyədək heç bir cəza almayan erməni cəlladları o zaman ayılacaq. Insanlığa qarşı təqsir verdikti Avropa Birliyinin hər bir ölkəsində qüvvədədir.

– Xocalı faciəsi ilə bağlı təbliğat yetərlidirmi?
– Xaricdən gələnlər Xocalıda nələrin olduğunu bilmir. Yerevana xarici qonaqlar gələndə onu ilk növbədə soyqırım muzeyinə aparırlar. Bakıya gələn dövlət rəsmilərini isə Heydər Əliyevin qəbri üstünə aparırlar. Əgər Xocalı muzeyi olarsa və Bakıya gələn qonaqlar ora gedərsə, onlar ermənilərə dəstək verməyəcəklər. Heç kim onların milli müqəddəratı təyinetmə haqqını tanımayacaq. Erməniləri istəyənlər də onların iddialarını sual altına qoyacaq. Dağlıq Qarabağın azad olunması bilavasitə Xocalıdan keçir. Çünki bu şəhər və onun əhalisi yer üzündən silinibsə, onların varisləri öz vətənlərinə qayıtmaq üçun daha böyük haqqa sahibdir. Hər rayonda, qəsəbədə, idarədə, nazirlikdə Heydər Əliyev muzeyi açılıb. Xocalını düşünən ilk növbədə Xocalı muzeyi açardı. Bəlkə Azərbaycanda Xocalı üçün yer qalmayıb? Bu torpaq və millət üçün onlar diri-diri yandırılıb, “Qarabağ erməninindir” demədiyinə görə başlarının dərisi soyulub, anasının gözü qarşısında oğlunun başı kəsilib. Azərbaycan isə onların və hər birimizin qatillərinə qarşı faktiki olaraq heç nə etməyib. Biz artıq bu zalımlara yalvarırıq. Serblərə 300 milyon avro verincə, heç olmasa 30 metr asfalta görə silinən pulu verib Xocalı muzeyi yaradın. Çünki bəlkə o muzeydəkiləri görüb, eşidəndən sonra dünyanın yazığı gəlib bizə kömək edər.

– Bəs bu günə qədər Xocalı muzeyi niyə açılmayıb?
– Çünki heç kim ordan pul qazanmayacaq. Ona görə də bu, heç kimə lazım deyil. Xocalı muzeyi şəhərin ən yaxşı yerində, geniş bir ərazidə həm şəkillər, həm də xaricdəki muzeylərdə olduğu kimi bədiiləşdirilmiş formada olmalıdır. Bu, bir nəfərin işi deyil. Bura həm yer, həm avadanlıq, həm də sənətçi mədəniyyəti lazımdır. Xocalının işğal edildiyi, adamların vəhşicəsinə öldürüldüyü, başının kəsildiyi, yandırıldığı, meşələrdə qalıb qar, ot yeməsi, qızların zorlanması, qadın, qoca və uşaqların donub ayaqlarının kəsilməsi orada əks olunmalıdır. Xocalı muzeyi kimi onun yanında Dağlıq Qarabağdakı bütün başqa kəndlərdə törədilən qətliamların və etnik təmizlənmələrin, eynilə işğal edilmiş başqa rayonların xarabaya çevrilməsini, qətliamların törədilməsini özündə əks etdirən ikinci muzey də olmalıdır. Xocalı muzeyi ilə bağlı Xocalıdan olan professor Bəkir Məmmədov çox çalışdı. Bəkir müəllimin ailəsindən 6 nəfər oldürülmüşdü. Özü də Xocalıdan olan-qalan şəkilləri Əhmədlidəki evinin həyətində bir zirzəmiyə yığmışdı. Həmişə də polad Bülbüloğlunu yamanlayırdı ki, bu şəkilləri yığmaq üçün mənə iki otaq vermir. Sonra da yağış yağıb şəkilləri xarab eləmişdi. Bundan sonra Bəkir müəllimin əsəbləri dözmədi və o, dünyasını dəyişdi. Xocalı muzeyi də onunla getdi.

Fizzə