Nemət Pənahlının ailəsi “Azadlıq”a onun həbsxanada yazdığı son iki şeiri göndərib. Şeirləri dərc edirik:
ATA
Yaqubtək gözlərin yollarda qaldı,
Yusif tək dadına çatmadım, ata.
Kəmfürsət şərləyib zindana saldı,
Səməndər tək yandım, yatmadım, ata.
Həm xalqa komandan, həm dustaq oldum,
Sizi min bəlaya, min dərdə saldım.
Ölümlə, zülümlə üz-üzə qaldım,
Mən haqqı nahaqqa satmadım, ata.
Oldun vətənində qərib, kimsəsiz,
Kəsdi işığını Allahsız, dinsiz.
Min əzab çəkdiniz bilirəm, mənsiz,
Dərdlərinə əlac tapmadım, ata.
Yetişə bilmədim son nəfəsinə,
Səs verə bilmədim sənin səsinə.
Çevrildim mən haqqın divanəsinə,
Yoluma heç haram qatmadım, ata.
Keçmədim namərdin mən körpüsündən,
Təlim-tərbiyəni almışam səndən.
Qorxmadım dünyanın azğın selindən,
Fırtınalar keçdim batmadım, ata.
Doğru-dürüst yolda sən nər igiddin.
Mənsiz son mənzilə bəs necə getdin?
Yıxıb könlüm evin viranə etdin,
Qanlı göz yaşımı tutmadım, ata.
Dustağam, atacan, bağışla məni,
Oğul həsrətiylə öldürdüm səni.
Sənintək çox sevdi Nemət vətəni,
Sevgisiz bir addım atmadım, ata…
***
HAYDI, SON DÖYÜŞƏ QALX, VƏTƏN OĞLU!
Gəlinlər dul qalıb, körpə atasız,
Gözəllər sevdasız, ana balasız,
Mərdlərin olmayır başı bəlasız,
Gurla, ildırım tək çax, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!
Qazilər zindanda qolları bağlı,
Analar, bacılar sinəsi dağlı,
Mən dəli-divanə, hamı ağıllı,
Saplanıb köksümə ox, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!
Tövbə edib qayıt Haqqın yoluna,
Görün, düşmüsünüz kimin dalına?!
Qanlı qan ağlayır sənin halına,
Nə yaman gündəsən ah, vətən oğlu!
Haydı son döyüşə qalx, vətən oğlu!
Gavurlar əlində qız-gəlin əsir,
Zalımın qılıncı məzlumu kəsir,
Qalıb dərd əlində xalq əsir, yesir,
Od vurub, yandırıb, yax, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!
Zülmə boyun əymə, millət, danış, din
Bəsdi, əcnəbidən yardım diləndin
Tamam əldən gedir namus, qeyrət, din,
Düşmənə aldandın çox, vətən oğlu!
Haydı son döyüşə qalx, vətən oğlu!
Ah-nalə qəlbimi yandırıb, yaxdı,
Namərdin insafı, vicdanı, yoxdu,
Şerim də, fəryaddı, amandı, ahdı,
Yaman günə qaldı, xalq, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!
Oğrular, əyrilər, kəsir düzləri,
Dinlə, mənaları, oxu, sözləri,
Gözləyir Qarabağ, Təbriz bizləri,
Bayrağı zirvəyə tax, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!
Bütün millət olub, qaçqın, didərgin,
İnsanlar edilir “mədəni” sürgün,
Yenə də qiyamət qopacaq, bir gün,
Kükrəyib, meydana çıx, vətən oğlu!
Haydı, son döyüşə qalx,vətən oğlu!
Bizi bağışlamaz şəhid ruhları,
Ərşə dirənibdi məzlum ahları,
Daşqalaq eyləyib bu əclafları,
Ölümün gözünə bax, vətən oğlu!
Haydı, son döyüşə qalx,vətən oğlu!
Qisas qiyamətə qalmasın gərək,
Olum-ölüm deyib, döyüşə girək,
Yağı düşmənlərin dərsini verək,
Əldən uçub gedir vaxt, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!
Bərabər savaşdıq bu meydanlarda,
Azadlıq uğrunda tökdük, qanlar da,
İgidlər tanınar çətin anlarda,
Könüllərdə quraq, taxt, vətən oğlu!
Haydı, son döyüşə qalx,vətən oğlu!
Nemət qorxmayıbdı ölümdən, qandan,
İstiqlal uğrunda savaşdıq candan,
Ölüm də qaçıbdır hər zaman ondan,
Şəhidə kəfən də yox, vətən oğlu!
Haydı, son döyüşə qalx, vətən oğlu!