
Büdcə təşkilatlarında çalışanların əməkhaqlarının 1 faizindən könüllü şəkildə imtina etdikləri və bu məbləği Silahlı Qüvvələrə Yardım Fonduna keçirmələri prosesi uzun illərdir davam etsə də, son vaxtlar daha da intensiv xarakter alıb. Əmək haqları bir qədər yüksək olan şəxslərdən tutulan faiz də müvafiq olaraq artıqdır. Bəs bu fonda yığılan vəsaitin idarəetmə forması nə cürdür? Toplanan vəsait Müdafiə Nazirliyinin hesabına daxil olur, yoxsa ümumilikdə büdcədən müdafiəyə ayrılan vəsaitlərlə birləşdirilir?
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin sözlərinə görə, 2002-ci ildən yaradılan Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər Beynəlxalq Bankda açılan hesab vasitəsilə vətəndaşlardan könüllü şəkildə qəbul edilir. Və bu müddət ərzində fonda daxil olan vəsaitlər xərclənməyib. T.Abdullayevin sözlərinə görə, bu vəsaitlərdən istifadə barədə yalnız dövlət başçısı sərəncam verə bilər: “Silahlı Qüvvələrə Yardım Fonduna mədaxil olsa da, bu fonddan məxaric həyata keçirilmir. Yəni indiyə qədər fonda daxil olan vəsaitlərdən bir manat da xərclənməyib”.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının sözlərinə görə, son illər dövlət təşkilatlarının nəzdində bu cür fondların təşkil olunması ənənə halını alıb. Vergilər Nazirliyi və Gömrük Komitəsinin nəzdində oxşar fondların yaradıldığını deyən M.Talıblı vurğuladı ki, amma bu fondlardakı vəsaitlər həmin dövlət təşkilatlarında çalışanların gəlirləri və vətəndaşlardan alınan sanksiyalar hesabına formalaşır: “Vergilər Nazirliyi və Gömrük Komitəsinin nəzdində yaradılan fondlar bu təşkilatların inkişafına cəlb olunur. Amma bu cür fondların hüquqi əsası olmur. Silahlı Qüvvələrə Yardım Fondunun da hüquqi əsası yoxdur. Çünki Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin əsas xərclənmə istiqamətləri və məqsədi açıqlanmalıdır. Belə bir açıqlama isə yoxdur. Ictimai vəsaitlər hesabına formalaşan fond barəsində topluma heç bir məlumat verilmir. Bu isə yanlış yanaşmadır”. Silahlı Qüvvələrə Yardım Fondu ilə bağlı qaranlıq məqamların bununla bitmədiyini deyən M.Talıblı vurğuladı ki, hazırda büdcədən müdafiə xərclərinə ayrılan vəsait kifayət qədər böyükdür. Və belə bir büdcənin olduğu təqdirdə hər hansı fonda ehtiyac yoxdur. Digər tərəfdən, Hesablama Palatasının büdcədən müdafiə xərclərinə ayrılan vəsaitlərlə bağlı araşdırma aparmadığını diqqətə çatdıran M.Talıblı bildirdi ki, bu, Azərbaycanın müharibə şəraitində olması ilə əlaqələndirilir: “Büdcədən müdafiə xərclərinə ayrılan vəsaitlər kifayət qədər böyükdür və belə vəsaitlərin ayrıldığı halda ayrıca bir fondun yaradılmasının məqsədi anlaşılmır. Digər tərəfdən, hüquqi əsası olmayan bir fond üzərində dövlət başçısının sərəncam vermək hüququ da anlaşılmır. Çünki öncə bu fondun hüquqi əsası müəyyənləşdirilməli və ictimaiyyətə bu barədə ətraflı hesabat verilməlidir. Bütün bunların olmaması isə korrupsiya riskini artırır”.
Hikmət


