Məhəmməd Rza Pəhləvi də Avropaya sürüşməyə gedirmiş

Məşhur polyak jurnalisti Riçard Kapuçinskinin Irandakı şah rejimi ilə bağlı yazdığı “Şahənşah” kitabından parçalarla tanış oldum. 1982-ci ildə çap olunan bu kitabdakı faktlar necə də heyrətamizdir. Bilirsizmi niyə?
Kapuçinski Məhəmməd Rza Pəhləvinin neft ixracından gələn külli miqdarda vəsaitə güvənib ağlagəlməz işlər sifariş verməsini önə çəkir; yazır ki, dəyəri milyardlarla ölçülən və heç bir iqtisadi əsası olmayan “ağılsız layihələr” şahın fərmanı ilə icra olunur, əksəriyyəti isə ya tamamlanmır, ya da vəsait havaya sovrulurdu.
Şahın Iranı “Ikinci Amerika” etmək yolunda gördüyü bu işlər Azərbaycan üçün nə qədər doğmadır, ilahi!
…Şah birdən-birə əzəmətli banaların tikintisinə başlamışdı.
Ilham Əliyev də, məsələn, “Moskva” mehmanxanasını sökdürüb yerində “Alov qüllələri” ucaltdırır. Milyardlara başa gələn bu layihənin məntiqini anlayırsınızmı? Paytaxtın ən hündür yerində o yekəlikdə qüllə uzatmaq kimin ağlına gələ bilər? Sürüşmə zonası sayılan o ərazidə də elə bina tikərlər?
Iş icraçılarının dediyinə görə, qüllələrin sürüşməməsi üçün 50 metrə yaxın özül qazıblar. Ay balam, ən sürüşkən zonada niyə o yekəlikdə bina tikirsiniz ki, hələ 50 metrlik də özül qazmağa məcbur olasınız? Olmazdımı ki, “Alov qüllələri”ni normal bir yerdə tikəsiniz, 50 metrlik özülə qoyduğunuz milyonları da dəfn etməyə ehtiyac qalmasın?
…Şah milyardlarla pul töküb xaricdən avadanlıqlar gətirirdi ki, Iranda yeni komplekslər quracaq.
Ilham Əliyev də, məsələn, Qusarda milyardlar hesabına başa gələn “sürüşmə yeri” düzəltdirir. Şahdağ Qış-Yay kompleksi neçə min il fəaliyyət göstərməlidir ki, ora qoyulan 6 milyardlıq sərmayə özünü doğrultsun? Büdcəsi 20 milyarda yaxın olan, turizmdən bir qara qəpik də qazanmayan hansı xarabada belə milyardlıq layihə gerçəkləşdirilir?
…Tehranda kiçik daxmaların yanında birdən-birə milyonluq villalar peyda olmağa başlamışdı. “Çemodan ovqatında” olan məmurlar xaricdə daşınmaz əmlaka külli miqdarda vəsait xərcləyirdilər, ancaq pul o qədər çox idi ki, Iranda da dəbdəbəli həyat sürməyə milyonlar səpələnirdi.
Bakıda da villalar köhnə “xruşşovka”ların, “gecəqonduların” yanında birdən-birə ucalmağa başladı. Xaricdə villalar, zavod və fabriklər alanlar isə növbəyə düzülüblər. Indi isə “ikinci mərhələ” başlayıb, Ilham Əliyev Məhəmməd Rzanın əlinə çöp vermək istəyir. Pul o qədər çoxdur ki, Dubayda yarımada alandan sonra yerdə qalanı ilə Bakının özündə bir Dubay salmaq iştahası baş qaldırıb. Tehranda süni ada yaratmaq və dünyanın ən hündür binasını tikmək, vallah-billah, Məhəmməd Rza şahın da müdrik ağlına gəlməmişdi.
Xəzər dənizində tikintisinə başlanan bu layihəyə 100 milyard investisiya qoyulması nəzərdə tutulur. Niyə? Nə olub? Minlərlə problemi olan bap-balaca Azərbaycanda bu cür ağılsız layihələri gerçəkləşdirmək üçün Məhəmməd Rzadan da “ağıllı” olmaq sizin nəyinizə lazımdır?
Ən maraqlı məqam odur ki, Məhəmməd Rza şah xizəkdə sürüşmək üçün tez-tez Avropaya gedirmiş. Möhtərəmimizin xizəyin sürəni olduğunu isə hallandırmağa ehtiyac yoxdur, yəqin ki!
Müqayisələr bir deyil, iki deyil…
Şahın Irana “xidməti” bu oldu: ədalətsizlikdən, haqsızlıqdan, allahsızlıqdan bezən Iran xalqı getdikcə dinə elə sıxıldı ki, axırda molla rejimi qurdu.
Azərbaycanda da anoloji proses gedir – haqsızlıqdan və ədalətsizlikdən bezən insanlar xürafata sığınmağa başlayıblar.
Mən yalnız Kapuçinskini oxuyanda anladım ki, Avropa Azərbaycanda islam inqilabının baş vermə ehtimalından niyə bu qədər narahatdır. Deməli, bilirlərmiş; deməli, anlayırlarmış ki, Azərbaycanda da Irandakı şah rejimi zamanında olduğu proseslər gedir.
Məhəmməd Rza şaha Almaniyanı tənqid, Ispaniyanı tənbeh etməyi bağışlayırdılar – “enerji maraqları” vardı, axı!
Nəticə nə oldu? Avropa “qulaqardı” elədi, iranlılar da sivil dünyadan əlini üzüb Islam dövləti qurdu.
Ilham Əliyevin belə dahiyanə layihələri bir müddət də reallaşdırma fürsəti və vaxtı olsa, onun “tənqidlərinə” Avropa bir az da səbr etsə…
Allah bizi Iran olmaqdan qorusun!