İlham Əliyev axına qarşı

Bütün dünya avtoritarizmlə savaşır, Azərbaycan hakimiyyəti isə Putinə dəstək aksiyası keçirir

Azərbaycan hökuməti hər vəhclə Rusiyada avtoritarizmi qoruyub-saxlamağa çalışır. Hökumət qarşıdakı seçkilərin hazırkı baş nazir Vladimir Putinin xeyrinə yekunlaşması üçün  bütün mümkün vasitələrdən istifadə edir. Məsələn, bugünlərdə Ümumrusiya Azərbaycan Konqresinin xətti ilə Moskvada təşkil olunacaq geniş konsert proqramı da Putinə dəstək üçündür.
Konsert martın 1-də – prezident seçkilərinə üç gün qalmış  Moskvanın “Lujniki” idman konsert kompleksində baş tutacaq və orada həm Rusiya, həm də Azərbaycanın tanınmış estrada ulduzları iştirak edəcəklər. Maraqlıdır ki, demokratik  dünyanın diktatorlarla az qala, savaşa başladığı bir vaxtda Azərbaycan hökuməti bu cür rejimlərin ömrünü uzatmaqla məşğul olur. Üstəlik, Azərbaycana etdiyi ən kiçik müdaxiləyə görə başqa dövlətləri ölkənin daxili işlərinə qarışmaqda ittiham edən hökumət indi çox rahat şəkildə Rusiyanın daxili işlərinə qarışır.
Siyasi ekspert Ibrahim Ibrahimli deyir ki, Azərbaycanın yerləşdiyi geosiyasi məkanda artıq geosiyasi şərtlər dəyişib. Azərbaycan hakimiyyəti isə bu dəyişikliyi görmək istəmir: “Bizim coğrafiyamız daha çox Rusiyanın, Iranın təsiri altında olan coğrafiyadır. Bu coğrafiyada geosiyasi şərtlərin dəyişməsi daxili siyasi şərtlərin dəyişməsinə də təsir göstərir. Bu baxımdan Rusiyada ləyaqətli cəmiyyət tərəfdarlarının sayı artıb. Putin avtoritarizmi ilə razılaşmayan, demokratik cəmiyyət qurmaq marağında olan orta təbəqə Rusiyada baş verən hərəkətliliyin aparıcı qüvvəsidir. Bunu, hətta Rusiya rəhbərliyi özü – Medvedev və Putin administrasiyası da dərk etməyə başlayıb. Ona görə də Rusiyada gedən proseslərə bir qədər anlaşıqlı yanaşırlar. Insanların sərbəst toplaşmaq hüququnu tanıyırlar, müxalifətlə görüşürlər, onların təkliflərini müzakirə edirlər. Putin son proseslərin təsiri altında Seçki Liqasının üzvləri ilə görüşməyə cəhd göstərir. Bütün bunlar ondan xəbər verir ki, Rusiyada hətta Putinin özü də gedən prosesləri anlayır. Amma Azərbaycan hakimiyyəti bunu anlamaq marağında deyil”.
I.Ibrahimli hesab edir ki, bu vəziyyətdə Azərbaycan hakimiyyəti strateji seçim etməlidir: “Qərar verməlidir ki, özünü dünyadan təcrid edən Iranın, eləcə də Irana və Suriyaya dəstək verən Rusiyanın tərəfində olsun, yoxsa antiRusiya koalisiyasının tərəfində. Azərbaycan hakimiyyəti  klassik taktikasını yeridir, guya balanslaşdırılmış siyasət yürütmək istəyir. Hakimiyyət Rusiyada fəaliyyət göstərən diaspora ilə əlaqə saxlayıb onlara Putinə dəstək vermək tapşırığını verib. Rusiyada üç milyona yaxın azərbaycanlı yaşayır və onlardan Putinə dəstək vermələri istənilir. Hakimiyyətin bu yanaşması – ”olmadı elə, oldu belə” prinsipi ilə yanaşması oradakı azərbaycanlıları pis vəziyyətə qoyur. Həmçinin bütün dünyanın bizə münasibətini dəyişir. Suriyaya dəstək verən Putinə dünyanın münasibətinin necə olduğu bəllidir. Belə bir vəziyyətdə Azərbaycan hakimiyyəti Putinə dəstək haqda göstərişlər verməklə proseslərə 20 ildə formalaşmış məntiqi ilə yanaşır. Və özü tənqid etdiyi bir addımı atır – başqasının daxili işinə qarışır. Azərbaycan hakimiyyəti bununla demokratik proseslərin qarşısında dayanır. Rusiyada qlobal demokratizasiyanın qarşısını almağa çalışırlar. Amma buna nə Putinin, nə də Azərbaycan hakimiyyətinin gücü çatacaq. Rusiyada artıq yeni – intellektual nəsil formalaşıb və bu nəsil Rusiyadakı prosesləri dəyişəcək”.