Öncə qeyd edək ki, girişim anadolu türkcəsində, səy göstərmək, inad etmək, çalışmaq kimi yozulur və bizim aşırı mədhiyyə termini ilə heç bir əlaqəsi yoxdur.
Bəzən müxalif yazarların Türkiyə sevgisini müxtəlif cür yozurlar, guya biz mövcud rejimlə mübarizədə onlardan kömək istəyirik və səbirsizliklə o ənənəvi “yeter kardeşim, çıx get” kəlməsini gözləyirik(!). Mən bu yazını yazmamışdan öncə, israrla özümün və mənə yaxın yazarların bu mövzuda yazılarını təkrar-təkrar oxudum, zərrə qədər də yanılmamışam, elə şey qətiyyən yoxdur…
Bizim bütün yazılarımız, telekanallarda və iqtidaryönlü mətbuatda Türkiyə və türklər haqqında gedən təhqiramiz, spekulyasion ifadələr işlədənlərə cavab kimi qiymətləndirilməlidir.
Mən bu mövzuda bir yazımda, ANS telekanalında “torpaqlarımızın 20 faizini ermənilər işğal edib, qalanını isə verin türklərə”(!) ifadəsini işlədən müğənni və Türkiyə millisinin Xorvatiyaya 0:3 məğlubiyyəti zamanı, qardaş xalqı ələ salan, ironiya ilə Çanakkala döyüşünü xatırladan şəhrçini tənqid etmişdim.
Daha sonra isə, 15 sentyabr 1918-ci ildə Bakını daşnak-bolşevik soyqırımından xilas etmiş Qafqaz Müsəlman Ordusunun anım günü zamanı çəkiliş aparan TRT Bakı bürosunun əməkdaşlarını qınamışdım.
Belə ki, Ictimai Palatanın iştirakı ilə çoxminlik ziyarət -müsahibə vermək üçün orada bulunan, millət vəkili Qənirə Paşayevanın əmri ilə(!) – buraxın xəbəri, hətta tarixi yaddaş kimi də lentə alınmadı. Həvəslə bu möhtəşəm kadrları yaddaşa köçürmək istəyən, qardaş ölkənin bir nömrəli kanal işçilərinin arzusu “ürəklərində qaldı” və… Türkiyə, Nuru paşa və silahdaşlarına sayğı göstərişi yapan bu izdihamı görmədi.
Bundan başqa, ölkəmizdə aldalılan, haqqı tapdanan türk iş adamları və sadə vətəndaşların haqqını müdafiə etmək də boynumuzun borcuna çevrilib. Üzücü faktdır, amma bunu ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq da boynumuzun borcudur. Lap bu yaxınlarda türkiyəli “TIR” sürücülərinə ölkəmizin gömrük və hüquq-mühafizə orqanlarının yapdığı “köpək müamiləsi”(it kimi davranmaq) haqda həqiqətlərı mətbuat ictimaiyyətə duyurdu. Məlum oldu ki, Sibirdən Ispaniyaya qədər yük daşıyan qardaş ölkə sürücüləri təkcə Azərbaycanda onlarla it kimi davranıldığını dilə gətirdi. “Azadlıq” radiosu müxbirinin “bu haqda səfirliyə müraciət etmisinizmi” sualı sürücünü əməlli-başlı özündən çıxardı. Məlum oldu ki, onların şikayətinə hər dəfə təxminən bu cür cavab verilirmiş – “Bura Azərbaycandır, yola verin getsin!”, “buranın kurallarına (yazılmamış qanunlarına – X.Ə.) uymaq zorundasınız!” və s.
Yəni 50 manatlıq rüsumun üstündə 300 manat da “şapka” ödəməlisiniz.
Belə çıxdı ki, türk səfirliyi, bu neqativ halların qarşısının alınması üçün heç bir girişimdə bulunmaq istəmir, bütün bunlara təbii baxır… Amma bu o demək deyil ki, hörmətli səfir heç bir girişimdə bulunmur. Lap bu günlərdə biz səfirlə bağlı yeniliklərdən hali olduq. Beləliklə…
Qardaş ölkənin Bakı böyükelçisi, Hulusi Kılıcın səyləri(girişimi – X.Ə.) nəticəsində, N.Adrianov və H.Mirələmovun Moskvanın “Molodaya qvardiya” nəşriyyatında nəşr olunmuş 480 səhifəlik “Ilham Əliyev: Azərbaycan Prezidentinin portreti” kitabı Anadolu türkcəsində işıq üzü gördü.
Hazırda kitabın qardaş ölkədə tanıtımı gedir, lap bu günlərdə Milliyyətçi Hərəkat Partiyasına yaxınlığı ilə tanınan “Yeni çağ” qəzetinin köşə yazarı Selcan Taşçı bu kitabdan ilhamlanaraq alovlu bir yazı da yazıb.
Yazının qayəsi belədir – “Ey Türkiyə, Azərbaycandan necə müstəqil olmağı öyrən”. Yazını oxudum, girişimlərdən dolayı, böyükelçı göylərə qaldırılır və yazar xanım əmindir ki, bu yazını oxuyan Türkiyə iqtidarı xəcalət çəkməlidir. Sitat: “Kitabı bitirdiğimde, ağızlarını her açtıklarında Türkiye Cumhuriyetini ”müstemleke” olmaya biraz daha yaklaştıran (… – X.Ə.) iktidar sahiplerinin “devlet yönetmek” konusunda, bağımsızlığına kavuşalı çeyrek asır bile olmayan Azerbaycandan öğreneceği çok “ilke”!?(Azərbaycan mətbuatında bu sitatdakı “ilke” qanun kimi tərcümə olunub, əslində bu, novatorluq, yenilik deməkdir – Ə.X.) olduğunu düşündüm. Haksızmıyım?!”.
Hulusi bəyə görə hayır, zavallı türk sürücüləri və iş adamlarına, on minlərlə mənzil fırıldağı qurbanlarına, evləri buldozer ağzına verib dağıdılanlara, siyasi əqidəsinə görə zindanlarda çürüyən azəri qardaşlarına görə, əvət, sevgili Selcan xanım!…
P.S. Lap unutmuşdum, Selcan xanım, “molodoya qvardiya”, sizin yazdığınız kimi “gənc yüzbaşı” kimi tərcümə olunmur. Hulusi bəydən soruşun, dəqiq tərcüməsini deyər sizə…

Hulusi Kılıcın girişimləri
•