Hə, bax bu məsələdə Azərbaycan doğrudan da Tunis ola bilməz

Ayrı-ayrı ərəb ölkələrində inqilabın başlanmasının ildönümü qeyd edilir. Tunisdə, Misirdə insanlar öz ölkələrinin tarixində yeni səhifə açan inqilabların başlanğıc ildönümünü ümummilli bayrama çevirir, bəs bizim yandaş mediaya baxanda nə görürük?
Rejim qəzetləri, saytları inqilabların ildönümlərini fürsət bilib “Ərəb baharı”nın qabırğasına döşəməkdədirlər. Guya, Ben Əlinin, Mübarəkin, Qəzzafinin gedişilə heç nə dəyişməyib, insanların gözləntiləri özünü doğrultmayıb, onların dəyişiklik ümidləri suya düşüb, hamı dərin peşmançılıq içindədir və s.
Mən özünəhörmət məsələsi olduğundan bunların qıcqırmış, iylənmiş, üfunətli telekanallarına baxmıram, amma əminəm ki, eyni anti-inqilab şivənliyi, “Ərəb baharı”na qarşı eyni çirkabatma prosesi orada da baş alıb gedir.
Bu qaralama kampaniyasında məqsəd aydındır. Azərbaycanlılara mesaj verirlər ki, “bax, nəbadə ayağa qalxıb, Əliyevçi rejimi Mübarəkin, Ben Əlinin, Qəzzafinin arxasınca göndərmək fikrinə düşəsiniz, aqibətiniz daha pis ola bilər, inqilab xoşbəxtlik gətirmir, inqilabla heç nə düzəlmir” və s.
Guya bir ilin içində Tunis güllük-gülüstanlığa çevrilməli, Misirdə isə camaat yağ-bal içində üzməli imiş. Bunlarda doğrudan da zərrəcə arlanmaq, utanmaq hissi yoxdur. Özləri üç gün yağan qarın əlində girinc qalırlar, ölkənin bütün zibilləri üzə çıxır, amma istəyirlər ki, inqilab ölkələrinin hökumətləri Bin Əlinin, Mübarəkin 30-40 illik zibillərini bircə günün içində təmizləsinlər.
Əlbəttə, inqilabın qalib gəldiyi ərəb ölkələrində çoxillik diktatorların devrilməsi böyük nailiyyətdir, tarixi uğurdur, amma hər kəs onu da bilir ki, bu, həmin ölkələrdə demokratiyanın önünün açılmasında ilk addımdır. Ben əliləri, hüsnü mübarəkləri, qəzzafiləri devirməklə iş bitmir, əslində, iş bundan sonra başlayır. Tarixlərinin heç bir mərhələsində demokratiya təcrübəsi keçməmiş, dinin və mentalitetin minillərcə hökmran olduğu coğrafiyalarda demokratiyanı oluşdurmağın həm uzun, həm də ağrılı prosesə çevriləcəyini yalnız cahillər və nadanlar dərk etməyə bilərlər. Bəli, Misirdə, Tunisdə, Liviyada inqilabi hökumətlərin qarşılarında ağır vəzifələr dayanır. Onlar həm sıfırdan bir dövlət yaratmalı, həm də xalqlarının demokratik təfəkkürünü formalaşdırmalı, onları din və mentalitet bataqlığından dartıb çıxararaq çağdaş, modern zehniyyətə sahiblənmələri üçün gecələrini gündüzlərinə qatmalıdırlar.
Həmin ölkələrə dünyəvi dəyərlərin axınının önü açılmalı, müasir elm və təhsilə sahib olmaq, yeni mədəniyyətlərə qovuşmaq üçün səylər göstərilməlidir. Teatrlardan tutmuş, akademiyalara, universitetlərə, ictimai təfəkkürü gəlişdirəcək institutlaradək yaradılması, işə düşməsi gərəkən nə qədər şeylər var. Bunlara bir il içində nail olmaq mümkündürmü? Tunisin, Misirin inqilabi hökumətlərini bir ildə bütün bunları həyata keçirə bilmədiyinə görə suçlayan yaptokratlar qoy əvvəlcə öz ayıblarına kor olsunlar. Onlar 18 ildə sadaladıqlarımızın hansına nail oldular? Var olanları da dağıtmaqdan, iflic etməkdən başqa əllərindən nə gəldi onların?
Qaldı ki onların Tunis, Misir, Liviya üzərindən Azərbaycan xalqını inqilabdan çəkindirmək mesajları verməsinə, bu, əlbəttə, çox absurddur. Çünki həmin ölkələrlə müqayisədə Azərbaycan xeyli şanslıdır. “Ərəb baharı” ölkələri ilə müqayisədə demokratiya Azərbaycan üçün yad bir qavram deyil. Son yüz illik tarixində bu ölkə ard-arda iki dəfə demokratiyanı daddı, demokratik ənənələrin əsası qoyuldu. Üst-üstə cəmi 3 il hakimiyyətdə olmuş iki demokratik cümhuriyyətin sayəsində bu gün Azərbaycan nə Tunislə, nə Liviya ilə müqayisə oluna bilməz. Rəsulzadə və silahdaşları sayəsində biz yoxdan var olmağı hələ ötən əsrin əvvəllərində bacardıq, Liviya və yaxud Tunis üçünsə bu, yalnız bu əsrin əvvəllərində gerçəkləşir.
Əlbəttə, Əliyevçi istila rejimini devirəndən sonra da bizim də qarşımızda ağır vəzifələr dayanacaq. Amma bizim işimiz heç də ərəb ölkələrindəki qədər ağır olmayacaq. Bunlar 18 ildə ölkədə demokratik ənənələrin kökünü qazıyıb ata bilmədilər. Bəli, bizi çağın çox gerisinə atdılar, amma əsas odur ki, 1918-dən başlayan yol qırılmadı, yol davam edir və mənzil başına çatmasına da az qalıb.
Bizə bu şansı yaradan Rəsulzadə və silahdaşlarına şükranlarımız sonsuzdur.
Ən azı, bu istilaçı rejimə nifrətimiz qədər sonsuzdur.