Bu ölkənin səfirliyi Qaradağlı kəndində törədilən erməni vəhşiliyinə həsr olunmuş tədbiri boykot etdi
Hakimiyyətin son zamanlar Türkiyə və Fransa arasında yaşanan gərginliyə adekvat reaksiya verməməsinə baxmayaraq, bu ölkənin səfirliyindən Azərbaycana qarşı saymazlıq nümayiş etdirilib. Dəvət olunmasına baxmayaraq, Fransa səfirliyindən Qaradağlı kəndində törədilmiş soyqırıma həsr olunmuş tədbirə heç kim gəlməyib. Diplomatın dəvəti saymadığını görən baş nazirin müavini Əli Həsənov tədbirdə deyib ki, erməni təcavüzünə göz yuman ölkələr gün gələcək özləri erməni təcavüzünə məruz qalacaqlar.
«Iqtidarın Fransaya qarşı dişsiz mövqeyi siyasi hakimiyyətin ömrünü uzatmaq məqsədi daşıyır»
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin sözlərinə görə, hakimiyyət Fransa ilə münasibətlərin gərginləşməməsinə hər zaman çalışıb. Hazırda baş verən hadisənin isə Fransanın daha çox öz maraqları barəsində düşündüyünü deyən N.Məmmədli vurğuladı ki, Azərbaycan iqtidarı dövlət yox, şəxsi maraqlardan çıxış edir: “Azərbaycan hakimiyyətinin Fransanın rəsmi dairələri ilə əlaqəsi yalnız Ilham Əliyevin özü və ailəsi ilə bağlıdır. Bu münasibətlərdə daha çox ailənin maraqları üstün tutulur. Sarkozi hazırda Türkiyəyə qarşı sərt münasibət sərgiləyir. Əslində hakimiyyət anlamır ki, ”erməni soyqırımı”nın tanınması Qarabağ probleminin həlli baxımından Azərbaycan üçün ciddi təhlükələr yaradır. Azərbaycan iqtidarının Fransaya qarşı dişsiz mövqeyi siyasi hakimiyyətlərinin ömrünü uzatmaq məqsədi daşıyır”.
N.Məmmədli vurğuladı ki, halbuki reallıqda Azərbaycan Türkiyə kimi dövlətçilik maraqlarından çıxış edərək Fransaya qarşı sərt mövqe sərgiləməli idi.
«Fransa səfirliyinin mövqeyi təsadüfi deyil və Parislə razılaşdırılmış şəkildə reallaşdırılıb»
Siyasi ekspert Zəfər Quliyev isə hesab edir ki, Fransa səfirliyinin mövqeyi təsadüfi deyil və Parislə razılaşdırılmış şəkildə reallaşdırılıb. Z.Quliyevin fikrincə, görünür, son baş verənlərin fonunda Fransa Azərbaycanda bir qədər ehtiyatlı mövqe sərgiləməyə və ictimaiyyəti daha artıq qıcıqlandırmamağa çalışır: “Düşünmürəm ki, Fransa səfirliyindən tədbirə qatılmamaq Azərbaycan hakimiyyəti ilə münasibətlərin pozulduğuna işarədir. Fransa hakimiyyəti ilə Əliyevlərin xüsusi münasibəti var və ”erməni soyqırımı”nın qəbulu zamanı iqtidarın bu münasibətlərə necə yanaşdığı göründü. Fransa tərəfi, görünür, hazırda Azərbaycanda ictimaiyyəti qıcıqlandırmamağa çalışır. Çünki bəlkə də, fransızlar geniş ictimaiyyətin iştirak etdiyi tədbirə qatılsaydılar, qınaqla üzləşə bilərdilər. Ona görə bu cür hallara yol verməmək üçün səfirlik daha incə siyasət apara bilər”.
Xəyal