Bəşər Əsəd Dəməşqi mühasirəyə alır

Suriya diktatoru üsyançıların paytaxta çatmasından qorxuya düşüb; 2500 əsgər də müxaliflərə qoşuldu

Suriyada gərginlik davam edir. Bəşər Əsədin əmrindəki qüvvələr antihökumət etirazlarının və silahlı üsyançıların Dəməşqə daxil olmasından qorxuya düşərək paytaxtı mühasirəyə alıb. Zirehli texnika və tanklar paytaxtın mərkəzinə gedən yolların təhlükəsizliyini artırıb. Dəməşqə əlavə qoşun hissələri yeridilib. Şəhərə giriş-çıxışa nəzarət gücləndirilib.
Ötən gecə isə paytaxtın müxtəlif bölgələrində Bəşər Əsədin əsgərləri ilə üsyançı hərbçilər arasında şiddətli döyüşlər gedib. Hakimiyyətin müxaliflərə zorakılığına etiraz edən Suriya ordusunun daha 2500 əsgəri xidmətdən yayınaraq Bəşər Əsəd əleyhdarlarına qoşulduqlarını bildiriblər. Onlar son damla qanlarına qədər Əsəd rejiminin devrilməsi uğrunda savaşacaqlarına and içiblər.
Təhlükəsizlik qüvvələri Homs şəhərini yenidən artilleriya atəşinə tutub. Son sutka ərzində ölkədə hökumət qüvvələri ilə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 27 nəfər ölüb. “Əl-Cəzirə” kanalının xəbərinə görə, ölənlərin əksəriyyəti Idlib əyalətinin və Homs şəhərinin sakinləridir. Şahidlər hökumət qüvvələrinin Türkiyə ilə sərhədə yaxın yerləşən Idlib əyalətinin kəndlərində reydlər həyata keçirdiyini bildirib.
Bazar günü Homs, Dərra və Idlibdə yenidən nümayişlər keçirilib. Paytaxt Dəməşqdə də kütləvi anti-hökumət nümayişi baş tutub. Aksiya prezident sarayının yerləşdiyi Məzzə rayonunda keçirilib. Aksiyaların təkrarlanmasının qarşısını almaq üçün həmin əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Dünən isə Misir özünün Suriyadakı səfirini geri çağırıb. “Əl-Ahram” qəzetinin verdiyi məlumata görə, səfir Şövki Ismayıl məsləhətləşmələr üçün təcili olaraq Dəməşqdən çağırılıb və onun geri göndərilməməsinə qərar verilib. Bəşər Əsəd rejiminə qarşı sərt mövqe sərgiləyən ərəb ölkələrindən biri Səudiyyə Ərəbistanına aid hava yolları şirkəti isə Suriyaya uçuşlarını dayandırıb. Bundan öncə isə Qətər hava yolları da Suriyaya uçuşlarını dayandırmışdı.
Israildə yayımlanan “Haaretz” qəzeti Suriyada 40 Türkiyə xüsusi xidmət orqanı (MIT) əməkdaşının həbsdə saxlanıldığını yazıb. Qəzet rəsmi Türkiyənin MIT əməkdaşlarının geri verilməsini tələb etdiyini bildirib. Suriya hökuməti isə MIT-çilərin Türkiyədə olması ehtimal edilən hərbçilərlə dəyişdirilməsini təklif edib.
Qəzetin xəbərinə görə, Suriya rejimi Türkiyədən üsyançıların təşkil etdyi Azad Suriya Ordusunun əsgərlərinin sərhəddən keçməsinə də qadağa qoyulmasını tələb edib. MIT-çilərin dəyişdirilməsiylə bağlı danışıqlara Iranın vasitəçilik edə biləcəyi də qeyd olunur.

Informasiya şöbəsi