Rusiyaya gedən qatarlarımız köhnəliyinə görə xətdən çıxarıldı
İşsiz bələdçilər aksiya keçirəcək
Azərbaycan Dəmiryolu təsərrüfatında 500-ə qədər insanı işsizlik təhlükəsi təhdid edir. Buna səbəb fevralın 15-dən Bakı-Moskva qatarının dayandırılmasıdır. Daha dəqiq desək, bu reys üzrə indi ancaq şimal qonşumuzun qatarları işləyir. Bizimkilər isə xətdən çıxarılıb. Buna görə də 500-dək adam narahat günlərə qədəm qoyub.
Analoqsuz ölkənin bərbad qatarları
Onların təxminən 300-ü Bakı-Moskva qatarında bələdçi işləyən insanlardır. Bu adamlara hələ “sizi işdən çıxarırıq və ya çıxarmışıq” deyən olmayıb. Ancaq vəziyyət “tısbağanı ya öldür, ya da arxası üstə çevir” misalında olduğu kimdir.
“Bakı Vaqon Deposu”nun işçiləri dünən bizimlə söhbətdə yaranan problem haqda ətraflı danışıblar. Onların məlumatına görə, Rusiya uzun müddətdir Azərbaycan tərəfinə qatarların yeniləşdirilməsi tələbini qoysa da bizimkilər buna səhlənkar yanaşıb. Azərbaycan qatarlarının elementar göstəricilərə cavab verməməsi ucbatından Rusiya ondan imtina edib, buna görə də bizimkilər xətdən çıxarılıb.
“Qatarlar doğrudan da tövlə kimi idi”
Bələdçilər etiraf edir ki, Azərbaycan qatarlarında doğrudan da sərnişinlərin rahatlığı üçün şərait minimal olub. Elə bu qış vaqonları qızdırmaq üçün yanacaq çatışmazlığı sərnişinlərə bizim qatarlarda müsibət yaşadıb. Bələdçilər deyir ki, uzun illərdir onlara istilik üçün odun verilmir, bu odunu onlar özləri tapmalıdırlar. Yandırmaq üçün verilən kömür isə, birinci növ olmaq yerinə üçüncü növ olub. Bu növ isə kömürdən çox torpağa bənzəyir və əlbəttə, belə keyfiyyətsiz məhsul istilik üçün işə yaramayıb.
Onların sözlərinə görə, hər 10 ildən bir qatarlar əsaslı təmirə dayanmalıdır, bizim qatarlar isə sonuncu belə təmiri 1991-ci ildə görüb.
Kütləvi ixtisar olacaqmı?
Depo rəhbərliyi idarədə heç bir kütləvi ixtisar olmayacağını, maydan hər kəsin işə başlayacağını desə də bələdçilər pessimistdir. Birincisi, onlar inanmır ki, mayadək vaqonlar əsaslı təmirdən qayıtsın. Onların hələ təmirə yollanıldığı da dəqiq deyil. Həm də bələdçilər soruşur ki, nəyə görə bıçaq sümüyə dirənəndə təmir yada düşüb, bəyəm vəziyyətin bu hal alacağını düşünmək çox çətin idi?
Düşdükləri durumdan şikayətlənən bələdçilər haqlı olaraq soruşurlar: büdcədə ən çox payı olan Nəqliyyat Nazirliyi nəyə görə “London taksi”ləri üçün milyonlar xərcləyir, amma qatarları vaxtlı-vaxtında təmir etdirmir, yenilərini almır?
“Başımızı aldadırlar”
Bələdçilər 5 gündür işsizdir, onlara maaş hesablanmayacaq. Rəhbərliyin “Azadlıq” radiosunda açıqlamasında göstərilir ki, bələdçiləri daxili reyslərdə işlə təmin edəcəklər. Ancaq bu sözləri də işsiz bələdçilər əfsanə sayır. Onlar deyir ki, bu qədər heyəti daxili reyslərdə yerbəyer etmək sadəcə olaraq mümkün deyil. Daxili qatarlarda bələdçi yerləri artıqlaması ilə tutulub: “Bunların məqsədi odur ki, biz bezib öz ərizəmizlə işdən əl çəkək” – deyir bələdçilərdən biri.
Onların maaşı
Dara düşən bələdçilər jurnalist görmüşkən bir sıra problemlərini də ictimailəşdirməyi lazım bilirlər. Məsələn, onların aldıqları maaş yəqin ki, çoxlarını heyrətləndirəcək. Bələdçilərin maaşı 85-120 manat arasında dəyişirmiş. Bəs bu qədər az pulla necə işləyiblər? Cavabı qısa desək – Moskvanın hesabına. Öz dillərindən eşidək: “Rusiyadan bəzi malları, yağ, konfet-filan alıb gətirib burda yaxınlarımıza satıb dolanırıq. Nə gizlədək, biletsiz daşınmalar da olurdu. Buna görə də başımız çox ağrıyıb. Biletsiz gedənləri Rusiya tərəfi tutub aktlaşdırırdı, sonra onlara görə bizi burda 500 manat cərimələyirdilər”.
Cinsi ayrı-seçkilik
Bələdçilər cinsi ayrı-seçkilikdən də şikayətlənirlər. Onlar deyir ki, ötən ildən başlayaraq bələdçiləri qadınlaşdırma siyasəti aparılır. Eyni iş görsələr də, qadın bələdçilər kişi həmkarlarından 4-5 dəfə çox əmək haqqı alırlar. Şikayətçilər bu ayrı-seçkiliyi özləri üçün çözə bilmirlər və elə onların yerinə buraxılan Rusiya vaqonundan örnək gətirirlər: “Rusiyadan Bakıya gələn vaqondakı 30 bələdçidən 4-ü qadındır. Bizimkilər ruslardan ağıllı çıxıblar ki?”.
Media vasitəsi ilə dövlət rəhbərliyinə müraciət edən dəmiryol işçiləri ailələrini yaşatmaq üçün işə bərpa olunmalarına kömək istəyirlər. Onlar deyir ki, işdən uzaqlaşdırılırlarsa, onlara normal kompensasiya ödənilməlidir.
Aksiya anonsu
“Azadlıq”la söhbətləşən bələdçilər deyir ki, tezliklə onların əmək hüquqları bərpa edilməsə, aksiyalara başlayacaqlar. Bələdçilər deyir ki, idarələrinin həmkarlar birliyi onların probleminə zərrə qədər də diqqət ayırmır. Ona görə onlar yaxın günlərdə öz hüquqlarını qorumaq üçün müstəqil həmkarlar qurumu yaradacaqlar.
Natiq Güləhmədoğlu


