Rusiyanın Paris Hiltonu sayılan Kseniya Sobçak prezidentliyə yenidən namizəd olan Putinə qarşı kampaniyanın aparıcı üzvlərindən birinə çevrilib.
ANN.Az-ın verdiyi xəbərə görə, amerikalı məşhur milyonçu Paris Hiltona oxşadığına görə, “Rusiyanın Paris Hiltonu” adlandırılan Kseniya Sobçak Baş nazir Putinə qarşı sərt çıxışlarını əsirgəmir.
Bir vaxtlar varlı aristokratiya gözəli sayılan 30 yaşlı hazırcavab gözəlin böyük qalmaqala səbəb olan televiziya proqramının Kremlin göstərişilə efirdən çıxarılması Sobçakı Rusiyada daha da məşhurlaşdırıb.
Dondurucu soyuqlara baxmayaraq, təxminən 100 min nəfərin iştirak etdiyi mitinqlərdəki çıxışları Sobçakın müxalifətçi kimliyini daha da təsdiqləmişdi. On minlərlə insanın qarşısında çıxış edən Sobçak bu sözləri demişdi: “Mənim adım Kseniya Sobçakdır. İtirəcəyim bəzi şeylər var, amma mən yenə də burdayam”.
Bir vaxtlar Putinin ailəvi dostu sayılan Sobçak Putin hakimiyyətini korrupsiyada, seçki saxtakarlığında, mətbuat və ifadə azadlığının qarşısını almaqda ittiham edir. Sobçak televiziya proqramlarında Putin və Medvedevi uşaq kimi göstərən köynəklər geyərək, onların hakimiyyətini sərt tənqid edirdi.




