Baloğlan Əşrəfov xeyriyyə konserti verib

“Müğənnilər var ki, heç pul qarşılığında belə canfəşanlıq etmirlər”

Əməkdar artist Baloğlan Əşrəfov xeyriyyə konserti ilə çıxış edib. ANS PRESS-in məlumatına görə, dünən Qaradağ rayon Mədəniyyət Sarayında təşkil edilmiş xeyriyyə konsertində Baloğlan Əşrəfov rəhbərlik etdiyi Şəhriyar adına İnstrumental ansamblının müşayiəti ilə 2 saata yaxın canlı ifa edib.

Əməkdar artist bilet satışı təşkil edilən konsertdən maddi maraq güdmədiyini söyləyir: “Konsert təklifi “Kimsəsiz Ailələrə və Əlillərə Yardım” təşkilatından gəldi və mən də tərəddüd etmədən razılaşdım. Bir manat belə güdmədən ansamblımla canla-başla çıxış etdim. Həm də necə çıxış etdim. İnanın mənə, müğənnilər var ki, heç pul qarşılığında belə canfəşanlıq etmirlər. Mənim belə konsertlərim az olmayıb və elədiklərimi reklam etmək fikrində də deyiləm. Sadəcə içimdən gələn bir istək idi reallaşdırdım. Hər kəs bacardığı kimi xeyir işlər tutur və mən də sənətimlə üzərimə düşən xeyriyyəçilik missiyamı yerinə yetirirəm”.

Qeyd edək ki, konsert “Kimsəsiz Ailələrə və Əlillərə Yardım” cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Konsertdən əldə olunan vəsait təşkilatın fonduna köçürülüb.