Ziya Məmmədov qardaşını yeni vəzifəyə təyin edir

Ağır çəkili avtomobillərin yükdaşıma qaydalarını pozması ilə cərimələrin artırılmasının sirri açıldı

Nəqliyyat naziri Ziya Məmmədov “Avtonəqliyyatservis” Departamentinin sədri Çingiz Baxşiyevi işdən azad etməyi planlaşdırır. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki,  yaxın vaxtlarda Çingiz Baxşiyev işdən azad ediləcək.
Ziya Məmmədov departament rəhbəri barədə çoxsaylı şikayətlərin olmasını əsas gətirərək bu addımı atmaq istəyir. Əslində isə səbəb başqadır. Nazir sadəcə olaraq qardaşı Nəriman Məmmədovu Çingiz Baxşiyevin yerinə təyin etmək istəyir. Nəriman Məmmədov hazırda da “Avtonəqliyyatsevris”də şöbə müdiri vəzifəsində çalışır. Məlumatlarda o da bildirilir ki, iriqabaritli və ağır çəkili avtomobillərin yükdaşıma qaydalarını pozması ilə cərimələrin artırılması da əslində bununla bağlıdır. Yəni, Ziya Məmmədov qardaşının daha yaxşı qazanmasını təmin etməyə çalışır. Xatırladaq ki, Nəqliyyat Nazirliyi qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar olaraq bu tipli pozuntulara qarşı mübarizəni gücləndirib. Dəyişikliklərə görə, çəki və ölçülər standartlara uyğun gəlmədikdə Inzibati Xətalar Məcəlləsinin 163.1-ci maddəsinə uyğun olaraq hüquqi, vəzifəli və fiziki şəxslər cərimələnəcəklər. Vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimələnəcək. Fiziki şəxslər onlara məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin bu tələblər pozulmaqla yüklənməsinə görə 600-700 manat cərimə ediləcəklər. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılmaqla fiziki şəxslər 1000-1200 manatadək, vəzifəli şəxslər 1800-2000, hüquqi şəxslər 5500-6000 manatadək cərimələnəcəklər.