Xıdır Alovludan… Əli Əhmədova cavab

…22 il bundan əvvəl biz Bakı Dövlət Universitetində tələbə, YAP-ın icraçı katibi Əli Əhmədov isə, elmi-kommunizm kafedrasının müəllimi idi. Xalq hərəkatının geniş vüsət aldığı bir dövr idi, imperiyaya qarşı çıxışlar, həftəsonu izdihamlı mitinqlərlə müşayiət olunurdu. O vaxtın məşhur mitinqə çağırış şüarlarından biri də… “mitinqə çıxmayan ermənidir” şüarı idi. Bu çağırış universitetin müəllimlərinə də şamil olunurdu. Hərəkatın ilk illərində, sovet ideologiyasını tədris edən müəllimlərin təzyiqi ilə qarşılaşsaq da, 20 Yanvar hadisələrindən sonra, onlar buna açıq şəkildə cürət etmirdilər və mitinq çağırışlarını sadəcə “eşitməməzliyə” vururdular. Mitinqlərə gələn müəllimlər arasında, həmin kafedralardan, Ismayıl Musayev istisna olmaqla, kimsəni görmədik…
…Illər keçdi, müstəqil olduq və bu cür şüarlar da öz əhəmiyyətini itirdi. Hətta unutmuşduq belə… Lakin bu günlərdə, bizim keçmiş elmi-kommunizm müəllimimiz, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi, Əli Əhmədov bizi yenidən illər öncəyə apardı… Xırda “kosmetik” dəyişiklik edilən şüar ilk dəfə… meydanlara çıxmamaq üçün (hey gidi dünya!) səsləndi. Bəli, sən demə eşidirlərmiş, sadəcə…  
Əli müəllim Bakıda keçiriləcək, “Eurovision” musiqi yarışması zamanı etiraz-filan (!) edə biləcək evləri sökülən, mənzil fırıldağı qurbanlarına, haqsız yerə zindanda çürüdülənlərin əqidə dostlarına (bir sözlə, qeyri-yapçılara – X.Ə.)  xəbərdarlıq etdi:
“Azərbaycanda isə, kimsə ”Eurovision”la bağlı pozuculuq addımı atmağa çalışırsa, hansı motivlərdən çıxış etməsindən asılı olmayaraq, o, mütləq şəkildə ermənilərlə birləşmiş və ya eyni mövqedə dayanmış kimi qiymətləndirilməlidir”.
Bəli, mitinqə çıxmaq, haqqını tələb etmək istəyənlərə, “erməni ilə işbirliyi damğası”… Axı o bizim şüarımız idi, özü də bu, yarızarafat, bir az da təhrikedici kimi səslənirdi, ən əsası təşkilatçılar tərəfindən irəli sürülməmişdi və mitinqə getməməyə görə kimsə ittiham edilmirdi.
O vaxtlar ciblərində partbilet gəzdirənlər, bu gün eyni şüarları tamam başqa məqsədlərlə səsləndirirlər. Özünəməxsus revanş deyərlər buna…
Əli Əhmədova görə, on minlərlə mənzil fırıldağı qurbanları, evləri buldozer ağzına verilmiş zavallılar, əsassız ittihamlarla həbs edilən vicdan məhbuslarının əqidə dostları səslərini çıxarmamalıdırlar.
Əgər etiraz-filana qalxsalar, deməli, ermənilərlə əlbirdirlər. Qəribə sual yaranır: “Bir milyondan çox soydaşımızı öz yurdlarından didərgin salmış ermənilər hansı məntiqlə, əzilən, haqqı tapdanan azərbaycanlıları himayə etməlidirlər?!”.
Ermənilərlə işbirliyi yapanların kim olduqlarını təxmin etmək üçün insana heç ali savad da lazım deyil, o ki qaldı Əli müəllim kimi elmlər doktoru olasan….
Əminəm ki, hər şeyə rəğmən savadını inkar edə bilməyəcəyim Əli Əhmədov da bunu gözəl bilir, nə yazıq ki, zəmanə onu belə addımları atmağa “vadar edir”. Çox təəssüf…
Nə “Nyu-York tayms”, nə “Şpigel”, nə də bir başqa nüfuzlu nəşr Azərbaycan xalqının imicinə xələl gətirəcək bir kəlmə işlədiblər. Əksinə onlar vətəndaşlarımızın orta əsrlər istibdadı ilə üzləşməsini həzm edə bilmirlər. Ermənipərəst olsaydılar, rəsmi rus mətbuatının yazdıqlarını təkrar edərdilər.
Mühazirəsini dinlədiyim Əli Əhmədovun bunu da gözəl bildiyinə əminəm.
Romantik, nostalji ovqatını korlamamaq üçün sonda Əli müəllimin keçmiş silahdaşı, bir zamanların ən alovlu YAP yapçısı (hər halda mənə belə gəlir – Ə.X.) Xıdır Alovlunun “Rüşvətxor haqqında ballada” (yanılmıram, ad dəqiqdir), şeirindən bir parçanı elə onların diqqətinə çatdıraq;
Gözünü açanda obaya, elə
Rüşvət toxumunu səpdi, yaydı o
Üstündə gəzdiyi torpağı belə
Ayağı altında rüşvət saydı o
***
Rüşvətlə hər yana yol salmışdı o
Rüşvət çox vermişdi, çox almışdı o
Elə bilirdi ki, ölümü belə
Alar əzrayıldan, o, rüşvət ilə.

Bu ədəbi obrazın prototipinin kim olduğunu isə, heç şübhəsiz, Xıdır Alovlu qədər də, Əli Əhmədov bilir…
Sonda bizi mübarizə dolu, şərəfli günlərimizə xəyalən də olsa, qaytardığı üçün Əli müəllimə “təşəkkür” edirəm.
O ki qaldı şüara, əski təyinatı daha möhtəşəm idi…
Nəzərə alacağıq…