Bəzi ekspertlər Iranı maneə sayır, bəziləri isə Azərbaycan hakimiyyətinin Türkiyədən ehtiyat etdiyini deyir
Türkiyəli yazar Zeynəb Gürcanlının “Hürriyet” qəzetindəki məqaləsi iki ölkə arasındakı viza problemini yenidən gündəmə gətirdi. Z.Gürcanlının Azərbaycan rəsmiləri ilə söhbətlərindən belə məlum olur ki, Türkiyə ilə viza rejiminin ləğvinə Iran mane olur.
Politoloq Vəfa Quluzadə də Iranı bu məsələdə maneə hesab etdiyini deyir: “Azərbaycan neçə illərdir Israildə Azərbaycan səfirliyini açmalıdır, amma açmır. Bu mənim özüm üçün də bir tapmaca idi ki, görəsən, səbəb nədir? Bir dəfə Heydər Əliyevlə söhbət zamanı dedim ki, səfirliyi açmağın vaxtı çatıb. Bundan əvvəl isə Tofiq Zülfüqarov ora səfər etməlidir. O da məni başından etmək üçün dedi ki, qoy, getsin. Iki-üç gündən sonra Heydər Əliyev Tofiq Zülfüqarova zəng edib soruşanda ki, neyləyirsən, dedi ki, Israilə səfərə hazırlaşıram. Qışqırdı ki, kim sənə bu icazəni verib. O da dedi ki, Vəfa Quluzadə. Dedi, Vəfa Quluzadə prezidentdir bəyəm, sən məndən icazə almalısan, getmə. Bugünə qədər də biz o səfirliyi açmamışıq. Səbəb aydındır ki, Iranın bu məsələdə bizə böyük təzyiqi var. Indi biz Türkiyə ilə viza rejimini götürsək, Iran qısqanacaq və bizə qarşı mövqeyi daha da aqressiv olacaq. Ikisinə birdən hələ ki, icazə verə bilmərik. O zaman biz Türkiyəyə ”hə”, Irana rədd cavabı verməli olacağıq. Belə olarsa, Iranı aşağılamış və regiondakı balanslı siyasətimizdən geri çəkilmiş oluruq”.
V.Quluzadənin fikrincə, Azərbaycan Türkiyə ilə də, Iranla da viza rejimini ləğv edəcək: “Hər şeyin vaxtı var. O vaxt gələcək ki, viza rejimini ləğv etməyin Azərbaycan üçün heç bir təhlükəsi olmayacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Iran amilinin ortaya atılmasını bəhanə kimi qiymətləndirir: “Belə rəy yaratmağa çalışırlar ki, Türkiyə ilə viza rejimini götürsələr, Iran da o biri tərəfdən tələb qoyacaq. Mən də əvvəllər bu haqda yazmışdım. Amma məsələ ondadır ki, Iranla Azərbaycan arasında münasibətlər son vaxtlar son dərəcə gərginləşib. Məhz belə bir ərəfədə Azərbaycanın əlinə Türkiyə ilə viza məsələsini həll etmək üçün fürsət düşüb. Hesab etmirəm ki, viza məsələsinə görə Irandan Azərbaycana təzyiqlər artsın. Viza probleminin həll olunmaması daha çox Türkiyənin özü ilə, Türkiyə siyasəti ilə bağlıdır. Azərbaycan hakimiyyəti ehtiyat edir ki, viza rejimi qaldırılsa, Türkiyə iqtisadiyyatı, ticarəti Azərbaycana gəlib buradakı monopoliyaları dağıda, həmçinin Türkiyədəki alternativ seçim imkanı, demokratik dəyərlər, düşüncə tərzi Azərbaycana gələ bilər”.