
ARDNŞ-in vətəndaşlara qarşı qaldırdığı iddiaların sayı 16 minə çatmaq üzrədir. Əgər bu rəqəm keçən ilədək 12 min idisə, bu il üçün göstərici bir qədər də artıb. Amma məsələ burasındadır ki, ARDNŞ-in iddialarının məhkəmələrdə təmin olunmasına baxmayaraq, onların heç də hamısının tam hüquqi qüvvəyə sahib olduğunu demək olmaz. Necə ki, “Azadlıq” qəzetinin dünənki sayında Səbail rayonunun “20-ci sahə” adlanan hissəsində yaşayan minlərlə insan evlərinin sökülməli olduğu barədə birinci instansiya məhkəməsində çıxarılan qərarla razılaşmır.
Belə ki, “Azadlıq” qəzetinin əldə etdiyi bir sıra sənədlərə görə, ARDNŞ-in iddiası və məhkəmə qərarı əsassızdır. Fevralın 2-si 1999-cu ildə Quruda Neft və Qazçıxarma (QNQÇ) Istehsalat Birliyinin baş direktoru Yavər Camalov (indi o, nazirdir) Bakı şəhər Icra Hakimiyyətinin o vaxtkı başçısı Rəfael Allahverdiyevə məktubunda vurğulayır ki, “Bibiheybət” Neft-Qaz Çıxarma Idarəsinin istifadəsində olan torpaq sahələrinin 217.45 hektarında qanunsuz olaraq çoxlu sayda fərdi yaşayış evləri inşa edilərək şəhər salınıb. Zəbt edilən sahələrdə tikintilər altında qalan az həcmli qalıq neft ehtiyatlarının gələcəkdə çıxarılması lazım gələrsə, bu, maili və horizontal quyuların qazılmasıyla mümkün olduğundan, qeyd edilən sahələrin əvvəlki istifadəçisinə qaytarılması məqsədəuyğun sayılır.
Başqa bir mühüm sənəd isə Bakı şəhər Icra Hakimiyyətinin keçmiş başçısı Rəfael Allahverdiyevin 29.07.1999- cu il tarixdə imzaladığı sərəncamdır. Səbail rayonu ərazisində yerləşən və ARDNŞ-ə məxsus “Bibiheybət” NQÇI-nin istifadəsində olan torpaqların 266.05 hektarı geri alınır.
Mövzu ilə bağlı suallarımızı ekspertlərə ünvanladıq.
«Ortaya çıxan sənəddən sonra ARDNŞ-in vətəndaşlara qarşı qaldırdığı iddiaların dəqiqləşdirilməsinə ehtiyac var»
![]()
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirdi ki, ARDNŞ-in vətəndaşlara qarşı qaldırdığı iddiaların dəqiqləşdirilməsinə ehtiyac var. Çünki elə torpaq sahələri var ki, onlar ARDNŞ-ə məxsus olmadığı halda şirkət onlarla bağlı iddialar qaldırıb: “Indiki Xəzər, Qaradağ rayonlarında, Zığda yerləşən və neft şirkətinə aid olmuş torpaqlar istismar üçün yararsız olan zaman şirkətin işçilərinin istifadəsinə verilmişdi. Yəni neft şirkətinin praktikasında ona məxsus olan torpaq sahələrinin vətəndaşlara paylanması halı var. Ona görə hazırda neft şirkətinin vətəndaşlar qarşısında qaldırdığı iddialar ciddi araşdırılmalıdır”.
Digər tərəfdən, M.Qəhrəmanlının sözlərinə görə, bir məqamı da nəzərə almaq lazımdır ki, heç bir vətəndaş Azərbaycan reallığından çıxış edərək icazəsiz özü üçün ev tikintisinə başlamaz. Ona görə yaranan situasiyada vətəndaşı qınamaqdan daha çox, dövlət təsisatlarının keçmişdəki fəaliyyəti öyrənilməlidir.
«Azərbaycan reallığında vətəndaş heç bir sənədi olmadan ev tikməyə başlamağa cürət etməzdi»

Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, Azərbaycanda olan torpaqların 56 faizi dövlət, 20 faizi özəl, 24 faizi isə bələdiyyə mülkiyyətindədir. ARDNŞ-in hazırda və keçmişdə sahib olduğu torpaqların məhz dövlət fondu torpaqlarına aid edildiyini deyən M.Baxışov onu da vurğuladı ki, dövlət fondu torpağı yalnız istifadəyə və icarəyə verilə bilər. Təəssüf ki, Azərbaycanda vətəndaşla indiyə qədər bağlanmış alqı-satqı müqavilələrində nöqsanlara yol verilməsi üzündən ciddi problemlərin yaşandığını deyən M.Baxışov vurğuladı ki, bələdiyyə torpaqlarının sərhədlərinin vaxtında müəyyənləşdirilməməsi sonda vətəndaşlara verilən torpaq sahələri ilə bağlı problemlərin yaranmasına səbəb oldu: “Hətta əgər bələdiyyə vətəndaşa yanlış sərəncam veribsə, buna görə vətəndaş ziyan görməməlidir. Vətəndaşın sökülən evinin əvəzində bələdiyyə ona başqa yerdə torpaq sahəsi ayırmalı və ev tikməlidir. Eyni yanaşma ARDNŞ-in də iddia etdiyi torpaqlarla da bağlı olmalıdır. Çünki vətəndaş heç bir sənədi olmadan ev tikməyə başlaya bilməz. Əgər vətəndaşın tikdiyi ev qanundan kənar idisə, bu addımın qarşısı zamanında alınmalı idi. Bu cür işlər Avropa Məhkəməsində uduşlu sayılır. Çünki əgər dövlət orqanları vətəndaşın ev tikməsinə vaxtında reaksiya verməyiblərsə, susublarsa, bu, razılıq əlaməti kimi dəyərləndirilir”.
Hikmət


