Neftçilər yenidən aksiya keçirdilər

Rövnəq Abdullayevin köməkçisi fəhlələrə «ev istəyirsiniz, gözləyin, göydən zənbillə düşəcək» cavabını verib

Dünən “Balaxanı oil” və “Bahar energy”də çalışan 100-ə yaxın neftçi Dövlət Neft Şirkətinin qarşısında aksiya keçirib. Onlar adlarının mənzil növbəsindən çıxarılmasına etiraz edirlər.
Piket keçirən fəhlələrin dediyinə görə, idarənin mühafizəçiləri neftçilərin onların binaya daxil olmasına imkan verməyiblər. Lakin bu, aksiyaçıların Neft Şirkətinin qarşısında toplaşmasının qarşısını ala bilməyib. Şirkət prezidentinin köməkçisi Firudin Ibrahimov etiraz edənlərin yanına gələrək onların aksiya keçirməsinin səbəbləri ilə maraqlanıb. Fəhlələr isə bildiriblər ki, məqsəd ev almaq üçün onlara edilməli olan güzəştlərin ləğvidir.
F.Ibrahimovun cavabı isə belə olub: “Nə? Ev istəyirsiniz? Gözləyin, göydən zənbillə düşəcək. Hərəniz birini götürüb apararsınız”. Lakin neftçilərin təkidlərindən sonra F.Ibrahimov onları qəbul edərək vəziyyətlə maraqlanmağa razı olub.ÿ
Qeyd edək ki, Dövlət Neft Şirkəti yüzlərlə fəhləni mənzil növbəsindən qanunsuz olaraq çıxarıb. Işçilərə bildirilib ki, artıq onlara ev alan zaman heç bir güzəşt edilməyəcək. Işçilər bununla bağlı fevralın 11-də də qurumun binası qarşısında aksiya keçirmişdilər.