«EUROVISION» Azərbaycanı çalxalayır
Mayda Azərbaycanda, bir az da dəqiqləşdirsək Bakıda “Eurovision” musiqi yarışması keçiriləcək, bunu hər kəs bilir. Dünyada Azərbaycanı inkişaf etmiş ölkə kimi tanıtmağı məqsədə çevirənlər dördüncü həmlədə “olimp”ə çatdılar. El və Niki (tək bu ad səsləndirməsi adamın qulağına çox söz pıçıldayır) birinci oldu. Azərbaycan dillisiz Niki qələbə səhnəsinə Türkiyə bayrağı ilə çıxdı. Buna türklər çox sevindilər.
Mənsə Samirlə Elnurun “Eurovision”da ilk təmsilçimiz olduğuna təəssüfləndim. Onların kompozisiyası, performansı(bu sözü efirə şoumen Murad Dadaşov gətirdi, indi geri qaytara bilmir) qələbəyə daha layiqdi. Amma Azərbaycanda “Eurovision” məsələlərinə, seçim işləmlərinə ağalıq edən Ictimai televiziya gözlənilmədən şöhrətin zirvəsinə qalxıb Avropada beşinci olan o gənclərə yiyəlik etmədi. Üstəlik, yarışdan sonra hər cür qadağa və susqunluqla, yuxarılara danosçuluqla onların karyerasını məhv elədi. Ictimai televiziyanın seçimi və yardımıyla Azərbaycanı Avropada təmsil edən müğənni Samir bu gün cinayətdə suçlanır, Elnurun izi-tozu bilinmir. Onların haqqında ədəbsiz söhbətlər gəzir. Bu fakt kimlər üçünsə biabırçılıq, mənim üçün dəhşətdir.
“Eurovision” “OSKAR”, “Nobel” deyil
Əslində, “Eurovision” bir elə möhtəşəm, tarixi, həyati əhəmiyyətli, iştirakçıya para-pul qazandıran yarış deyil. Sadəcə bəzəkli, rəngli konsert proqramı, üç-beş minlik turist cəlbi, min beş yüz jurnalistin ezamiyyə xərclərini ödəmək üçün yazacağı yazı mövzusudur. Bu, hətta gerçək sənət yarışması da deyil. Gerçək yarış obyektiv münsiflərin seçimi zamanı olur. Səsvermə yarışında bir qayda olaraq SMS-ə gücü yetənlər qalib gəlir. Bütövlükdə götürəndə ətrafında hay-küy yaradılan “Eurovision”un mahiyyəti SMS-dən ibarətdir. Xırdalıqlara varsaq, əlbəttə, Avropa məkanı üçün sevilən, dəyər verilən musiqi bayramıdır, ona qatılan hər kəsin də arzusu birinciliyin sevincini yaşamaqdır.
Əyri-düz, yaxşı-yaman, hər necə olsa. Qələbənin adı qələbədir, qaliblər sorğu-suala tutulmur. Qələbəylə bağlı şübhənin konkret nədənini yazım, keçim mətləbə. Araşla Aysel “Eurovision” iştirakçısı olan ili qəzetlər yazdılar ki, Ilham Əliyevin qudası Araz Ağalarov qudasına hədiyyə olaraq birinci yeri satın almaq istəyib, bunun üçün 3 milyon dollar da təklif edib. Təklif gerçəkləşməyib, ona deyiblər ki, bizdə qələbə məsələsi iki il qabaqdan həll olunur, indi on milyon da verilsə, düzələn deyil. Bu məlumatın nə qədəri doğrudu, ya yalan, bilmirəm. Od olmayan yerdən tüstü çıxmaz – bax, bunu dəqiq bilirəm.
Azərbaycanda prezident seçkisindən başlamış ATV-də “Nömrə bir” müğənni yarışmasınacan bütün seçimlər saxta (deyilənə görə, müğənni Xatirə hələ də “Azərsell”in borcunu ödəyə bilməyib) keçirsə, saxtalıq edənləri yox, saxtakarlığı üzə çıxaranları türməyə salırlarsa (məsələn, Vidadi Isgəndərlini), “Eurovision”a təmsilçi seçimi üzdə şəffaf, əslində təyinatla aparılırsa, yəni min bir bəhanəylə SMS toplayıb sonra yenə hər şey münsiflərin (Azərbaycanda münsif olmaq hələ azad seçim imkanı olmaq demək deyil) öhdəsinə buraxılırsa, nədən şübhə yaranmasın? Fakt odur ki, Beynəlxalq Həvəskar Boks Federasiyası qızıl medalları qabaqcadan satırsa, “Eurovision”da SMS-lər niyə satılmasın?
Leyla Yunus xalq düşmənidirmi?
Avropa musiqi yarışmasının Azərbaycanda keçirilməsinə həm ölkəiçi, həm də beynəlxalq münasibət fərqlidir. Gözlərini yumub qulaqlarını qapayanlar – YAP-çılar, deputatlar, QHT-şniklər təriflər yağdırırlar, insanların hüquq və azadlıqlarını prezidentin “şöhrət”indən üstün bilənlər “Qış bulvar”ı, “Bayraq meydanı”, NZS, Sulutəpə, taksi sürücülərinin problemləri, 10 manat dəyərində əmək haqqı (pensiyanı belə, 10 manat artırmadılar) artımı fonunda iqtidarın “Eurovision”a milyonlar xərcləməsinin, yalançı inkişaf və demokratiya görüntüsü yaratmağın əleyhinədir. Bunca sadə və bəsit. Bu ölkədə toxun acdan xəbəri olmadığı üçün Milli Məclisdə oturanlar da evi uçurulan, oğlu əsgərlikdə ölənlərin çəkdiyini çəkə bilmir.
Beynəlxalq telekanallar, dünyanın hər yerində müxbiri olan nüfuzlu qəzetlərin bilgisi, əllərində faktları olmasaydı Leyla Yunusun çıxışlarına inanıb imicinə kölgə salmazdı. “Eurovision”un ötənilki qalibi Almaniyadan gələn telejurnalist Azərbaycanı, onun televiziyaları II dünya müharibəsindən sonrakı Almaniyaya bənzədir.
Onlarla bizim aramızda 70 illik dönəm var. “Inkişaf sürətimizi” ikiqat artırsaq belə, bugünkü Almaniyaya çatmağımıza 30-35 il qalır. Amma biz özümüzü onlardan üstün, bəxtəvər göstərməyə çalışırıq. Dünya gördüyünü görür axı. Ona qalsa Misirdə, Liviyada insanlar Azərbaycandakından daha güzəştli yaşayırdılar. Bir ildir Bəşər Əsədin boynuna qoya bilmirlər ki, millətinə zülm edirsən, etmə. Amma qoyacaqlar. Leyla Yunus neynəsin ki, Ilham Əliyev Davosdan gəlib Qusara xizək sürməyə gedir və orda AzTV-yə deyir ki, “bizim ölkədə ayrı-seçkilik yoxdur, bunun təminatçısı mənəm”. Ilham Əliyev sözünün ağası deyil, buna Leyla Yunus neyləsin? Adamın evini əlində məhkəmə qərarı ola-ola başına uçuranda nə deməlidi? Deməlidi ki, “Yaşasın ümummilli liderimizin layiqli davamçısı Ilham Əliyev? Buyursun ”Eurovision”un kölgəsində piarını apartsın”. Deməz axı. Heç həmin durumda Siyavuş Novruzov, Azay Quliyev, Novella Cəfəroğlu da deməz. Mən də demərəm. “Eurovision”u Azərbaycana Heydər Əliyev Fondunun dəstəyi, ITV-nin əliylə Ilham Əliyev gətirdi. Simfoniyanı Qəbələyə aparmadılar, Avropanı da Azərbaycana gətirib dənizə açılan saraylarında Dənizkənarı bulvarın kanalizasiya iyində kef edəcəklər. Bizə bomjlar üçün yalançı sığınacaqlar gərək deyil, qarnıyoğunlar orda əlavə pul qazansınlar, ciblərini şişirtsinlər. Bu qədər yalanın, acının içində Azərbaycan iqtidarının “Eurovision” sevincinə qatılmaq, qatılanlarla razılaşmaq olmur.
AĞACDƏLƏN olmaqdan yorulmayın
Heydər Əliyev sarayında düzənlənən final seçimini mən ekranın bu üzündən, həmkarım Natiq Güləhmədoğlu o üzündən izləmişdi. Mən çoxları kimi bu yandaydım, Natiq bəy onların yanında. Məkanımız, mövqelərimiz fərqli olduğu üçün yazılarımız da fərqli alınmışdı. Yetərincə kəskin yazıların sırasında həmkarım Natiq Güləhmədoğlunun bircə konsertlə xoşbəxt olacağını düşünməzdim. Odur ki, aparıcı Hüsniyyə barədə yazdığından savayı heç bir müsbət fikrini qəbul etmirəm. Natiq bəyin yazısı toy iştirakçısının, mənimki toyun videolentinə baxanın yazısıydı. Toy kasetinə baxmaq, toyda olmaqdan fərqlidir. Kasetə sən rejissor və operatorun gözüylə baxırsan, müxtəliflik öncə burdan yaranır. Hətta toyda özündənrazı olan adam belə, sonradan kasetə baxanda danışığından, oynamağından, görkəmindən, yeyib-içməyindən utanır. Ikincisi, konsertin, şənliyin, ad gününün, bir sözlə, xeyir işin aurası ayrıdır. O aura insanın ovqatını müsbətə dəyişir. Bildiyim qədər Natiq bəy aura adamı deyil… Səbinə Babayeva heç bir halda Natiq bəyin gözü qarşısında seçilməyib. Münsiflər ora “hazır” gəliblər. Səbinə Babayeva aylar öncə seçilib, SMS-lər ITV-nin büdcəsini zənginləşdirməyə xidmət edib. Sadəcə finalda bu seçimə təbii don geyindirmək üçün daha zəif rəqiblər saxlanılıb. Əslinə qalanda Səbinə xanıma mənim birbaşa iradım yoxdur. Iradım xalqını aldatmağa çalışan ITV-yə və ona göstəriş verənlərədir. Yəni incəsənəti siyasətin əsiri edənlərə və studiya tərtibatını, efir yayımını yüksək səviyyədə təşkil etməyi bacarmayan ITV-yə. Yoxsa Azərbaycanı kim təmsil edir etsin, əsas hədəf, ona yetməkdir. Kaş Natiq bəy o yazısının başlığını dırnaq arasına alaydı, həftə sonunu gözləyənəcən məni bunca rahatsız etməyəydi.
Qadağalar onları aşmaq üçündür
Leyla Yunus azad insandır – istədiyini deyir, kampaniya yaradıb mübarizəsini aparır. Natiq Güləhmədoğlu da azaddır – istər öyər, istər söyər. Mən də azadam, ən azı Elnur bəy qədər. Qənimət Zahid türmədən çıxanacan “Azadlıq” qəzetində teleşərhlərə bir səhifə yer ayrılırdı. Deyim ki, biz bu şərhləri qrup halında hazırlayırdıq. Bu təklif 2006-cı ildə “Azadlıq” qəzetinin keçmiş direktoru Azər Əhmədovdan gəlmişdi. Sonra yazar Elnur Astanbəyli bizim əziyyətimizi, gördüyümüz işi gərəksiz bildi, “Azadlıq”da atmacasız yazı yazdı. Yazdı ki, “Azadlıq” qəzeti Azərbaycan televiziyalarına bu qədər yer ayırmamalıdır, onlar buna layiq deyillər, bizim daha böyük hədəflərimiz var. Dedi, yazdı, sonda televiziya rəhbərlərinin beş illik arzusunu gerçəkləşdirə bildi, səhifəmiz köşəyə çevrildi, qrupumuz dağıldı. Köşə faktın hissə, duyğuya, münasibətə çevrildiyi yerdir. Amma mən faktı çılpaq sevirəm, onu detallarına qədər xırdalamağı sevirəm. Him-cim sevməm. Odur ki, Qənimət bəy Parisdən qayıdınca mən də köşənin “cızığından” qırağa çıxmaq istədim deyə yazı böyük alındı. Amma onda da yazmışdım, yenə yazıram, bu hakimiyyəti bu kürsüdə saxlayan ən güclü qollardan biri televiziyalardır. AzTV, ITV və ANS-dir. Anlayın artıq. Televiziyaları “Xalq”, “Azərbaycan”, “Yeni Azərbaycan” qəzetləri olmazınca tərifləyir, barı biz ancaq əyrilərdən yazaq, “palaz-palaz” yazaq, həftədə bir yol yox, hər gün yazaq. Heç olmasa balansı belə qoruyaq. Nə Qaranquş, nə də sərçə, Ağacdələn olaq, AĞACDƏLƏN.
Sənubər Ismayılqızı