Klintondan Cənubi Qafqaza demokratiya mesajı

Rahim Hacıyev: «Amerika Cənubi Qafqazda demokratiyanın ön plana çıxarılması ilə bağlı kifayət qədər qərarlıdır»

“Birləşmiş Ştatlar gələn il də Qafqazda sülh, sabitlik, demokratiya, insan haqları və inkişafı dəstəkləyəcək”. Bu bəyanatla ABŞ-ın Dövlət katibi Hillari Klinton “FY 2013 Beynəlxalq Münasibətlər və Konqresin Büdcə Təsdiqləmələri” iclasında çıxış edib. Azərbaycanda gələn il prezident seçkiləri ili olduğu nəzərə alınarsa, Klintonun bəyanatı müstəsna əhəmiyyət daşıyır.
Siyasi ekspert Rahim Hacıyevin sözlərinə görə, 2010-cu ildən başlayaraq ABŞ dünyada demokratiyanın qlobal miqyasda inkişafına dəstək verməyə başlayıb. Ötən müddət ərzində də ABŞ-ın bir sıra dövlətlərin demokratiyaya qovuşmasında çox ciddi səyləri ilə yadda qaldığını deyən R.Hacıyevin fikrincə, Klintonun açıqlaması ona işarədir ki, ABŞ bundan sonra da demokratiya uğrunda səylərini davam etdirmək fikrindədir: “Artıq kifayət qədər deməyə əsaslar var ki, ABŞ Cənubi Qafqaz regionuna fokuslaşmaq niyyətindədir. Cənubi Qafqazdakı demokratiyaya dəstək vermək planını Klintonun açıqlaması bunu bir daha göstərir. ABŞ uzun müddətdir Azərbaycan hakimiyyətini demokratik islahatlara getməyə çağırır. Xeyli vaxtdır ABŞ-la Azərbaycan arasında bu istiqamətdə kritik dialoq var. Əvvəllər ABŞ Azərbaycanla bağlı təhlükəsizlik və enerji məsələlərinə xüsusi diqqət verirdisə, Amerika Cənubi Qafqazda demokratiyanın ön plana çıxarılması ilə bağlı kifayət qədər qərarlıdır”.

R.Hacıyevin sözlərinə görə, bir daha sübut olundu ki, avtoritar rejimlərlə əməkdaşlıq heç də lazımi nəticələri vermir. Azərbaycanla ABŞ-ın uzun müddət enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıq etdiyinə diqqət çəkən R.Hacıyev bildirdi ki, amma enerji və təhlükəsizlik problemlərini bu əməkdaşlıqla həll etmək mümkün deyil: “Azərbaycan hakimiyyəti özü də enerji məsələlərini qabağa çəkib. Amma demokratiya məsələsində Azərbaycan nəinki dünyada gedən proseslərdə iştirak etmək istəyib, əksinə ona ziyan vurub. Azərbaycan kimi rejimlər qlobal təhlükəsizliyə təhdid kimi görünür. Dünyada demokratik dəyərlərin müdafiəsini təmin etmədən nə təhlükəsizlik, nə də enerji əməkdaşlığı mümkündür”.
R.Hacıyev son olaraq onu da vurğulayıb ki, gələn il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi nəzərə alınarsa, Klintonun açıqlaması müəyyən ümidlər yaradır: “ABŞ ölkəmizdə nəhayət, demokratik seçkilərin keçirilməsi üçün əlindən gələni edəcək”.
Xəyal