Çarli Çaplin fransızdır?

Əfsanəvi komediya ustası Çarli Çaplinin 1889-cu ildə Londonda doğulduğunu təsdiqləyən sənəd yoxdur. Çaplinin qohumlarının keçən il ortaya atdığı bir iddiaya görə, o, Birmingem şəhəri yaxınlığında, bir qaraçı düşərgəsində dünyaya göz açıb.
1952-ci ildə ABŞ-da Çaplinin kommunistlərlə əlaqəsinin olub-olmadığını araşdırmaq üçün Ingiltərənin müvafiq qurumlarına sorğu göndərilib. Ingiltərənin Milli Arxivindən verilən məlumata görə, ABŞ-ın bu sorğusundan sonra Çaplin haqqında araşdırma aparılıb.
1889-cu il aprelin 16-da Londonda doğulduğu deyilən Çaplinin doğum şəhadətnaməsi tapılmayıb. Bəzi iddialara əsasən, o, Fransada doğulub. Lakin bu faktı da təsdiqləyən bir sənəd aşkarlanmayıb. Nəticədə ABŞ-a Çaplinin kommunist olmadığı, olsa-olsa, radikal qabaqcıl olduğu, doğumu haqqında da hər hansı bir izə rast gəlinmədiyi məlumatı ötürülüb.
Qeyd edək ki, ABŞ-da 1950-ci illərdə böyük bir kommunist “ovu”na başlanan “McCarthyism” kampaniyası zamanı bir çox sənətçilər sorğulanmışdı. Məhz Çaplin haqqında məlumat toplama da bu istiqamətdə aparılan işlərin tərkib hissəsi olub.