Bizim və onların seçkiləri

Putinin dəmir barmaqlıqlar arxasındakı əksinə bir neçə günün içində milyon və bəlkə də daha çox adam baxdı. Mənə elə gəlir ki, insanlar Putini məhz elə orada – dəmir barmaqlıqlar arxasında görmək istəyirlər, əks halda, o qurama kadrların bu qədər maraq kəsb etdiyini anlamaq çətindir.
Bəli, hər şey gələn ay – martın lap əvvəlində məlum olacaq. Amma mən Rusiyadakı seçkilərə elə də inanmıram. Bizim seçkilərlə Rusiyadakı seçkilər arasında bir fərq var. O da budur ki, bizdə seçkiləri total saxtlaşdırırlar, oralarda isə qismən saxta seçki keçirirlər. Güc strukturlarının personalı, bəzi Asiya mənşəli federasiya subyektləri –  bunların hamısı Putinin passiv elektoratıdır. Məsələn, inanmaq çətindir ki, Çeçenistanda, yaxud da Başqırdıstanda (mən indi həmin bu subyektin necə adlandığını bilmirəm, çünki onların hamısı adını bir azca dəyişib, necə deyərlər, özlərinə qayıdıblar!) əsl demokratik və azad seçkilər keçirilsin!
Indi deyəcəksiniz ki, öz problemimiz özümüzə bəsdir, Rusiyadan bizə nə?! Amma dəxli var. Bizimkilər məhz Vladimir Putinin xatirinə “Nabukko”dan əl çəkdilər. Əvvəlcə mart ayını gözləmək istədilər, lakin sonra başa düşüb anladılar ki, gözləməyə dəyməz, çünki prezident Vladimir Putin olacaq. Nəhəng bir layihə beləcə, siyasi gündəmdən çıxdı. Nə qədər qəribə olsa da, bizim siyasi elita həm də Putinin və yaxud da onun kimilərin sayəsində hakimiyyətdədir.
Rusiyada ilk etirazlar başlayanda hamının diqqəti bu ölkəyə yönəlmişdi. Bir gün gözlədilər, iki gün gözlədilər, gördülər ki, Rusiyanın müxalifəti də bir şey deyil, beləcə maraq söndü. Indi təzədən maraq yaratmaq üçün gərəkdir ki, ciddi bir hadisə baş versin. Amma ciddi bir şey ola bilərmi? Hər halda, o qədər də ümidli deyiləm, mümkün olsaydı, bu elə ilk günlərdən özünü büruzə verərdi. Bircə onu deyəcəm ki, Azərbaycan Rusiyanın yüz dəfələrlə kiçilmiş surəti də deyil, bizim ölkə daha çox Türkmənistana bənzəyir. Mən nədən bu qənaətdəyəm? Səbəbi sadədir:
1. Seçki texnologiyalarında belə bir deyim var: “Inzibati resurslar”. Belə fərz edilir ki, bu, hakimiyyətdə olan siyasi qüvvənin seçki vaxtı malik olduğu bir sıra mühüm üstünlüklərdən biridir. Əslində isə belə faktorların seçkiyə təsir imkanları minimuma endirilməlidi. Amma bəzi ölkələrdə reallıqda nələr baş verir? Bir qayda olaraq, kim hakimiyyətdədirsə, seçkini də o udur! Bu anlam bizi Rusiya ilə yaxınlaşdırır. Fəqət, bircə fərq var. Əgər Rusiyada bu inzibati resurslar qismən istifadə edilirsə, burada bütün seçki məhz onların üzərində qurulur.
2. Seçkidə “təbii inhisarlar” kimi təbii elektorat olur. Primitiv mənası budur ki, prezidentliyə namizədin, məsələn, doğulduğu yerin əhalisi böyük ehtimalla ona səs verir. Məmur korpusu və güc strukturlarının personalı təbii ki, hakimiyyətdə olan şəxsin elektoratıdır. Amma Azərbaycanda seçkilər məhz bu faktorlara görə udulsaydı, mən buna sevinərdim. Lakin Azərbaycanda bir az əvvəldə qeyd etdim ki, inzibati resurslar buna gətirib çıxarır ki, seçki tam  şəkildə saxtalaşdırılır. Ona görə də bizim anlamda inzibati resursların məna tutumu çox sadədir: bu, seçkini özün bildiyin kimi saxtalaşdırmaq imkanları verən əlavə siyasi üstünlüklərdir.
Iranın sayəsində…
Ilham Əliyevin NATO-nun növbəti nüvə sammitində iştirakı bir az təəccüblə və sualla qarşılandı. Çünki bundan azca əvvəl Münhendə maraqlı siyasi epizod baş vermişdi. Həm də ötən il Ilham Əliyevi bu sammitə dəvət etməmişdilər. Mənə elə gəlir ki, bu, daha çox Iranın sayəsində oldu. Indi elə NATO-nu da ən çox düşündürən məsələ Iranın nüvə problemidir. Belə bir vəziyyətdə Iranla qapı bir qonşu olan Azərbaycanı necə yada salmayasan? Üstəlik, mənə elə gəlir ki, I.Əliyev də axır vaxtlar etibarlı təhlükəsizlik çətirinə ehtiyac duyur. Iranın təhdidlərinə cavab olaraq, o, necə deyərlər, nümayişkəranə şəkildə, Brüssel sammitinə qoşuldu. Bu, müəyyən mənada Irana işarə idi ki, Bakı öz siyasəti ilə bu təhdidlərə cavab vermək iqtidarındadır və o, öz siyasi addımlarını heç də Tehranın saatlarına uyğunlaşdırmaq niyyətində deyil.