Azərbaycan qatarları Rusiyaya niyə buraxmır?

Məhəmməd Talıblı: «Dəmiryolunda hələ çatışmazlıqların olması maliyyənin təyinatı üzrə xərclənmədiyini göstərir»

Azərbaycan qatarları köhnə olduğu üçün Moskvaya buraxılmır. Artıq dünəndən 55 nömrəli Moskva-Bakı-Moskva marşrutunda Rusiyanın Federal Sərnişin Şirkəti (FSŞ) ASC-nin vaqonlarından təşkil edilən qatarlar hərəkət etməyə başlayıb. Hər biri 12 vaqondan ibarət üç qatar Moskva-Bakı-Moskva sürət sərnişin qatarı marşrutu üzrə istiqamət alıb. Eyni zamanda martın 1-dən etibarən 313 nömrəli Bakı-Sankt-Peterburq sərnişin qatarı marşrutu da FSŞ-nin vaqonlarından təşkil ediləcək.
Yaranmış situasiya ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bir sıra ekspertlərin fikrincə, Azərbaycanın vaqon parkının hələ də köhnə qatarlardan ibarət olması Azərbaycan tərəfinin ciddi qüsurudur və kifayət qədər geniş maliyyə potensialı olan Azərbaycan gərək bunu vaxtında aradan qaldıraydı. Başqa bir fikrə görə isə, yaranmış vəziyyət iri korrupsiya layihələri üçün yeni imkanlar aça bilər.
Azərbaycan tərəfinin rəsmi mövqeyini öyrənmək üçün Azərbaycan Dəmiryolları QSC-nin Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradovla əlaqə saxlamağa cəhd etdik. Amma E.Muradovla danışa bilmədiyimizdən yaranmış situasiya ilə bağlı Azərbaycan tərəfinin mövqeyi və hansı addımlar atılacağı ilə bağlı suallar cavabsız qaldı.

Mövzu ilə bağlı söhbət etdiyimiz iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, Azərbaycanın parkında hələ də sovet dövründə istifadə olunan qatarlar qalmaqdadır. SSRI-dən miras qalan qatarların bir müddət əvvəl “metallom” kimi Irana satıldığını xatırladan M.Talıblı vurğuladı ki, bir müddət sonra Qars-Axalkalaki dəmiryolu istifadəyə veriləcək və Azərbaycanın bu xətt üçün müasir qatarları olmalıdır: “Yeni qatarların alınması ilə bağlı Azərbaycan Dəmiryol Idarəsi bir neçə layihə həyata keçirmişdi. Amma həmin qatarların keyfiyyət səviyyəsi və istismar müddətinin az olması üzündən bu layihələr səmərəli sayıla bilməz. Dövlət büdcəsindən ayrılan investisiya xərclərinin böyük hissəsi nəqliyyat sektoruna ayrılır. Məsələn, 2012-ci ilin büdcəsində 7.5 milyard investisiya xərcindən 2 milyardı nəqliyyat sektoruna ayrılacaq. Bundan başqa, Nəqliyyat Nazirliyi Azərbaycanın dövlət təminatı ilə xaricdən kifayət qədər kreditlər cəlb edib. Amma bütün bunlara baxmayaraq dəmiryolunda hələ də çatışmazlıqların olması onu göstərir ki, ayrılan maliyyənin xərclənməsi şəffaf deyil və təyinatı üzrə yönəldilmir”.
Bəzi mənbələr Azərbaycan qatarlarının Rusiya tərəfindən qəbul olunmamasını təsadüfi saymır. Ekspertlərin fikrincə, bu, Rusiya ilə qarşılıqlı şəkildə reallaşa biləcək iri korrupsiya layihəsinin tərkib hissəsi ola bilər. Və bu zaman da nəqliyyat naziri Ziya Məmmədov büdcədən maliyyələşəcək iri korrupsiya layihəsinin birbaşa icraçısı olacaq.

Hikmət