Bundestaqın Işçi Qrupu Qarabağla bağlı sənəd hazırlayaraq, Federal Hökuməti bir sıra məqamlara diqqət yetirməyə çağırır
Almaniya Bundestaqının Xarici Siyasət üzrə Işçi Qrupu “Dağlıq Qarabağ münaqişəsinin 20 ili: Münaqişənin sülh yolu ilə həlli üçün yeni bir təkan” adlı sənəd yayıb. Bu barədə Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Sənəddə Xarici Siyasət üzrə Işçi Qrup Almaniya Federal Hökumətini aşağıdakı məqamlara diqqət yetirməyə səsləyir:
1. ATƏT, NATO və BMT-dəki tərəfdaşlarımızla birgə Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayrılması, münaqişənin sülh yolu ilə həlli üçün bütün tərəflərin siyasi kompromislərə hazır olması, təmas xəttində yaşayan insanların həyatlarının təhlükəsizliyinə təminat verilməsi və qarşılıqlı etimad yaratma tədbirləri həyata keçirilməsi;
2. Münaqişənin həllində Avropa Ittifaqının (AI) rolunun artması, Minsk Qrupunda Fransanın tutduğu yerə AI-nin gətirilərək, münaqişə tərəfləri arasında vasitəçilik edə biləcək və AI-nin konkret mandatına malik olan Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin müəyyənləşdirilməsi;
3. AI-nin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Ermənistan və Azərbaycanın siyasi və iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırılması üçün bütün mümkün vasitələrdən istifadə olunması və bu çərçivədə regional münaqişənin həlli mexanizminin işlənib hazırlanması;
4. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas ölkə olan tərəfdaşımız Rusiyanın status-kvonun saxlanması üçün deyil, regiondakı silahlanma yarışının dayandırılması və daimi sülhün təmin olunması üçün daha konstruktiv addımlar atmağa çağırılması;
5. Dağlıq Qarabağ münaqişəsinin həllində konkret inkişafın olacağı təqdirdə təhlükəsizlik siyasəti sahəsində AI ilə Rusiya arasında dialoqun genişləndirilməsi;
6. AI üzvlüyünə namizəd ölkə olan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmağa dəvət olunması və bununla da Ermənistanın Türkiyə ilə sərhədlərinin rus ordusu tərəfindən qorunmasına ehtiyac qalmayacağını düşünərək, Cənubi Qafqazda silahlanma yarışının dayandırılması;
7. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı konstruktiv rolun və regiondakı öhdəliklərinin yerinə yetirilməsinin dəstəklənməsi.


