Səməd Seyidovun yalanı faş edildi

Eynulla Fətullayev: «Mənim qulaqlarımla bağlı heç bir problemim yoxdur, Səməd Seyidov siyasi məhbusların işinə yenidən baxılacağını deyib»

Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov bir müddət əvvəl ölkədə siyasi məhbus probleminin həllinə yenidən baxılacağı ilə bağlı söylədiklərini danır. “Bizim yol”a açıqlamasında S.Seyidov AŞ PA-da belə bir vəd vermədiyini bildirdi: “Bunu mətbuat yazıb. Mən bildirməmişəm ki, Azərbaycan hökuməti siyasi məhbusların işinə yenidən baxacaq”.
Məsələ ilə bağlı AŞ PA-da Insan Hüquqları və Hüquq Komitəsinin məlum iclasında iştirak etmiş hüquq müdafiəçisi Eynulla Fətullayevin mövqeyini öyrəndik. E.Fətullayev bildirdi ki, S.Seyidov AŞ PA-nın komitəsinin iclasında çıxışı zamanı siyasi məhbuslarla bağlı məhkəmə işlərinə yenidən baxılacağını söyləyib: “Mənim qulaqlarımla bağlı heç bir problemim yoxdur. Səməd Seyidov Insan Hüquqları və Hüquq Komitəsinin məlum iclasında çıxışı zamanı, düzdür, öhdəlik götürmədi, amma söylədi ki, ”Amnesty International” təşkilatının siyahısında olan siyasi məhbusların adları cəzalarının yüngülləşdirilməsi və ya azadlığa buraxılması üçün dövlət başçısına təqdim olunub. Və eyni zamanda hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəyə bu barədə tövsiyə olunub. Digər tərəfdən, Səməd Seyidov müzakirələr zamanı Ştrasserin ölkəyə buraxılmaması ilə bağlı ona ünvanlanan suala cavab verərkən söyləmişdi ki, Azərbaycanda siyasi məhbus problemi artıq həll olunmaq üzrədir”.
S.Seyidovun eyni fikri bir qədər sonra Norveç Insan Haqları Evi, “Amnesty International” təmsilçilərinin yanında da təkrarladığını deyən E.Fətullayev S.Seyidovun fikirlərindən imtinasını izah etməkdə çətinlik çəkir. Hər bir halda hüquq müdafiəçisinin fikrincə, belə bir mötəbər toplantıda S.Seyidovun söylədiklərini sonradan inkar etməsi qeyri-ciddilikdir.

Hikmət