Rusiyada prezident seçkiləri başladı

Müxalifət isə seçki prosesinin legitim olmadığını bəyan edir

Ötən gün Rusiyada prezident seçkisinə növbədənkənar səsvermə başlayıb. Səsverməyə ölkənin uzaq Şərq hissəsində start verilib. Səsvermədə martın 4-də seçkidə səs verə bilməyəcək vətəndaşlar iştirak edir. Ilk olaraq, Primorye bölgəsindəki ticarət və mədən gəmilərinin ekipajları və Kamçatkanın ucqar qəsəbələrinin sakinləri səs verir. Kamçatkada səsvermədə 7300 adam iştirak edir. Onların 6000-i dənizçi və balıqçılar, 1300-ü isə ucqar və əlçatmaz rayonların sakinləridir. Primoryedə isə səsvermə 196 gəmidə baş tutacaq. Növbədənkənar səsvermə martın 3-dək davam edəcək.
Prezident seçkisi isə martın 4-də keçiriləcək. Kreml rəhbəri postuna parlamentə daxil olan 4 partiyanın liderləri – Gennadi Zyüqanov, Sergey Mironov, Vladimir Jirinovski və hazırkı baş nazir Vladimir Putin öz namizədliyini irəli sürüb. Onlardan başqa, milyarder Mixail Proxorov da müstəqil namizəd kimi də prezidentliyə iddialıdır.
Ötən ilin dekabrında keçirilən parlament seçkilərindən sonra ölkə müxalifəti seçkinin nəticələrinə etiraz edir. Onlar nəticələrin hakim partiyanın xeyrinə saxtalaşdırıldığını iddia edir. Müxaliflər baş nazir, prezidentliyə namizəd Vladimir Putinin istefası və cinayət məsuliyyətinə cəlb olunması tələbini də qaldırıblar. Rusiya müxalifəti ötən gün başlanan prezident seçkilərinin nəticələrinin də tanınmayacağını və legitim olmayacağını bəyan edib.