«Belə durumun yaranmasına səbəb səmərəli işləyən Hesablama Palatasının, Korrupsiya əleyhinə dövlət orqanının olmamasıdır»
Rövşən Ağayev: «Tender elan edən qurumun orada iştirak edən şirkətlərlə əlaqəsi yolverilməzdir»
Dövlət qurumlarının həyata keçirdikləri tenderlərdə bir qayda olaraq bu quruma rəhbərlik edən şəxslərə yaxın adamların şirkətlərinin qalib gəlməsi artıq ənənə halını alıb. Bunu görmək üçün keçirilən tenderlərə nəzər salmaq kifayət edir. Məsələn, “Azərenerji” ASC-nin keçirdiyi tenderdə qurumun rəhbəri Etibar Pirverdiyevə yaxın olan “Azenko” şirkəti qalib gəlir.
Nəqliyyat Nazirliyinin tenderlərində nazir Ziya Məmmədovun oğluna və digər qohumlarına məxsus şirkətlər qalib elan edilir. “Azərsu” şirkətinin rəhbəri Qorxmaz Hüseynovun qaynı və digər yaxınlarına məxsus şirkətlər də bu tenderin qalibidir. Mərkəzi Bank, Neft Şirkətinin keçirdiyi sığorta tenderlərində Paşayevlərə məxsus “Paşa Sığorta” şirkətinin qalib olması da deyilənlərə sübutdur. Oliqarxlara və onların yaxınlarına məxsus şirkətlərin tenderlərdə qalib gəlməsi misalları bununla bitmir. Ancaq göstərilən misallar mənzərəni təsvir etmək üçün kifayət edər. Baxmayaraq ki, qanunvericilikdə bu məsələ aydın şəkildə öz əksini tapıb.
Iqtisadçı-ekspert Rövşən Ağayev tender elan edən qurumun orada iştirak edən şirkətlərlə əlaqəsinin yolverilməz olduğunu deyir. Bu məqamlar da qanunvericilikdə öz əksini tapıb.
Ekspertin sözlərinə görə, məsələ qanunlarda nəyin olmasında yox, bu qanunların nə dərəcədə effektiv işləməsindədir: “Mətbuatda ayrı-ayrı dövlət şirkətləri ilə bağlı məlumatlar gedib ki, kimsə öz qardaşına, qaynına, əmisi oğluna şirkət yaradır və bu şirkətlər həmin tenderlərdə qalib gəlir. Bunların hamısı açıq-aşkar qanun pozuntusudur. Problem qanunda nəyin olması deyil, qanunların icrası nə dərəcədə effektiv olmasındadır. Belə durumun yaranmasına səbəb Azərbaycanda səmərəli işləyən Hesablama Palatasının, Korrupsiya əleyhinə dövlət orqanının olmamasındadır. Əslində mətbuatda o məlumatlar çıxan kimi Korrupsiyaya Qarşı Mübarizə Idarəsi, Hesablama Palatası bununla dərhal məşğul olmalıdır. Sənədlərin qəbulunu, tenderdə iddiası olan şirkətlərin məlumatlarının toplanmasını Satınalmalar üzrə Dövlət Agentliyi həyata keçirir. Onlar bütün bu məlumatları yoxlamalıdırlar. Əgər müəyyən şübhəli məqamlar varsa, bununla bağlı hüquq-mühafizə orqanlarına, Hesablama Palatasına şikayət etməlidir. Ancaq tenderlər qapalı keçirilir. O baxımdan problem mexanizmlərlə bağlıdır”.
Ekspertin fikrincə, əksər hallarda məqsəd büdcə vəsaitlərini korrupsiya yolu ilə mənimsəməkdir. Hökumət idarəçiliyində belə sistemləşmə var ki, pulların daha çox hissəsi müəyyən şəxslərin cibinə getməlidir. Tenderlər də bu pulları yayındırmağın bir mexanizmidir.
Fizzə


