Qubad Ibadoğlu: «Tələbələrin təqaüdünü artırmaq üçün o qədər də böyük vəsait tələb olunmur»
Təhsil naziri Misir Mərdanov ölkə başçısının ötən ilin dekabrında imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamın icrası ilə bağlı əmr verib. Sərəncam dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantların, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili tələbələri və şagirdlərin dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə imzalanıb. Amma bu artımın onların sosial müdafiəsini nə dərəcədə gücləndirəcəyi bir qədər tərəddüdlü məsələdir. Çünki artım cəmi on faiz olub.
Iqtisadçı Qubad Ibadoğlunun sözlərinə görə, Azərbaycan rəsmi olaraq bir nəfərin yaşayış minimumunu 108 manat müəyyən edib. Apardıqları hesablamalar isə göstərir ki, bu rəqəm 160 manatdan aşağı deyil: “Təbii ki, bu məbləğdə vəsait tələbələrin minimum səviyyədə ərzaq, qeyri-ərzaq ehtiyaclarını ödəyə bilər. Nəzərə alsaq ki, tələbələr həm də informasiya və kommunikasiya texnologiyalarına, yəni internetə də pul xərcləməli, həmçinin elmi-metodik ədəbiyyatlar almalıdırlar, bu baxımdan hazırkı təqaüdün məbləği çox aşağıdır. Təqaüd elə səviyyədə olmalıdır ki, onlar aylıq xərclərini və tədris üçün lazım olan ləvazimatları ala bilsinlər. Bu baxımdan bu artımı ədalətli hesab etmirəm. Ölkədə ödənişli təhsilin səviyyəsi onsuz da getdikcə artır və təqaüd alanların sayı kəskin azalır. On faiz artım çox ədalətsiz artımdır. Tələbələrin təqaüdünü artırmaq üçün o qədər də böyük vəsait tələb olunmur”.