“Azadlıq”ın Dənizkənarı bulvarda aparılan yeni təmir işləri ilə bağlı çap etdiyi araşdırma yazısı (“Bulvarın yeni daşları niyə 3 il tab gətirmədi?”) bir xeyli mətləbə işıq salır, adamı bir qədər də düşünməyə vadar edir. Cəmi üç il qabaq milyonlar hesabına başa çatdırılmış təmirin izləri yerli-dibli itirilir və yenisinə başlanılır. Artıq 3 aydı ki, yeni təmirə start verilib. Hətta belə demək olar ki, adamlar bulvarın bu başından o başına çatıb, sonra geri qayıdanda gəzintiyə başladıqları yerin artıq yenidən söküldüyünü, təzə təmir dalğasının başladığını görürlər. Bunu bəndənizdən bir lətifə kimi də qəbul eləyə bilərsiniz.
Onu da deyim ki, bu hakimiyyətin bütün təmir-tikinti işləri belə görülür. Yeni çəkilmiş asfaltla səfərə çıxırsan, geri qayıdanda artıq yolun ya qazıldığını, ya asfalt örtüyünün dağıldığını və yeni yamaq əməliyyatının başladığını görürsən – ən yaxşı halda hələ.
Məsələn, Bakı-Astara yolunun Salyan şəhərindən sonra başlayan hissəsi, ta Biləsuvaracan hardasa çəkilən yeni yola qum-torpaq daşınmasından sonra bərbad hala düşmüşdü. Elə böyük çala-çökək açılmışdı ki, deyərdin, bir az əvvəl bu ərazidə müharibə olub, düşmənlər buraları bombardman eləyiblər, bu çökəklər, quyular da o bombardmandan sonra yaranıb. Sonra nə oldu? Demək, başladılar çökəkləri doldurub üstünü yamamağa. Bunu rayona tərəf gedəndə gördüm və bir az sevindim, çünki xəstə aparırdım, maşının göyə qalxıb, yerə düşməsi xəstəyə pis təsir eləyirdi. Nə isə, rayonda bir həftə qalıb geri dönəndə nə görsəm yaxşıdı? (Yeri gəlmişkən, bu arada bir xəfif yağış da düşmüşdü) Gördüm ki, yamaqlar göz verib, elə bil, yoldan on minlərlə çiban çıxıb. Aydın məsələdi ki, avtomobillərin gediş-gəlişindən, bu çibanları partlatmasından sonra yolun nə gündə çopura çevriləcəyini təsəvvür eləmək bir elə də çətin deyil. Bunu görən xəstə deyir ki, ölsəm də, yollar düzəlməyənə qədər bir də Bakıya getmərəm. Yolda ölüncə, elə rahatca öz rahat yorğan-döşəyimdə ölərəm. Buyur, bu da bunların gecə-gündüz qayğısına qaldığı insanın düşdüyü vəziyyət. Halbuki, xəstə mütəmadi olaraq Bakıda müayinədən keçməli, növbəti müalicəsini almalıdı. Qısası, həyatla ölüm arasında savaş.
Bu, hakimiyyətin vecinə deyil: insanlar onların bu təmir-tikintisindən, əslində, yeyintisindən nə zülmlər çəkir, hətta həyatda qalmaq üçün savaş verən insan bezib ölümü seçir. Onların insanlara bəxş elədiyi xoşbəxtlik yalnız bundan ibarətdi – ölümün daha rahatını seçmək. Əliyev yolunda ölməkdənsə, sakit şəkildə öz evində canını tapşırmaq: öləcəyini görə-görə, bilə-bilə. Bu, aparılan uğurlu daxili siyasətin nəticəsidi: zülm əlindən ölümlə savaşdan (burda qələbə heç də mümkünsüz deyil) əl götürən insan, heydərizmlə qələbəsi mümkünsüz görünən savaşa can atarmı? Heydərizmin çəkdiyi yollar, qazdığı tunellər, yeraltı, yerüstü keçidlər, ötürücülər, körpülər insanı həyata yox, ancaq ölümə aparır, ötürür, keçirir… Məgər intiharların ildırım sürətilə artan tempi bunu göstərmirmi?
Ona görə də bu ölkədə dinamizmin göründüyü yeganə sahə təmir, tikinti sahəsidi. Desəm ki, hakimiyyətin bütün siyasəti elə bunun üzərində qurulub, inanın. Insanları bir an tez ölümlə qovuşdurmaq. Təki insan azalsın, problem azalsın.
Bulvarda əski plitələrin, daşların və onu vuran çinli ustaların keyfiyyətsiz olduğunu deyirlər. Başa düşürük, növbəti 120 milyonu yemək üçün bir bəhanə olmalıdı. Ancaq görəsən, büdcəni belə israf etdiklərinə görə bir kəs bunlardan sorğu-sual eləməyəcəkmi ki, a bala, bəs niyə keyfiyyətsiz iş görürdüz, xalqın malını talayırdız? Yox, deməyəcəklər, çünki bu işlərin başında sözdə olsa belə, mərkəzləşmiş hakimiyyətin başında duran adamların özləri durur. Avtoritar liderlərinsə hələ özünü sorğuya çəkdiyini eşidən olmayıb. Ancaq bir şey var ki, bu ölümlü yollar onları da eyni ünvana aparır…