Novruz Məmmədovun arqumentləri əsassızdır

Elxan Şahinoğlu: «Hakimiyyətin bu aylarda Fransanın ermənipərəstliyini rəsmiləşdirməsinə qarşı sistemli fəaliyyət göstərməsini söyləmək çətindir»

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikrincə, “erməni soyqırımı” qanunu ilə bağlı olaraq Azərbaycan Fransaya Türkiyədən daha çox reaksiya göstərib və daha çox işləyib. Hakimiyyət təmsilçisi Türkiyə mətbuatının rəsmi şəxslərinin Azərbaycanın mövqeyindən razı qalmamasına rəğmən bu cür yanaşma sərgiləyib. N.Məmmədova görə, bu məsələdə Azərbaycan kimi Türkiyəni dəstəkləyən ikinci bir dövlət yoxdur: “Türkiyə bizə ”Fransa mənim düşmənimdir, əlaqələrinizi kəsin” deyir. Məsələyə biz də belə yanaşaq, Azərbaycan Fransaya müharibə elan etmiş olsa, Türkiyə kimin qarşısında yer alar? Təəssüf ki, bəllidir. Məlum anlaşmalar var, NATO var”.
Müsahibimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğluya ilk sualımız N.Məmmədovun Azərbaycanın “gördükləri” barədə söylədikləri ilə bağlı oldu:

– Çox iddialı, ancaq reallığa uyğun olmayan açıqlamadır. Bəli, Azərbaycan ictimaiyyəti, QHT-ləri, ayrı-ayrı siyasətçiləri, millət vəkilləri Fransanın ermənipərəst mövqeyinə ciddi etiraz etdi və bu, Türkiyədə yüksək qiymətləndirildi. Bu dəstəyi Gül və Ərdoğan da vurğuladı. Ancaq hakimiyyətin bu aylarda Fransanın ermənipərəstliyini rəsmiləşdirməsinə qarşı sistemli fəaliyyət göstərməsini söyləmək çətindir. Doğrudur, Türkiyənin və Azərbaycanın siyasi dairələri ilə ictimaiyyətinin təpkiləri öz rolunu oynadı. Bunun nəticəsində rəsmi Bakı bir qədər fəallaşdı. Lakin Ankara kimi rəsmi Bakının etiraz səsini Fransanın siyasi dairələri və ictimaiyyəti duymadı. Fransada böyük əksəriyyət elə bildi ki, Senatın qərarı yalnız Türkiyəni narazı salıb. Halbuki, bu, birbaşa Azərbaycanın da mənafelərinə toxunur.

– Novruz Məmmədov daha sonra “Azərbaycan Fransaya müharibə elan etsə, Türkiyə kimin qarşısında yer alar” sualını gündəmə gətirir…
– Görünür, Novruz Məmmədov bununla demək istəyib ki, rəsmi Bakının Türkiyə üçün etdiklərini Ankara Azərbaycan üçün etməz. Misal kimi də göstərib, Türkiyə Azərbaycanın mövqeyini nəzərə almadan Ermənistanla sərhədi açmağa hazırlaşırdı. Ümumiyyətlə, Novruz Məmmədovun son açıqlamasının ruhundan bu çıxır ki, Azərbaycan-Türkiyə münasibətlərində sualların sayı kifayət qədərdir və “bir millət, iki dövlət” deyiminin əhəmiyyəti getdikcə azalır. Novruz Məmmədov Türkiyəyə sualla müraciət edir. Ancaq onun özünə belə bir sual vermək lazımdır: Azərbaycan hər hansı istiqamətdən hərbi müdaxilə təhlükəsi ilə üz-üzə qalarsa, Azərbaycanın müdafiəsinə, köməyinə Fransa və ya Rusiya gələcək, yoxsa Türkiyə?

Türkiyə Azərbaycan münasibətləri təhlükədə

– Müsahibədən o da anlaşılır ki, rəsmi Bakı Fransanın həmsədrlik məsələsini qaldırmaq fikrində deyil…
– Novruz Məmmədov və xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyənin “Hürriyət” qəzetinə verdikləri son açıqlamalarda qardaş ölkəyə mesaj göndəriblər ki, hakimiyyət Fransanın Minsk Qrupu həmsədrliyindən geri çağırılması fəaliyyətinə baş vurmayacaq. Başqa sözlə, Fransa Konstitusiya Məhkəməsi “erməni soyqırımı” layihəsinə yaşıl işıq yandırsa belə, rəsmi Bakı bununla bağlı heç bir addım atmayacaq. Bundan sonra necə iddia etmək olar ki “biz Fransa məsələsində Türkiyədən çox iş görmüşük”. Bunun belə olacağını proqnozlaşdırmaq çətin deyildi. Əks halda hakimiyyət Fransanın həmsədrlik məsələsini məlum qanun gündəliyə gətirildikdə gündəmə gətirməli idi.

– Rəsmi Bakının bu siyasəti Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?
– Bəziləri elə düşünür ki, əgər iki ölkə arasında enerji əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edirsə, neft və qaz xətləri çəkilirsə, ARDNŞ Izmirdə böyük neftayırma zavodu tikirsə, iki ölkə arasındakı siyasi münasibətlər də eyni məcrada inkişaf edəcək. Bu, yanlış yanaşmadır. Enerji əməkdaşlığını, geosiyasi məsələlərdən ayırmaq lazımdır. Əgər Fransa Konstitusiya Məhkəməsi bəlli qanuna müsbət rəy verdikdən sonra da rəsmi Bakı bu ölkənin həmsədrliyinin davamına razılaşarsa, şübhə etmirəm ki, Ankara da Cənubi Qafqaza yönəlik siyasətində artıq Bakıya boylanmayacaq. Hətta Isveçrə protokolları da gündəmə gətirilə bilər.

Xəyal