Ötən sutkalar ölkədə islamçıların həbsi davam edib. Saxlanılanların qohumları Turan-a bildiriblər ki, MTN əməkdaşları Binə kənd məscidinin axundu, ruhani alim, İranda uzun müddət dini təhsil almış Hacı İlhamı həbs edib. Yaxınlarının sözlərinə görə, saxlanılan zaman ona bildirilib ki, qısa zaman ərzində ondan izahat alınaraq sərbəst buraxılacaq, lakin indiyədək buraxılmayıb.
Nardaranda da həbslər baş verib. Ötən gecə İslam Partiyasının Baş Məclisinin üzvü Natiq Kərimovun qardaşı Niyazi Kərimov saxlanılıb.
Son üç gündə Nardaranda həbs olunanların ümumi sayı 15 nəfəri ötüb. Qeyd edək ki, heç kim onların nədə ittiham olunduğunu və kim tərəfindən həbs edildiyini bilmir. Belə ki, özlərini MTN-in əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər həbs olunanların evlərində axtarış aparırlar. Lakin nazirliyin mətbuat xidməti bununla bağlı heç bir şərh və rəsmi açıqlama vermir.
İslamçıların həbs dairəsi Abşeron yarımadasından ölkənin digər regionlarına kimi genişlənir. Belə ki, Cəlilabad və Gəncədə də islamçıların həbsi barədə məlumatlar daxil olur.
Ölkənin digər güc qurumları bu həbsləri şərh etmir. Lakin güman etmək olar ki, hakimiyyət iranpərəst qüvvələrin və İran agenturasının neytrallaşdırılmasına başlayıb. Belə ki, İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda onların fəaliyyəti canlana bilər.
***
Nardaranda kütləvi həbslər
Axtarışları gecə həyata keçirənlər ev sahiblərinə MTN-dən icazə alınması barədə sənədləri təqdim edirlər
Bir həftədir ki, Nardaranda kütləvi həbslər gedir. “Azadlıq”a məlumat verən kənd sakinləri deyirlər ki, axtarışlar əsasən gecə saatlarında aparılır. Bu işi həyata keçirənlər MTN-dən icazə alınması barədə sənədləri təqdim edirlər.
Kənd ağsaqqalı Natiq Kərimovun “Turan”a verdiyi məlumata görə, axtarışa gələnlərin davranışında hər hansı kobudluq olmur və axtarış qanun çərçivəsində gedir. Indiyə kimi təqribən 15-ə yaxın şəxs aparılıb. Onlardan 1-2 nəfəri buraxılıb. Buraxılanlar ən çox evlərdə silah olması ilə bağlı sorğulara məruz qalıblar.
Saxlanılanlar arasında adı MTN-in bu yaxınlarda verdiyi bəyanatda Iranın Azərbaycanda terror hazırlaması ittihamında keçən, özü uzun müddətdir ki, Iranda yaşayan Balaqardaş Dadaşovun bacısı oğlu da var. Həbs edilənlərin, demək olar, hamısı gənclərdir və onlar vəkillə təmin edilməyiblər.
“Hələlik bu saxlanmaların əsl səbəbi bəlli deyil. Ancaq ehtimal etmək olar ki, bu, Iranın terror məsələsilə bağlı ola bilər. Görünür, kimlərsə yenə terror hazırlığında ittiham edilə və ya ”Səid Dadaşbəylinin dəstəsi” kimi qrup şəkilində həbsə alına bilər”, – Natiq Kərimov qeyd edib. Maraqlı olan budur ki, həbs edilənlərin doğmaları bu haqda danışmaq istəmirlər.
Kənd sakinləri deyirlər ki, qəsəbədə aləm qarışıb: “Hamı qorxu içərisindədir. Vəziyyət gərginləşir, terrorçu axtarışındadırlar. Kimlərəsə xoş getmək üçün günahsız insanları tutmaq istəyirlər. Terrorizmlə mübarizə aparmaq üçün xaricdən milyonlar alırlar. Indi o pulları ciblərinə qoymaq üçün ”terrorçu” axtarışına çıxıblar. Tutulanlar Allah adamıdır. Namaz qılır, oruc tuturlar. Insana şər atıb, öz maraqları naminə həbs etmək düzgün deyil. Heç kimin evində silah yoxdur. Axtarışlar yalan və boş şeylərdir. Özlərinin qurduğu tələdir. Nə istəsələr onu da edəcəklər. evdən silah yox, hətta tank da çıxara bilərlər, hər şey əllərindədir”.
Qəsəbə sakinləri həbs edilən Balaqardaş Dadaşovun bacısı oğlu Əli Xudaverdiyevin, qəssab Əbülfəzin evində silah olmasını gülüşlə qarşılayırlar. Onlar deyirlər ki, həmin şəxsə terrorçu damğasını vurmaq sadəcə biabırçılıqdır.
Ramin DEKO