Bizim həmkarımız Natiq Cavadlı ağ eləyib – başlayıb siyasətçilərə fəlsəfədən suallar verməyə. Deməli, bu günlərdə tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu “Evrovizion”la bağlı aparılan “Azad musiqi qeyri-azad ölkədə” və ya “Demokratiya üçün oxu!” şüarları ilə təqdim edilən kampaniyanı pisləmiş, bunu ermənilərin arzusu ilə bir səviyyəyə qoymuşdu. Üstəlik, Azərbaycan hakimiyyətini xaricdə tənqid eləməyin düz olmadığını söyləmişdi və s. Hələ bu kampaniyaya qarşı hökumətyönlü QHT-lərin bəyanatında onun təşkilatının imzası olduğunu kənara qoyuram. Çünki Novella xanım sonradan bu bəyanatı imzalamadıqlarını demişdi.
Amma Novella xanımın fikirləri yenə də bu kampaniyaya qarşıdır və kampaniyanın fəallarından olan Leyla Yunus haqda sərt sözlər söyləməkdədir. Natiq Cavadlı da bunları əsas götürüb Müsavat başqanı Isa Qəmbərə Novella xanımla bağlı bir çox suallar verib (nədir ki, Novella xanım həmin partiyanın üzvüdür).
Natiq Cavadlı: Ümumiyyətlə, ədalətli kimdir: Leyla Yunus, yoxsa Novella Cəfəroğlu?
Isa Qəmbər: Bu, bir az daimi fəlsəfi suallardandır. Mən bilirəm ki, hər iki xanım Azərbaycanda insan haqları probleminə səmimi yanaşırlar. Sadəcə, onların iş üslubları fərqlidir. Biri həqiqətləri açıq şəkildə deməyin və problemlərin üzərinə getməyin tərəfdarıdırsa, digəri problemlərin mümkün qədər dialoq yolu ilə həll edilməsinə tərəfdardır.
Natiq Cavadlıya min dəfə demişik: sən bu Kantın, Hegelin, Berqsonun, nə bilim Delezin təsirindən çıx, qardaşım. Axı sən niyə fəlsəfi suallar verirsən?! Yox bir, materiya qabaqdır, yoxsa şüur? Bəsdir, biz jurnalistləri biabır etdin. Hələ ötən il biz səni panteizmin ekstensializmə bağlı olan bir qolunun təsirindən zorla qurtardıq. Nə üçün əl çəkmirsən bu fəlsəfədən?
Axı Novella Cəfəroğlu səmimi şəkildə deyir ki, Leyla Yunusu siyasi məhbuslar maraqlandırmır, o, yalnız özünə işləyir. Çingiz Qənizadə də belə deyir. Hakimiyyətin təmsilçiləri, nökərçələri də və s. Şəxsən mən onun səmimiyyətinə inanıb dünən görüşdüyüm xarici qonaqlara dedim ki, bizim ölkədə heç bir problem yoxdur. Bu gün isə dünyanın bir çox təşkilatlarına yazacağam ki, bir daha azərbaycanlılardan heç nəyə rəy almasınlar. Otursunlar evlərində, getsinlər öz dərdlərini çəksinlər.
Məsələ bu qədər aydın olduğu halda, sən niyə gündəmi dəyişirsən, ay Natiq bəy? Niyə bizim inqilabi mübarizəni gündəmdən çıxarırsan? Heç metafizikanın yeridir? Bunlar bir yana qalsın, sən bilmirsən ki, biz Avropaya da öz milli dəyərlərimizlə gedirik?! Böyüyə, yaxına hörmət isə bizim əsas dəyərlərimizdəndir. Daha sabah da gedib belə bir sualla AXCP sədri Əli Kərimliyə müraciət etmə. Ümumiyyətlə, sən kimə işləyirsən, Natiq bəy?
Avropa davranışlı robotlar
Bizim hakimiyyətdəkilərin bir az ağlı varmış. Onlar anlayıblar ki, “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün Bakıya gələn qonaqları Heydər Əliyev aeroportunda robotlar qarşılasa daha yaxşı olar. Çünki hələ də uzanan Heydər Əliyev dövrü bizdə adamları elə günə salıb ki, onlar qonaqlarımızı yaxşı qarşılaya bilməzlər. Mən bunun geniş səbəbləri, yorumları üzərində dayanmaq istəmirəm. Robotlar olmasa, elə biabırçı olaylar baş verər ki, gəl görəsən. Amma bu robotlar özlərini avropalı kimi aparacaqlar. Belə qiymətli varlıqlardan biz illərdir xəbər tutmamışıq.
Kaş ki, bizim ölkəni də bu robotlar idarə edəydilər. Indiki tamahkar, bacarıqsız, feodal təfəkkürlü robotlaşmış adamlardan o cür avropalı robotlar yaxşı olardı. Bizi də hər yerdə adam kimi qarşılayardılar.
Mən avropalı robotlardan birinin, hətta ömürlük prezidentimiz olmasına da razılaşardım.