Bakı meri yoxlanılır

Ziya Məmmədovun qudası Hacıbala Abutalıbovun üzərinə çöküb

Nəqliyyat naziri Ziya Məmmədov hava şəraitinin pisləşməsi nəticəsində ortaya çıxan bütün problemlərin məsuliyyətini Bakı meri Hacıbala Abutalıbovun üzərinə yıxmağa çalışır. Məlumatlara görə, Ziya Məmmədov artıq bununla bağlı əməli işə keçib.
Yada salaq ki, hava şəraitinin pisləşməsi nəticəsində ortaya çıxan problemlərə görə daha çox tənqid edilən məmurlardan biri də Ziya Məmmədov idi. Lakin indi Ziya Məmmədov yaxasını kənara çəkmək istəyir.
Məlumatlarda deyilir ki, Hesablama Palatasının meriyada yoxlamalara başlaması da bununla əlaqədardır. Qeyd edək ki, Palata Bakı şəhər Icra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentində dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı audit keçirəcək.
Hesablama Palatasının sədri Heydər Əsədov Ziya Məmmədovun qudasıdır. Bu baxımdan bəribaşdan söyləmək olar ki, onun hesablamalarının nəticəsi Hacıbala Abutalıbovun xeyrinə olmayacaq. Digər tərəfdən Heydər Əsədov birbaşa şəhər təsərrüfatı ilə bağlı sahəni yoxlayır. Deməli, məqsəd Hacıbala Abutalıbovun şəhərin abadlığına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyini üzə çıxarmaq və problemlərin kökündə məhz bu amilin dayandığını sübut etmək ola bilər.  

Azad