Bakıda rəsmi şəxslər türkiyəli yazara ilginc etiraf ediblər
Türkiyənin “Hürriyət” qəzetinin tanınmış yazarı Zeynəb Gürcanlı Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xətti ilə Bakıda keçirilən konfransda iştirak məqsədiylə paytaxtımıza səfər edib. O, səfər zamanı Bakıda bir sıra rəsmi şəxslərlə görüşlər də keçirib. Yazar Azərbaycan rəsmilərinin Bakı-Ankara münasibətləri və Fransa Senatında “erməni “soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbuluyla bağlı mövqeyini öyrənib.
Zeynəb Gürcanlının gündəmdə saxladığı digər mühüm məsələ isə Azərbaycanla Türkiyə arasında uzun müddətdir müzakirə edilən, lakin hələ də həllini tapmayan vıza rejiminin aradan qaldırılması olub. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşən türkiyəli yazar Azərbaycan hökumətinin Türkiyə ilə viza rejiminin aradan qaldırılması prosesiylə bağlı mövqeyini öyrənib.
Xələf Xələfov türkiyəli yazara viza rejiminin aradan qaldırılması məsələsində iradə olduğunu, ancaq bürökratik işlərin davam etdiyini söyləyib. Zeynəb Gürcanlı “Hürriyət” qəzetindəki məqaləsində yazır ki, Xələf Xələfov suallara cavabında vizanın qaldırılmamasının əsl səbəbini söyləməsə də, dolayı yolla bunun yalnız Türkiyə-Azərbaycan əlaqələrinə bağlı məsələ olmadığını etiraf edib.
Jurnalist yazır ki, PA-nın şöbə müdiri Novruz Məmmədov məsələylə bağlı təmkinli danışaraq, nisbətən açıq şəkildə viza rejiminin ləğvinin əslində Azərbaycanın bir başqa qonşusu ilə əlaqələrə bağlı olduğuna diqqət çəkib. Məmmədov “Bizim Türkiyə ilə vizanı aradan qaldırıb, İranla qaldırmamamız müzakirə mövzusu ola bilməz” deyib.
“Azərbaycan rəsmilərinin sözlərinə görə, İran Türkiyə ilə vizaların qalxması halında, Azərbaycandan öz vətəndaşlarına da vizanı qaldırmasını istəyir. Əks halda Naxçıvan ilə Azərbaycanın digər bölgələrini birləşdirən və İran torpaqlarından keçən yolu bağlayacağını dilə gətirir”, – deyə “Hürriyət”in yazarı vurğulayıb.
Xatırladaq ki, rəsmi Bakı Azərbaycan ilə Türkiyə arasında viza rejiminin aradan qaldırılmasının texniki səbəblərdən uzandığını bildirir. Lakin bir müddət öncə PA rəsmisi Əli Həsənov Türkiyə mediasına viza rejiminin aradan qaldırılmasına İranın maneçilik yaratdığını demişdi. Hərçənd dedikləri Azərbaycanda mediaya çıxan kimi Həsənov açıqlamasını təkzib etmişdi.
Ancaq indi türkiyəli yazarın Azərbaycan rəsmilərlə görüşündən bəlli olur ki, rəsmi Bakının Türkiyə ilə viza rejimini aradan qaldırmamasının gerçək səbəbi İranın təzyiqlərindən çəkinməsidir. Ya da Azərbaycan rəsmiləri Türkiyəyə belə izahatla gerçək məqsədini pərdələyir.
İnformasiya şöbəsi