Azadlıqdan, yoxsa adamlıqdan məhrum?

Azərbaycanda 13 minə qədər azadlıqdan məhrum edilmiş vətəndaş var. Nəfər yox, adam yox, VƏTƏNDAŞ ona görə yazdım ki, bu insanlar yalnız azadlıqdan məhrum olunublar. Vətəndaşlıq hüquqlarındansa məhrum deyillər. Bu, bütün dünyada belədir, cinayəti məhkəmədə təsdiqini tapanlar həbsxanaya göndərilir və azadlığına məhdudiyyət tətbiq edilir. Azərbaycanda isə cinayət törədənlərə, boynuna cinayət yüklənənlərlə təkcə azadlıqdan deyil, adamlıqdan da məhrum olunmuşlar kimi davranırlar. 

Və bu anormallığa görə yaxasından tutulmalı qurum Ombudsman Aparatı, insan haqları ilə məşğul olan Qeyri-Hökumət Təşkilatları (QHT), yaxud Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ola bilməz. Bu problem daha yuxarılarda, ən birinci Milli Məclis səviyyəsində çözülməlidir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti son zamanlar həbsxanalarda dustaqların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində işlər gördüyünü açıqlayır, bunu bəzi QHT rəhbərləri də təsdiqləyir. Lakin bu xidmətin rəisi general, Milli Qəhrəman Mədət Quliyev Azərbaycan həbsxanalarındakı anormal durumu bir insan olaraq aradan qaldırmağa nə qədər səy göstərsə də, vəziyyət qənaətbəxş olmayacaq. Ona görə ki, məhbuslara yanaşma yalnız dövlətin müdaxiləsindən sonra pozitiv istiqamət ala bilər.
Dövlətin müdaxiləsi deyəndə nəyi nəzərdə tuturam?
Öncə məhkəmə sistemində ciddi islahatlar aparılmalıdır. Cinayət-Prosessual Məcəlləsində azadlıqdan məhrumetmə cəzasını başqa bir yüngül cəza ilə, deyək ki, pul cərimələri ilə əvəzlənməsi mümkündür, çox sayda maddələr göstərmək olar. Demirəm ki, qatilin, terrorçunun, manyakın, qatı cinayətkarın, dövlətin sərvətlərini dağıdanların cəzası cərimə ilə əvəz olunsun. Bu gün məhbus həyatı yaşayan o 13 min vətəndaşın arasında çox sayda təsadüf nəticəsində, xırda oğurluğa, qohum-qonşu ilə münaqişəyə, piket, mitinq keçirməyə cəhd etdiyinə görə azadlıqdan məhrum olunanlar var.
Almaniya Bundestaqı oğurluğa görə azadlıqdan məhrum etmənin məqbul olmadığını gündəmə gətirib. Bundestaq oğurluğa vadar edən səbəbləri daha önəmli sayır. Kim oğurluq edir? Ya ehtiyacı olan, ya da psixikasında problem yaşayan. Alman deputatlar oğurluğun qarşısını almaq üçün ehtiyacı olanları işlə təmin etməyi, psixikası pozulanları müalicəyə göndərməyi təklif edir.
Avropanın bir sıra ölkələrində həbsxanalardakı komfort şərait, bəzi yüngül cinayətləri törətmiş şəxslərin həftənin iki günü evə buraxılması dustaqlara insani münasibətin təzahürüdür. Dövlət vətəndaşının hansı məkanda olmasından, hansı cinayəti törətməsindən asılı olmayaraq ona sahib çıxmalıdır. Ilham Əliyev andiçmə mərasimində “Mən bütün Azərbaycanlıların prezidentiyəm” deyəndə, bəlkə 13 min məhbusu nəzərdə tutmayıb?
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov birinci təsdiqləyər o məhbusların böyük əksəriyyətinin səsinin kimə getdiyini.
Demirəm ki, 13 min məhbus üçün sanatoriya şəraiti yaradılsın, ancaq yalnız azadlıqlarına məhdudiyyət qoyulmuş o insanlar üçün yaşayış minumumlarına əməl olunmalıdır axı. Indi hansı zamandır, neçənci əsrdir ki, dustaq ayaqyolu problemini dilə gətirir. Azərbaycanın maddi durumu yəni o qədər acınacaqlıdır ki, soyuğun təsirindən və keyfiyyətsiz qidalanma ucbatından dustaqlar arasında vərəm xəstəliyi geniş yayılıb? Bunlarla yanaşı gərgin psixoloji durum, məhbuslarla anormal rəftar 13 min məhbusun beş yüzünün şəkərli diabet xəstəliyindən əziyyət çəkməsinə səbəb olub.
Avropaÿ Penitensar ÿQaydalarına ÿgörə,ÿ Avropaÿ Şurasınaÿüzv dövlətlər cəzaçəkmə müəssisələrində ayrı-seçkiliyə, insan hüquqlarının pozulmasına, ləyaqəti alçaldan davranışa və cəzalara yol verməməli, təmizliyi qorumalı, məhkumların sağlamlıqlarını təhlükə altına qoymamalıdır.
Bunu Azərbaycanın da üzv olduğu Avropa Şurası tələb edir. Və bu tələbin fəlsəfəsində insan amili dayandığı aydındır. Təəssüf ki, Milli Məclisdə oturanlar, xüsusilə hüquqşünas deputatlar Avropa Şurasının bu tələbinə önəm vermirlər. Onlar hələ də sovet dönəmində olduğu kimi həbsxanaya düşmüş insanlara ikinci növ insanlar kimi baxırlar. Belə olmasaydı, 13 min məhbusun əksəriyyətinin cəzasının yüngül cəza ilə əvəzlənməsi üçün qanun layihəsi hazırlanmasına təşəbbüs göstərərdilər. Onlar hələ də həbsxanaları islah müəssisəsi kimi sayır və fərqində deyillər ki, o islahın dəhşətli fəsadları olur…
General Mədət Quliyev rəhbərlik etdiyi sistemdə qayda-qanun yaradacağını bəyan edir. Təqdirəlayiqdir. Sadəcə, hara qədər gedəcəyi maraq doğurur. DÖVLƏT ədliyyə sistemində islahatlara start versə, generalın başlatdığı işin nəticəsi olacaq. Ədliyyə sistemində ciddi dəyişikliklər reallaşmasa, o həbsxanalarda məhkəmələrin kəsdiyi azadlıqdan məhrumetmə cəzalarının üstünə adamlıqdan məhrumetmə cəzaları da əlavə olunacaq.