Bəs Yunanıstanda niyə qadın insanın dostu ola bilmir?
Avropadan səfeh istefa xəbərləri tez-tez gəlir, dünən bu silsilədən ikisi vardı. Bunlardan birində deyilirdi ki, Almaniya prezidenti istefa verib. Açığı, istefanın səbəblərini oxuyub qarnını tutmamaq, uğunub getməmək mümkün deyildi.
Məlumata görə, prezident Vulfun sahibkarlarla əlaqədə olduğu, Aşağı Saksoniya federal torpağının baş naziri olduğu vaxt tanışlarından güzəştli kredit aldığı, şəxsi villalarda havayı məzuniyyət keçirdiyi barədə iddialar ortaya atılıb, prezident də artıq xalq arasında etibarının sarsıldığını əsas gətirərək istefaya gedib. Heç dəxli var? Adam da belə düşük səbəblə istefa verər?
Məsələn, bizdə prezident özü elə sahibkar deməkdir, ölkə isə qapalı səhmdar cəmiyyət. Buna görə durub istefa verməlidir? Vulfu şəxsi villalarda məzuniyyətdə keçməsinə görə qınamaq isə ümumiyyətlə, komediyadır. Alman xalqı öz rəhbərinə minnətdar olmalıdır ki, heç olmasa, onun harada məzuniyyətdə olduğunu bilir, bizdə isə prezident kürsüsünə əyləşmiş möhtərəm ilin yarısını məzuniyyətdə keçirir, harada olduğundan isə heç kim xəbər tuta bilmir.
Amma bir səbəb var ki, buna görə Vulf nəinki istefaya getməlidir, onun heç camaat arasına çıxmağa üzü olmamalıdır. Necə yəni, tanışlarından güzəştli kredit alırmış? Bu nə biabırçılıqdır? Sən özün ki, tanışlarına, məsələn, hansısa Lukaşenkoya-zada güzəştli, demək olar ki, qəpik-quruşa borc verə bilmirsənsə, bəs hansı haqla prezident kürsüsündə oturmusan? Utanmırsanmı? Xəcalət çəkmirsənmi? Dərinə getsək, bəlkə sənin uşaqlarının heç Dubayda mülkləri də yoxdur. Araşdırsaq bəlkə, “offşor zona” sözünü də ancaq bizdən eşidirsən. Onda daha nə prezidentsən sən? Bundan sonra kim sənə toyda çağırıb söz verər? Kim səni insan yerinə qoyar xeyirdə-şərdə?
Almaniyanın üzdəniraq prezidenti haqqında bu qədər, daha artıq nəsə yazıb ağzımı pozmaq istəmirəm. Çünki doğrudan da, get-gedə əsəblərimə hakim olmaqda çətinlik çəkirəm.
Keçək ikinci istefa komediyasına. Yunanıstanda isə mədəniyyət naziri istefa verib. Onun istefasının səbəbi də lətifəyə bənzəyir. Nə var, nə var, silahlı şəxslər Yunanıstanda Qədim Olimpiya ərazisindəki arxeoloji muzeylərdən birindən 60-dan çox eksponatı oğurlayıblar. Nazir də buna görə şələ-küləsini yığışdırıb, vəzifədən gedib.
Nə deyim, aydınca görünür ki, bu adamın ruhi problemi var, ağlı işləmir. Mütləq həkimə aparmaq, müayinədən keçirmək, lazım gəlsə (hətta deyərdim ki, bu çox lazımdır!) dəlixanaya yatırmaq şərtdir. Mən bilmirəm, Yunanıstanın bizdə səfirliyi var, ya yox, hər halda varsa, onun əməkdaşlarına məsləhət görürəm ki, bu təklifimi həmin nazirin qohum-əqrəbasına çatdırsın. Yoxsa o, bu ağılla həyatdan da istefa verər, xəbəriniz olsun.
Muzeydən eksponat oğurluğuna görə istefa vermək harada görülüb? Məsələn, illər əvvəl bizdə – Incəsənət Muzeyindən nadir, qiymətli eksponatlar oğurlanmışdı, o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun heç tükü də tərpənmədi. Hətta bu barədə yazıb-pozanları məhkəmələrdə süründürdülər. Hazırda da həmin eksponatların yeri bilinmir, Polad müəllim isə ölkəmizi Rusiyada təmsil edir, fövqəladə və səlahiyyətli səfirdir. Üstünə üstlük, arada xeyli dövlət mükafatı da aldı. Qanqaraldıcı bircə odur ki, hələ də Moskva muzeylərindən hər hansından oğurluq olduğuna dair məlumat yayılmayıb.
Ümumiyyətlə, olmasın muzeydən eksponat oğurluğu, olsun başqa bir oğurluq, buna görə adam vəzifədənmi gedər? Bundan qürur duyacağına, bununla fəxr edəcəyinə buna görə istefamı vermək olar? Bizim kimi normal ölkələrdə vəzifədə yüksəlməyin yeganə şərtidir oğurluq. Bir adam ki, büdcədən pul, buruqdan neft, mədənlərdən qızıl, yataqlardan qaz oğurlaya bilmədi, onu burada nəinki nazir, heç it yerinə də qoymurlar.
Bir halda ki, sən nazir olacaqsan, “dövlətin malı dənizdir, yeməyən donuzdur” deyib büdcənin canına daraşmayacaqsan, bir əlin gecə-gündüz xalqın cibində olmayacaq, bir nazirin ki, kabinetindən tabutu çıxmayacaq, bir nazir ki, kabinetinə bığ yeri təzə tərləmiş girib oradan saç-saqqalı ağarmış, dişləri tökülmüş, beli bükülmüş çıxmayacaq, o zaman o ölkənin müstəqilliyi necə əbədi, dönməz olacaq? Körpü necə yolun bir hissəsi olacaq? Qadın necə insanın dostu olacaq?