20 il əvvəl Xocalıda nə baş vermişdi?

Biz bu soyqırım cinayətini bütün gerçəyi ilə dünyaya çatdıra bilmişikmi?

1992-ci ilin fevralın 26-da Xocalıda törədilən genosid aktının 20 ili yaxınlaşır. Həmin il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri və MDB-nin Xankəndindəki 366-cı moto-atıcı alayı ilə birlikdə Xocalıya hücum etdilər. Qeyd edək ki, 366-cı alayın tərkibində 49 nəfər erməni zabit və gizirlərin olması barədə müfəssəl məlumatlar var. Həmin gecə silahsız, əli yalın əhaliyə qarşı törədilən amansız qətliam nəticəsində 613 nəfər şəhid oldu. Öldürülənlərin 63 nəfəri uşaq və yeniyetmə, 106 nəfəri qadın və qız, 70 nəfəri isə ahıl adamlardır. Soyqırım nəticəsində 1000 nəfərdən artıq şəhər sakini, onlardan 76 nəfəri yetkinlik yaşına çatmamış şəxs olmaqla, azyaşlı qız və oğlanlar müxtəlif dərəcəli güllə yaraları alaraq şikəst oldular. Genosid nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq validyenlərindən birini itirdi. Şəhid olanların 56 nəfəri xüsusi amansızlıqla öldürüldü, 1275 nəfər isə əsir və girov götürüldü.
Həmin vaxt Tomas Qolts adlı amerikalı jurnalist “Azərbaycan xatirələri” adlı kitabında Xocalıda öldürülənlər haqqında bunları yazırdı:”Öldürülən qadınların bir neçəsi hamilə, uşaqların 43-ü azyaşlı, biri isə ikigünlük körpə idi.
Yaralıların bəziləri yandırılmaqla, bəziləri isə üstündən hərbi texnika ilə keçməklə öldürülmüşdü”.
Fransanın addımı bizi silkələməlidir
Bəs biz necə ötən 20 il ərzində Azərbaycan dövləti, xalqı olaraq bu soyqırım aktını dünyaya tam gerçəyi ilə tanıtdıra bilmişikmi? Bu günlərdə Fransada “erməni soyqırım”ının inkarına görə cəzanı nəzərdə tutan qanunun qəbulu məsələni yenidən gündəmə gətirdi. Belə bir qanun ilk idi. Amma məsələ burasındadır ki, indiyədək Ermənistan olmayan bir hadisəni tamamilə təhrif edilmiş bir formada 19 ölkənin parlamentində tanıdıb. Indiyədək onlar Fransa, Italiya, Hollandiya, Argentina, Uruqvay, Çili, Almaniya, Yunanıstan, Yunan Kipri, Livan, Polşa, Kanada, Isveçrə, Venesuela, Slovakiya, Vatikan və bir neçə başqa dövlətlərin parlamentində bunu tanıtmağa nail olublar.
Bundan başqa, ABŞ-ın 30 ştatında analoji tanıtmaya nail olublar. Üstəlik, məsələ vaxtaşırı Amerikanın gündəminə gətirilir. Istisna deyil ki, onlar bu prosesi yenə davam etdirəcək, Fransada nail olduqlarını başqa dövlətlərdə də reallaşdırmağa çalışacaqlar.
Bəs biz necə Ermənistanı bu soyqırımdan dolayı suçlu kimi qəbul etdirə bilmişikmi? Nəticə ortada olduğuqdan cavab da aydındır. Bununla biz indiyədək görülən işlərin üzərinə kölgə salmaq niyyətində də deyilik.
Ötən 20 ildə kiçik kompakt disklərdə Xocalı ilə bağlı baş vermiş hadisələrin mahiyyəti, törədilmə faktı bütün dünyaya çatdırılıb. ANS telekanalının çəkdiyi filmlərin, sənədli lentlərin də böyük əhəmiyyəti var.
Bundan başqa, Tomas Foksun “Azərbaycan gündəliyi” adlı ingilis dilindəki kitabı da həqiqətləri ortaya qoyub.
Islam Konfransı Təşkilatında ciddi dəstəyə nail olmuşuq.
Iki il öncə Islam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament Birliyi Konfransının Uqandada təşkil edilən sessiyasında Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verildi.
Pakistan dövlət olaraq Xocalıdakı soyqırımı rəsmən tanıyıb.
Hollandiyada Xocalı soyqırımına abidə qoyulub.
Azərbaycan parlamentinin dünya parlamentlərinə müraciəti olub ki, bunu qətliam kimi tanısınlar.
Amma Xocalı faciəsi Azərbaycanın tarixində elə iz buraxıb ki, bu hadisənin bütün dəqiqliyinədək öyrənilməsinə, faciə ilə bağlı istintaq işinin yekunlaşmasına və beynəlxalq məhkəməyə çıxarılmasına ehtiyac var.
Məsələnin çox tərəfləri açıqdır, şahidlər var. Buna görə də əlimizi yanımıza salıb dayanmalıyıq. Görüləsi xeyli işlər var. Ilk növbədə dövlətin, səfirliklərin, xaricdəki diasporlarımızın hadisəni dünya birliyinə gercək adıyla – soyqırım kimi tanıtdırmaq olmalıdı. Çünki bu hadisələrin beynəlxalq hüquq tərəfindən soyqırım cinayəti kimi tanınması üçün kifayət qədər əsaslar var.
Fransızlar Xocalıda nələrin şahidi olmuşdu?
Bunun üçün dünyada medianın imkanlarından geniş istifadə etmək gərəkir. 20 il öncə Xocalıda soyqırım gözlərilə görən xarici media mənsubları baş verənlərdən dəhşətə gəlmişdi.
Bu gün o yazılar və video-kadrların hamısı durur.
Ilk növbədə həmin kadrların yenidən dünya mediasına çıxarılmasına ehtiyac var. Indi təqdim etdiklərimiz Xocalıdakı soyqırımdan sonra dünyanın nüfuzlu KIV-lərində yer alan yazıların az bir hissəsidir.
Gəlin jurnalist Qədir Nəsirovun müxtəlif mənbələrdən topladığı faktlara nəzər salıq:
Fransalı jurnalist Can-iv Yunet yazırdı: “… Biz Xocalı faciəsinin şahidləri olduq, yüzlərlə həlak olmuş dinc əhali cəsədi gördük – qadın, uşaq qoca və Xocalı müdafiəçilərinin meyitləri. Bizə vertolyort verdilər, amma ermənilər bizim vertolyotu atəşə tutdular. Dəhşətli mənzərə idi. Mən müharibələr haqqında alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm. Amma 5-6 yaşlı uşaqları, dinc əhalini öldürən ermənilər onları üstələdilər. Xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərdə çoxlu yaralılar gördük”.
“Frant Layn Nyus” telekompaniyasının əməkdaşı Rori Patriks Xocalıda olmuşdu. Efirə gedən süjetdə deyilirdi: “Xocalıdakı cinayətkarlığa heç nə ilə haqq haqq qazandırmaq olmaz. Naxçıvanik kəndinin yaxınlığında mən onlarla eybəcər hala salınmış meyit gördüm. Bunlar Xocalının müdafiəçiləri deyildilər, bunlar həmin Azərbaycan şəhərinin dinc əhalisi-ermənilərin güclü atəşi altından çıxıb Ağdama çatmağa can atan və güllələnən uşaqlar, qadınlar, qocalar idi.
“Izvestiya”nın müxbiri V.Belix Xocalı təəssüratlarından belə bəhs edirdi:”… arabir Ağdama sağ girovlara dəyişdirilmiş meyitlər gətirilirdi. Amma gecə vəhşətində belə şey xəyala gətiriləsi deyil: çıxarılmış gözlər, sivrilmiş qulaqlar, soyulmuş dərilər, kəsilmiş başlar… Işgəncələrin həddi-hüdudu yoxdur”.
“Izvestiya” bir xəbər də yaymışdı: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qoca qadının üzünün bir tərəfi kəsilmişdi. Kişilərin baş dəriləri soyulmuşdu”
Böyük Britaniyanın “Sunday Times” qəzeti həmin ərəfədəki saylarının birində erməni əsgərlərinin Xocalıda yüzlərlə ailəni məhv etdiyi yazmışdı. Sonrakı saylarında isə Xocalını belə təsvir etmişdi: “Xocalı münasib vaxtlarda tarlaları əkib-becərən minlərlə azərbaycanlı üçün ev idi. Ötən həftə o şəhər yer üzündən silindi”.
Fransanın nüfuzlu “Le Mond” qəzeti də hadisəni diqqətdən kənarda qoymamışdı: “Ağdamda olan” xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyitlər gördülər. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır”.
Britaniyanın “Tayms” jurnalı Xocalıda baş verən hadisələrdən bəhs edən məqalədə deyilirdi: “Çoxları eybəcər hala salınmışdı, balaca bir qızın isə yalnız başı qalmışdı”
Parlamentin üzərinə mühüm iş düşür
Bu məsələdə Azərbaycan parlamentinin də üzərinə böyük iş düşür. Bu gün Milli Məclisdə ayrı-ayrı dövlətlərin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Onların imkanlarından geniş istifadə edilməlidir.
Türkiyə parlamentində olduğu kimi digər parlamentlərdəki dostlarımızın da öz ölkələrinin qanunvericilərinə Xocalı soyqırımını tanımağı nəzərdə tutan layihələr təqdim etmələrinə nail olmaq lazımdır.
Erməni diasporu özünün əlaqələrindən istifadə edərək, bir sıra dövlətlərin parlamentlərinə qondarma erməni soyqırım”ını tanıtmağa çalışır. Bəzilərində qeyd etdiyimiz kimi buna nail olub, bəzilərində isə ruhdan düşmədən çalışır. Bəs bunu niyə biz etməyək? ABŞ Konqresində Azərbaycanın dostları qrupu fəaliyyət göstərir.
Niyə biz əlimizdə kifayət qədər əsaslar olduğu halda Konqresə oxşar layihələr təqdim etmirik? Qoy illərlə qəbul etməsinlər, ancaq biz üzərimizə düşəni edək.
Iki il öncə Türkiyə-Ermənistan protokollarında ermənilərin iddia etdiyi qondarma erməni soyqırımının birgə araşdırılması nəzərdə tutulurdu. Zamanında Xocalı soyqırımı haqqında həqiqətləri lazımi səviyyədə dünyaya çatdıra bilsəydik, şübhəm yoxdur ki, Türkiyə bu məsələnin də birgə araşdırılmasının protokollara daxil etməkdə israr edərdi.
Soyqırım abidəsi dövlət protokollarına salınsın
Çox vaxt özümüzə haqq qazandırmaq üçün Xocalı soyqırımının indiyədək dünya tərəfindən tanınmamasını ikili standartlarla izah edirik. Bunu inkar etmək olmaz. Təəssüf ki, müasir dünyada hələ də ikili standartlar var. Amma bu, bir çox hallarda bizə ancaq bəhanə üçün lazım olur.
Nəhayət, məni illərdir düşündürən bir məsələylə bağlı təklifimi vermək istərdim. Illərdir Ermənistana gələn hər bir dövlət və hökumət başçısı, o cümlədən digər rəsmi şəxslər mövcud protokola uyğun olaraq qondarma “soyqırım” abidəsinin ziyarətinə aparılır. Oradakı xatirə kitablarına ayrı-ayrı sənət, siyasət adamları, dövlət başçıları öz fikirlərini, münasibətlərini qeyd edirlər. Beləcə, yalanlarını bütün dünyaya çatdırmış olurlar. Bakıda da soyqırım abidəsi mövcuddur. Yaxşı olardı ki, biz də protokol qaydalarımızı dəyişdirək, digər yerlərlə yanaşı qonaqlarımızı Bakıdakı Soyqırım Abidəsinə də aparaq.
Buna ki, ikili standartlar mane olmur.
Xəyal Babayev
Yazı “Mətbuat Şurası və ”Akkord” Sənaye Tikinti Investisiya Korporosiyasının “Qarabağ mövzusu və Xocalı Soyqırımının mediada təbliğinə dəstək” layihəsi çərçivəsində elan etdiyi yazı müsabiqəsinə təqdim edilir.